Ho Şi Min və ya Ho Şi Min (; ) — Vyetnam siyasətçisi.
Həyatı
Siyasi fəaliyyəti İkinci Dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Ho Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Ho Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Ho Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Bu hadisələr regionda marağı olan dövlətlər tərəfindən normal qarşılanmadı. İlk olaraq, Fransa VDR-in yaradılmasını qəbul etmədi. Fransızlar Vyetnam, Laos və Kambocanı birləşdirən Hind-Çin federasiyası planını irəli sürürdü. Lakin bu planın baş tutmasına mövcud şərtlər imkan verə bilməzdi. İkinci tərəfdən, Potsdam konfransının qərarlarına görə Vyetnamda təslim olan yapon qüvvələrinin tərk-silah edilməsi üçün ölkənin şimalına Çin, cənubuna ingilis hərbi qüvvələri yeridilməli idi. Homindançılar Vyetnamda hakimiyyətə çinpərəst qüvvələrin gətirilməsinə çalışırdı. İngilislər isə Fransanın Vyetnama yönəli iddialarını dəstəkləyirdilər.
Fransanın silahlı müdaxiləsi vəziyyəti ağırlaşdırmışdı. 1945-ci ilin 22–23 sentyabrında fransız hərbi hissələri ingilislərin köməyi ilə Sayqonu tutdular, sonra cənubda bəzi şəhər və kommunikasiya vasitələri ələ keçirildi.
Fransanın hərəkətinə VDR cənubda partizan hərəkatını gücləndirmək ilə cavab verdi, o biri tərəfdən sosial və siyasi tədbirlər gördü. 1945-ci ilin noyabrında Hind-Çin kommunist partiyası özünü buraxılmış elan etdi və gizli iş şəraitinə keçdi. Ölkənin bütün qüvvələrini birləşdirən təşkilat- Lyen Vyet cəmiyyəti yaradıldı. Buraya Vyet-minlə yanaşı digər təşkilatlarlar da daxil oldu. Şimali Vyetnamın demokratik liderləri Milli Məclisin və VDR-in fəaliyyətində iştiraka cəlb olundular. Siyasi tədbirlər sırasında yerli hakimiyyət orqanlarının- xalq sovetlərinin təşkili və 1946-cı ilin yanvarında Milli Məclisə seçkilərin keçirilməsini də qeyd etmək lazımdır. Yeni Milli Məclis noyabrda VDR-in konstitusiyasını qəbul etdi.
İqtisadi sahədə islahatlar keçirildi: can vergisi ləğv edildi, az imkanlı təsərrüfatçılar torpaq vergisindən azad olundu, mülkədarlardan icarəyə götürülmüş torpaqlar üçün ödənclər 25% azaldıldı, icma torpaqlarının yenidən bölüşdürüləcəyi bildirildi. Məqsəd yoxsul təbəqələrin timsalında yeni yaranmış hakimiyyətin sosial bazasını möhkəmləndirmək idi.
Fransa ilə münasibətlərdə VDR sazişçilik kursuna üstünlük verdi. Çünki fransız qoşunları həm şimalda, həm cənubda üstün mövqeyə malik idi. Bununla yanaşı, Fransanın da hərbi əməliyyatlardan qaçmaq taktikasını qeyd etmək lazımdır. Bunlar onunla nəticələndi ki, 1946-cı ilin martında Fransa "VDR-i hökuməti, parlamenti, ordusu və maliyyəsi olan dövlət kimi" tanıdı. Bunun müqabilində VDR Fransız İttifaqına girməyə və 5 il müddətinə 15 minlik fransız əsgərinin ölkədə qalmasına razılığını bildirdi. 1946-cı ilin sentyabrında bağlanan sazişə görə Cənubi Vyetnamda əməliyyatların kəsilməsinə qərar verildi. Həmin dövrdə orada millətçi qüvvələr "Koxinxin muxtar respublikası"nın yaradılmasını və dağlı xalqların "muxtariyyəti"ni elan etmişdilər. Bununla ölkənin iki yerə bölünməsinin əsası qoyuldu. Bunun arxasında Fransa dayanırdı. İmzalanan müqaviləyə görə Vyetnam-Fransa münasibətləri haqqında danışıqlar başlamalı idi. Ancaq danışıqlar pozuldu. 19 dekabr 1946-cı ildə hərbi əməliyyatlar başlandı. Fransız birləşmələrinin üstünlüyü özünü göstərdi, 1947–1948-ci illərdə Xanoy və digər şəhər və əyalətlər tutuldu, düzən əyalətlər fransızların nəzarətinə keçdi. VDR hərbi qüvvələri və partizanlar geri çəkilməli oldular. Onlar dağlıq rayonlarda toplanaraq müqaviməti yenidən təşkil etdilər. Buradan VDR qüvvələri düzən rayonlara hücum edirdilər.
