Şeyx Sultan Əli və ya Şeyx Əli Mirzə Səfəvi () — Səfəviyyə ordeninin rəhbəri. Şeyx Heydərin Aləmşah Bəyimdən olan ilk övladı. I Şah İsmayılın böyük qardaşı. Siyasi gücünə görə çəkinilən Sultan Əli ana tərəfdən qohumları olan ağqoyunlular tərəfindən həbs edilmiş və bir neçə il ailəsi ilə birlikdə Fars əyalətində saxlanılmışdır. O, 1493-cü ildə şahzadə Rüstəm tərəfindən həbsdən azad edilmiş, o və onun adamları da bunun qarşılığında Rüstəmə Baysunqur Yaqub oğlunu məğlub etmədə yardım etmişdir. Lakin bundan bir il keçdikdən sonra Rüstəm də onu özünə təhlükə olaraq görmüş və 1494-cü ildə onun edamına əmr vermişdir. Özünün qaçınılmaz sonunu anlayan Sultanəli ölümündən qısa müddət əvvəl kiçik qardaşı İsmayılı ordenin rəhbəri təyin etmişdir. Nəticədə İsmayıl 1501-ci ildə yeni dövlətin əsasını qoymuş və özünü şah elan etmişdir.

Həyatı Sultanəli Səfəvi Şeyx Heydərin böyük oğludur və anası Aləmşah Bəyim Ağqoyunlu Uzun Həsənin arvadı Dəspinə Xatundan olan qızıdır. Qasım bəy Təbrizə görə, o, 1469/1470-ci ildə Ərdəbil yaxınlığındakı Şaməsbi kəndində dünyaya gəlmişdir.Gilanlı tarixçi Əli Şəmsəddin Lahici Tarix-i Hani əsərində Sultan Əlidən bəhs edərək onun Şeyx Heydərin övladları içərisində ən böyüyü olduğunu qeyd edərək yazır:

Şeyx Heydərin Həsən bəyin qızından doğma övladları içərisində ən böyüyü Sultan Xoca Əli idi. Ondan kiçiyi Sultan İbrahim, ondan da kiçiyi fəqət hər mənada hamısından böyüyü Hz. Şah İsmayıl idi.

Digər dövr müəlliflərindən Qadı Əhməd Qumi də Şeyx Heydərin Aləmşah Bəyim ilə olan evliliyindən doğulan uşaqları barədə yazır ki, bunlardan birincisi Sultan Əli Padşahdır.

Təriqət rəhbəri olması və həbs dövrü O, Şeyx Heydərin 1488-ci ildə Tabasaranda öldürülməsindən sonra atasının yerinə keçmişdir. Əslində, Sultan Heydər Şirvan yürüşünə yollanmamışdan əvvəl böyük oğlu Sultan Əli Mirzəni öz varisi elan etmiş və müridlərinə vəsiyyətində də ona sədaqətli olmağı tövsiyə etmişdi.

Bundan başqa, Sultanəli Səfəvi sülaləsində Padişah titulu daşıyan ilk şəxsdir. Rocer Seyvorinin 1985-ci ildə yazdığına görə, bu, "bu mərhələdə Səfəvilərin həm maddi, həm də mənəvi hakimiyyətə can atdıqlarının bariz göstəricisi idi". Sonrakı tarixçilər tərəfindən Əli Mirzə Səfəviyə verilən Sultan titulunun mənsubiyyəti şübhə doğurur; Əli Mirzə yəqin ki, Rocer Seyvoriyə görə bu titulu özü işlətməyib.

"Tarix-i aləmara-yi Şah İsmayıl"ın müəllifi onun təriqət taxtına oturması barədə yazır:

Sultan Heydər hələ döyüşə yollanarkən özünün Sultan Əli mirzə adlı böyük oğlunu öz varisi və vəliəhdi təyin etmiş, nə etmək lazım olduğu haqqında onun qulağına nəsihətlər demişdi.