Fransız müstəmləkəçiləri avqust hadisələri dövrü taxt-tacdan əl çəkmiş imperator Bao Day ilə danışıqlara başladılar. 1947-ci ildən aparılan danışıqlar 1949-cu ilin martında Vyetnam dövlətinin yaradıldığının elan edilməsi ilə sona çatdı. Dövlətin Fransız İttifaqı daxilində istiqlaliyyəti tanınırdı. Fransa ölkədə hərbi qüvvələr saxlamaq, hərbi bazalar yaratmaq hüququna malik idi, ölkənin siyasi və iqtisadi həyatında üstün mövqelərini saxlayırdı. Vyetnama kapital qoyuluşunda da fransızlara üstünlük vəd edilirdi. 1950-ci ilin martında ABŞ və Böyük Britaniya yeni Vyetnam dövlətini tanıdı və ona iqtisadi və hərbi yardım göstərəcəklərini bildirdilər. Deyilənlər vəd olaraq qalmadı. Vyetnam müharibəsinin sonlarında xərclərin 80%-i ABŞ yardımının hesabına ödənilirdi.
1950-ci ildən başlayaraq Vyetnam hadisələri Vyetnam-Fransa müstəvisindən çıxdı, Qərb-Sovet müstəvisinə keçdi. Bu vəziyyətin yaranması 1949-cu ildə Çində kommunist rejiminin qurulması sayəsində mümkün olmuşdur. Birincisi, Çinin qonşusuna olan maraqlarını reallaşdırmaq istəkləri, ikincisi, sovet–kommunist rejiminin regionda üstünlük uğrunda mübarizə cəhdləri, ÇXR vasitəsilə VDR-ə birbaşa yardım etmək imkanının yaranması Vyetnam-Fransa münaqişəsini beynəlmiləlləşdirən şərtlər oldu.
Həmin dövrdən demokratik Qərb və sosial Şərq ölkələri arasında qüvvələr nisbətində balans yaratmaq uğrunda Avropada gedən mübarizə Asiyaya da keçirildi. Avropanın şərqində qazandığı uğurlardan ruhlanan SSRİ Uzaq Şərqdə fəaliyyətini canlandırmışdı. Çində sosialist rejimi yaradılmışdı. Bu, Qərbin rahatsızlığına səbəb olmaya bilməzdi. Asiyada SSRİ və Çini də rahatsız edən şərtlər yox deyildi. Bunlardan biri ABŞ-nin Cənubi Koreyada mövqelərini qoruyub saxlaya bilməsi, o birisi Fransanın Cənub-Şərqi Asiyada mövqelərini saxlamaq cəhdləri və ABŞ-nin Fransanı dəstəkləməsi idi. Uzaq Şərqdə iki blok arasında gedən mübarizənin iki güclü toqquşması olmuşdur: 1) Koreya müharibəsi; 2)Hind-Çin, konkret olaraq Vyetnam müharibəsi.
1950-ci ilin 30 yanvarında SSRİ, sonra onun müttəfiqləri VDR-i tanıdılar. VDR-ə iqtisadi və hərbi yardımlar edilməyə başlanıldı. İlk tədbir VDR hərbi qüvvələrinin ÇXR ilə həmsərhəd ərazilərindən fransızları uzaqlaşdırması oldu. Əməliyyatın icrasında VDR-ə ÇXR-in yardımını inkar etmək olmaz. Əməliyyatın əhəmiyyəti o oldu ki, VDR-in blokadası yarıldı, ona ÇXR və SSRİ tərəfindən kömək göstərilməsinə yol açıldı. Köməyin nəticəsi idi ki, VDR hərbi əməliyyatlar aparmaq iqtidarına gətirildi, hərbi sursat istehsal edən müəssisələr və əhalini ərzaqla təmin edən infrastruktur yaratdı. Dövlət strukturları yaradıldı. 1951-ci ildə Milli Bank quruldu. Yaradılan müəssisələr dövlətə məxsus idi və Milli Bank tərəfindən maliyyələşdirilirdi. Özəl fabrik-zavodların və fərdi emalatxanaların fəaliyyəti dövlət tərəfindən dəstəklənirdi. Hakimiyyətin xalq tərəfindən, xüsusilə yoxsul kütlələr tərəfindən müdafiə olunmasında misilsiz rol oynamış tədbirlərdən biri fransız torpaq sahiblərinin və hakimiyyətə qarşı çıxan yerli mülkədarların mülklərinin müsadirə edilməsi və müvəqqəti olaraq kəndlilərə verilməsi idi.
Hərbi və beynəlxalq şəraitin VDR-in xeyrinə dəyişməsi Vyetnam kommunistlərini fəallaşdırdı. 1951-ci ilin fevralında Hind-Çin kommunist partiyasının II qurultayı çağrıldı. Partiya leqal fəaliyyətə keçdi. O, Vyetnam Zəhmətkeşlər Partiyası (VZP) adlanırdı. Laos və Kamboca kommunistləri də ayrılıb müstəqil fəaliyyətə başladılar. Onların üçü də öz dövlətlərinin ərazisində fransız müstəmləkəçilərinə qarşı mübarizəni başlıca vəzifə elan etdilər. 1953-cü ildə VDR Milli Məclisində qəbul olunan aqrar islahat haqqında qanuna görə vyetnamlı və fransız mülkədarların müsadirə edilmiş torpaqlarının kəndlilərə verilməsi nəzərdə tutulurdu.