Əli Mirzə Ərdəbildə atası üçün matəm mərasimi təşkil etdi və istər Səfəviyyə təriqətinin sufiləri, istərsə də şəhər əhalisi onun başına toplanıb, öz sədaqətlərini izhar etdilər. Həsən bəy Rumlu bu barədə yazır:

Sultan Heydərin şəhid olmasından sonra sufilər toplanaraq, İsgəndər şanlı xaqan kiçik yaşında olduğu üçün Sultan Əli padşahı xilafətə təyin etdilər. O həzrətin səltənətinin avazı iradət sahiblərinin (müridlərin) qulağına çatdıqda, özlərini darülirşad Ərdəbilə yetirib ali büsata əyilməklə iftixar və baş ucalığı əldə etdilər.

Ərdəbil xanəgahının nüfuzunun artması uzaq ərazilərdən də buraya təriqət tərəfdarlarının axınına səbəb oldu. Nəticədə Ağqoyunlu şahı Sultan Yaqub hakimiyyət üçün təhlükə törədəcəyindən qorxuya düşdü. Sultan Yaqub şübhə etmirdi ki, Sultan Əli Mirzə güclənsə atasının qisasını almaq fikrinə düşə bilər. Bu isə Sultan Yaqubun həyatı üçün yeni bir təhlükə ola bilərdi. Bu təhlükənin aradan qaldırılması üçün Sultan Əli Mirzənin öldürülməsi də mümkün idi. Amma mövcud məlumatlara görə, Sultan Yaqub bacısına, yəni Sultan Əli Mirzənin anası Həlimə bəyimə olan ehtiram üzündən onu öldürmək fikrindən daşındı. Amma qərara gəldi ki, Sultan Heydərin Ərdəbildə qalmış bütün ailəsini sürgünə göndərsin. Nəticədə o əmr etdi ki, bir qoşun dəstəsi Ərdəbilə yola düşsün və burada Şeyx Heydərin xanımı və uşaqlarını həbs edərək Fars vilayətinə aparsın. Buranın hakimi Mənsur bəy Pornaka da tapşırıldı ki, onları İstəxr qalasında həbs etsin. Sultan Əli Mirzə və qardaşlarının İstəxr qalasında həbsə salınma tarixləri barədə mənbələrdə fikirlər müxtəlifdir.

Tarix-i Cahan-ara, Riyazüs-Siyaha əsərlərinin müəllifləri onların 1488–1489-cu ildə Mənsur bəy Pornak tərəfindən İstəxr qalasına salıdıqları haqqında həm fikirdirlər. Digər tərəfdən Hüseyn Astrabadi isə onların 1493-cü ildə azad olunduqlarını yazır. Şərəf xan Bidlisi bildirir ki, uşaqlar yaşca kiçik olduğuna görə Sultan Yaqub onları öldürmədi və ilk əvvəl Əxtəmər qalasına oradan İstəxr qalasına sürgün etdirdi. Bu fikir Lokart, Sara Aşurbəyli, Süleyman Əliyarlı kimi tarixçilər tərəfindən də dəstəklənir. Onu da qeyd etmək lazımdır ki, Şeyx Heydərin sadəcə Aləmşah Bəyimdən olan övladları sürgünə göndərilmişdi. Digər övladları isə sərbəst idilər.

Bu hadisə İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" əsərində daha ətraflı təsvir edilmişdi.

Bu xanədanın sədaqət və səmimiyyət mülkünün fatehləri olan səadət nişanlı sufiləri o dinpərvər və ədalətli sultanın ali nəsilli övladlarının həyatda qalıb ömür sürməsini eşitdikdə səmimi addımlarla arzu-dilək yolunda irəliləyərək, uğurlu bəxtin köməyi ilə gündən-günə Ərdəbil vilayətinə toplanıb, yaşı etibarilə irşad və səltənət taxtına [çıxmaq] ləyaqətinə çatmış Sultan Əli padşah həzrətlərinə tabe olaraq, ona sədaqət izhar etdilər. Onlar müharibə və qoşun çəkmək üçün hazırlaşmağa başladılar. İşarə və xəbərçilik edənlər Sultan Yaquba xəbər verdilər ki, Sultan Heydərin böyük oğlu səadət meyvəsi vermiş atasının yerində oturmuşdur və tezliklə onun dövlət bayrağı çox yuxarı qalxacaqdır. Sultan Yaqub haqq yolunu, aradakı qohumluğu və abır-həyanı nəzərə alıb, yüksəkrütbəli şahzadələrin hörmətli anası olan və Aləmşah bəyim adlanan böyük bacısı Həlimə bəyimdən utanaraq, Sultan Heydərin oğullarını öldürmədi. Lakin o, cahcalallı əmirlərdən birini türkmanların böyük bir dəstəsi ilə Ərdəbilə göndərdi ki, o səadət dənizinin dürlərini ələ keçirərək, Fars vilayətindəki İstəxr qalasına aparsın, o diyarın hakimi Mənsur bəy Pornaka tapşırsın ki, o qalada ömür keçirsinlər. Sultan Əli padşah vaxtın məsləhətini onda gördü ki, bir müddət ayağını salamatlıq ətəyinə çəksin və zəmanə ilə uyğunlaşsın. Nəhayət, o, böyüklü-kiçikli hər şeyi yaradana təvəkkül edərək, [Sultan Yaqubun göndərdiyi] həmin çoxsaylı dəstənin müşayiəti ilə, hörmətli anası və əziz qardaşları ilə birlikdə İstəxrə tərəf yola düşdü, Siddiq (Yusif peyğəmbər) kimi qorxulu zindanda sakit oturdu və zəmanənin cəfa və möhnətinə qatlaşdı. Sözün qısası, Mənsur bəy Pornak fərmanı icra edərək, o xilafət xanədanının övladlarını qalada saxladı, lakin əqidə və sədaqət yolu ilə hərəkət edərək, o yüksək məqamlı rəhbərin balalarına xidmət etməyi özünə vacib bildi.

Həbsdən çıxması Bu hadisədən 2 il sonra Sultan Yaqub Qarabağda ikən dünyasını dəyişdi. Beləliklə Ağqoyunlu daxilində hakimiyyət uğrunda mübarizə başladı. Sufi Xəll və Sultan Yaqubun Mosullu boyundan olan əmirləri 1 il 8 ay müddətində hakimiyyətdə qala bilən Baysunquru taxta çıxardılar. Digər tərəfdən Mirzə Məsihi taxta çıxarmaq istəyən Bayanduri və Pornak boyları ilə Maqsud bəyin oğlu Rüstəm bəyi dəstəkləyən digər əmir və boylar arasında mübahisələr yarandı. Bunun nəticəsində Məsih Mirzə və Sultan Xəlilin oğlu Əli Mirzə Rüstəm Mirzə tərəfindən sui-qəsd ilə öldürüldü.

Bayanduri şahzadələrindən olan Dana Xəlil və Aybə Sultanın oğlunun əli ilə sərbəst qalan Rüstəm Mirzə 1492-ci ildə Təbrizdə taxta çıxdı. Baysunqur məğlub olub Şirvana qaçsa da hakimiyyət iddiasından heç də əl çəkməmişdi. Ona qarşı mübarizənin səmərəli şəkildə aparılması üçün Rüstəm Mirzə həbsdə olan Səfəvi xanədanı nümayəndələri ilə əməkdaşlıq yaratmaq fikrinə düşdü.

Münşi yazır:

Nəhayət, xeyirxah adamların məsləhəti ilə belə qərara gəldi ki, xilafət səmasının parlaq ulduzlarını (Şeyx Heydərin oğullarını) İstəxr qalasından çıxararaq, rəhbərlik və sərdarlığa layiq olan Sultan Əli Mirzənin əzəmətli bayrağını şaha layiq tərbiyə yolu ilə qaldırsın və Baysunqurun fitnəsini dəf etmək, ata və babasının qanını almaqdan ötrü onu Şirvan tərəfinə göndərsin.

Baysunqurla münaqişədə iştirakı Bundan sonra Rüstəm Mirzə xüsusi bir dəstəni Sultan Heydərin övladlarının ardınca göndərdi. Qoşunlarının böyük bir hissəsi ölkə daxilində baş verən üsyanların yatırılmasına vəzifələndirildiyi bir zamanda qızılbaş qüvvələrinin xidmətinə böyük ümidlər bəsləyən Rüstəm Mirzə 1493-cü ilin yazında Təbrizə yetişən Sultan Əli Mirzəni çox böyük təntənə ilə qarşıladı. Rüstəm Mirzə ona belə dedi: Sənə qarşı etdiyim arxada qalsın, inşaallah ki, onları düzəltməyə çalışacağam. Sən mənim qardaşımsan, məndən sonra padşahlıq sənə məxsusdur.