1950–1954-cü illər ərzində fransız komandanlığı VDR qüvvələrini darmadağın etmək məqsədilə bir sıra cəhdlər göstərdi. Bu onunla bağlı idi ki, Koreya müharibəsi alovlanmışdı. SSRİ və ÇXR diqqətlərini bu müharibəyə verirdilər, VDR ikinci plana keçmişdi. Koreya müharibəsi 1953-cü ilin iyulunda başa çatdıqdan sonra SSRİ və ÇXR diqqətlərini VDR-ə yönəltdilər. Vyetnam müharibəsi 1953-cü ilin yazından şiddətləndi. Fransızlar VDR qüvvələrinin müqaviməti ilə qarşılaşırdı. Ən böyük hadisə 1954-cü ilin 7 mayında baş verən döyüşlər oldu. Fransız qüvvələrinin böyük bir qruplaşması Vyetnamın şimalında Dyenbyenfu adlı rayonda Vyetnam qüvvələrinə zərbə vurmaq istərkən acınacaqlı vəziyyətə düşdü. Onlar mühasirəyə alındı və təslim oldular. Dyenbyenfu Vyetnam qüvvələri tərəfindən tutuldu. Cenevrə müşavirəsi və onun nəticələri
Dyenbyenfu məğlubiyyəti Fransanın sülh danışıqlarına razılaşması ilə nəticələndi. Çünki Hind-Çin məsələsi Qərb və Şərq blokları arasında böhranlı vəziyyət yaratmışdı. 1954-cü ilin aprel-may-iyun aylarında Cenevrədə ABŞ, SSRİ, Böyük Britaniya, ÇXR və Fransa xarici işlər nazirlərinin iştirakı ilə Hind-Çində sülhün bərpası üzrə müşavirə çağrıldı. Müşavirənin sonunda 8 ildən bəri davam edən müharibəyə son qoyulması haqqında sənəd imzalandı. Sənəddə nəzərdə tutulurdu ki, Vyetnam ərazisi müvəqqəti olaraq iki yerə bölünür və ayırıcı xətt 17-ci paralelin cənubundan keçir. Şimala doğru VDR-in, cənuba doğru Fransanın və Bao Day hökumətinin qüvvələri yerləşə bilərdi. Vyetnamın birləşdirilməsi məsələsi bütün ölkədə 1956-cı ilin iyulunda keçirilməsi nəzərdə tutulan demokratik seçkilərdə həll edilməli idi. Almaniya və Koreyadan sonra Vyetnam II dünya müharibəsindən sonra iki yerə bölünən üçüncü ölkə oldu.
ABŞ Vyetnam savaşının nəticələrindən regionda möhkəmlənmək üçün faydalanmaq istəyirdi. O, burada müdafiə tədbirlərini qüvvətləndirməyə qərar verdi. Müharibələr göstərdi ki, onlar beynəlxalq mahiyyət daşıyırlar. ABŞ və müttəfiqlərinin fikrincə, cərəyan edən hadisələr SSRİ və digər kommunist ölkələrinin lehinə doğrudur. Bölgə kommunist blokunun nəzarəti altına düşəcəyi təqdirdə SSRİ və ÇXR Sinqapura və Malakka boğazına hakim ola bilərdi. Bu, ABŞ-yə Sakit okean adalarının qorunmasını çətinləşdirərdi. Buna görə ABŞ regionda möhkəmlənmək üçün Tayland, Laos, Kamboca və Cənubi Vyetnama yardımlarını artırırdı.
Ən mühüm tədbir SEATO və ya Manila paktı deyilən Cənub-Şərqi Asiya Ölkələri Müqaviləsi Təşkilatının yaranması oldu. Kollektiv müdafiə sistemi məqsədilə 1954-cü ilin sentyabrında qurulan təşkilat ABŞ, Böyük Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya, Filippinlər, Tayland və Pakistanı birləşdirdi. 1977-ci ilədək fəaliyyət göstərən təşkilatın vəzifəsi ona qoşulan Asiya dövlətləri və Cənub-Qərbi Sakit okean adaları bölgəsini müdafiə etmək idi. Müdafiə bölgəsi İngiltərənin Sinqapurda yaratdığı dəniz müdafiə sistemi ilə birləşirdi.
SEATO-nun yaranması ilə ABŞ və müttəfiqləri SSRİ, ÇXR və müttəfiqlərini Avropanın Atlantik sahillərindən Sakit okean adalarına qədər uzanan ittifaqlar dövrəsinə aldılar. 1952-ci ildə Türkiyə və Yunanıstan NATO-ya girmişdi, arada Yuqoslaviya qalmışdı. 1954-cü ilin 9 avqustunda Türkiyə, Yunanıstan və Yuqoslaviya arasında Balkan İttifaqının imzalanması ilə boşluq dolduruldu.