Aləmara-yi Şah İsmayılın müəllifi yazır ki, Rüstəm ona Sultan Əli padşah ləqəbini verdi və bildirdi ki, ona daha "Mirzə" yox, "padşah" deyə müraciət etmək istəyir.

Təbii ki, bu təmtəraq və bütün bu mərasim hiylə xarakteri daşıyırdı və Səfəvilərin Baysunqura qarşı döyüşə cəlb edilməsi planının tərkib hissəsi idi. Öz növbəsində Sultan Əli, Baysunqura və şirvanşaha qarşı mübarizədə Rüstəm padşahla ittifaqa girdi. Bunu eşidən Səfəvi təriqət mənsubları öz mürşidlərinin bayrağı altında müharibədə iştirak etmək üçün hər tərəfdən axışıb gəlməyə başladılar.

Sultan Əli ətrafında sufi müridlərinin toplaşdığı bir vaxtda Baysunqurun Ağqoyunlu üzərinə hücumu barəsində məlumat alındı. Bu məlumat alınan kimi Rüstəm Mirzə də müharibəyə hazırlıq əmri verdi. Rüstəm Mirzə ilə Baysunqur arasında hakimiyyət uğrunda növbəti qarşıdurma Baysunqurun təşəbbüsü ilə başlandı. Rüstəm Mirzə tərəfindən həm hakimiyyətə sədaqətli olan qüvvələrə, həm də Sultan Əliyə bu qarşıdurmaya hazırlaşmaq haqqında göstəriş verildi. Bəzi tarixi ədəbiyyatda Baysunqura qarşı göndərilən hərbi qüvvələrin baş komandanı kimi Sultan Əlininin təyin edildiyi bildirilir.

Rüstəm Mirzə bununla iki məqsədini həll etmək istəyirdi:

Döyüşə öyrəşmiş Səfəvi müridlərini Baysunqurun əli ilə ortadan qaldırmaq və təhlükəni bərtəraf etmək. Baysunqurun bütün hərbi gücünü Səfəvi tərəfdaşları ilə döyüşdə tükətmək. Bununla da Baysunqurun Rüstəm Mirzə üzərinə yürüş edəcək hərbi qüvvəsi qalmayacaqdı.

Rüstəm Mirzə qoşunların baş komandanı vəzifəsinə özünün tanınmış sərkərdəsi Aybə sultanı təyin etdi və Sultan Əlini də onun tabeliyinə verdi. Aybə sultanın sərəncamında 20 min nəfərlik qoşun dəstəsi var idi. Bütün qoşun dəstəsinin 30 min nəfər olduğu üçün, çox güman ki, bu qoşundan 10 min nəfəri sufi müridləri idilər və Sultan Əlinin rəhbərliyi altında döyüşə qoşulmuşdular. Bir digər mənbədə göstərilir ki, Sultan Əlinin sərəncamında 11–15 min nəfərlik qızılbaş toplanmışdı.Məsələyə şirvanşah da qarışdığı üçün Sultan Əli və onun döyüşçüləri təkcə "Baysunqurun fitnəsini dəf etməyə" deyil, həm də Şirvanda qətlə yetirilmiş Səfəvi şeyxlərinin qanını almağa gedirdilər.

Səfər hazırlıqları başa çatandan sonra Ağqoyunlu qoşunları ilə Səfəvi qüvvələri Təbrizdən Qarabağa doğru hərəkətə başladılar. Rüstəm Mirzə iki gün ərzində qoşunları müşayiət etdi və sonra geri döndü. Qoşunlar isə öz yolunu Ərdəbildən saldılar. Sultan Əli Ərdəbil xanəgahına gələrək burada öz yaxınları və müridləri ilə görüşdü və sonra Baysunqurla döyüşə yola düşdü.

Tərəflərin qüvvələri Araz çayı sahillərində bir-biri ilə rastlaşdılar. Amma bu qüvvələr Araz çayını keçməyə cəsarət etmədilər. Tərəflər Araz çayının müvafiq sahilində düşərgə salaraq bir neçə gün bir-birini müşahidə etdilər və sonra da döyüşə başlamayaraq geri çəkilməyi üstün tutdular. Baysunqur Şirvanşah Fərrux Yasar ilə, Sultan Əli isə Aybə sultan ilə birlikdə geri qayıtdı. Münşi yazır: