Aləmşah bəyim () — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin həyat yoldaşı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası.

Adı Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır.

Həyatı Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV İohannın qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir.Şərəf Xan Bitlisi ―Şərəfnamə, II cild, s. 133–134

Ağqoyunlular tərəfindən təzyiqlər Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş vermişdir. Yürüş zamanı o, Şirvan torpaqlarından keçərkən Şirvanşahların müxalifəti ilə qarşılaşmışdır. Tabasaran adlanan yerdə Şirvanşah və Ağqoyunlu ordularının birləşməsi ilə baş vermiş döyüşdə Şeyx Heydər öldürülmüşdür. Ağqoyunlular Heydər öldürüldükdən sonra onun başının kəsilməsini əmr etmişdirlər. Onun başı daha sonra Təbrizdə basdırılmışdır. Onun oğlu I İsmayıl sonradan hökmdar olduğu zaman atasının Tabasarandakı və Təbrizdəki qalıqlarını bir yerə gətirərək Ərdəbildəki məqbərədə dəfn etdirmiş və bu yer ziyarətgaha çevrilmişdir. Heydərin öldürüldüyü yer atası Şeyx Cüneydin 1460-cı ildə öldürüldüyü yerdən uzaq deyildi.

Şeyx Heydərin öldürülməsindən sonra onun tərəfdarları Aləmşah Bəyimdən olma böyük oğlu Şeyx Sultan Əlinin ətrafında birləşməyə və ona atasının qisasını almağı təlqin etməyə başlamışdılar. Bunun nəticəsində Aləmşah Bəyimin qardaşı olan Ağoyunlu hökmdarı Sultan Yaqub Səfəvi təriqətinin güclənməsindən və onun öz hakimiyyətinə təhlükə yaradacağından çəkindiyi üçün bacısı və ailəsini həbs etdirmişdir. Ailə ilk öncə Akdamar qalasında, daha sonralar isə Şirazdakı İstəxr qalasına salınmışdır. Yaqub bacısı olan Aləmşah Bəyimin müdaxiləsi olmasaydı, yəqin ki, Heydərin ailəsini edam edəcəkdi.

Aləmşah Bəyim 4 il ailəsi ilə birlikdə həbsdə keçirdikdən sonra 1493-cü ildə Rüstəm Mirzə tərəfindən həbsdən azad edilmişdir. Belə ki, Yaqubun 1490-cı ildə ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şahzadələr arasında mübarizə başlamışdı və Rüstəm Baysunqura qarşı mübarizədə Səfəvilərin gücündən yararlanmaq istəyirdi. Bunun qarşılığında, Rüstəmin Sultanəlini özündən sonra taxta çıxacağını söz verdiyi bildirilir. 1493-cü ildə Rüstəm Səfəvilərin dəstəyi ilə Baysunquru məğlub etmiş, lakin 1494-cü ildə anlamışdır ki, bu dəfə də Sultan Əli onun hakimiyyətinə qarşı real təhlükədir. Buna görə də, onun əmri ilə Sultanəli Mirzə və qardaşlarının həbs edilməsi əmr edilmişdir. Sultanəli və qardaşları kiçik qüvvə ilə Rüstəmin düşərgəsindən qaçmağı bacarmışdır və Ərdəbilə doğru hərəkət etməyə başlamışdırlar. Bununla belə Rüstəm onların Ərdəbildə öz adamları ilə birləşməsinin nə dərəcədə təhlükə yarada biləcəyindən xəbərdar idi, buna görə də, onları təqib etmək üçün ordu göndərmişdir. Döyüşdə Aləmşah Bəyimin böyük oğlu Sultan Əli öldürülmüş və kiçik oğlu İsmayıl Mirzə tərəfdarları tərəfindən gizlədilərək varis elan edilmişdir. Sultan Əlinin cəsədi Ərdəbilə gətirildiyi zaman Aləmşah Bəyimin uzun müddət cəsəd üzərində ağladığı və özünün də Ağqoyunlu olmasına baxmayaraq, bütün sülaləyə qarğışlar etdiyi, oğlunun qisasının tez bir müddətdə alınmasını dilədiyi bildirilir. Bundan qısa müddət sonra Ağqoyunlu ordusu Ərdəbilə daxil olmuş, təriqət tərəfdarlarının evlərini yağmalamışdır. Bu zaman Şeyx Heydərin evində olan Aləmşah Bəyim ərinin evinin yağmalanmasına şahidlik etmişdir. Ev Ağqoyunlu komandiri Əlixan Soltan Cəgirlinin əmri ilə, o dərəcədə yağmalanmışdır ki, geridə bir dinarın belə buraxılmadığı və Aləmşahın təriqət tərəfdarlarının gecələr gətirdiyi yardımlarla keçinməyə məcbur olduğu yazılır. Bu zaman Aləmşah Bəyimin iki oğlu da ərinin tərəfdarları tərəfindən gizlədilmişdi və o, onların yeri barədə məlumatsız idi. Oğlanları gizlədən, Ərdəbilin Rumlular məhəlləsində yaşayan və Zülqədər elinə mənsub olan həkim Aba Cərraha onun iztirabına son vermək üçün oğlanlarının onunla və yaxşı olduqları məlumatını verir. Bütün şəhəri axtaran və oğlanları tapmaq barədə Ağqoyunlu hökmdarı Sultan Rüstəmdən qəti əmr alan Eybə Sultan onları tapa bilmir və yerlərini öyrənmək üçün Aləmşah Bəyimə işğəncə vermək istəyir. Lakin Quranda Bəqərə surəsinin 233-cü ayəsində keçən "heç bir ana uşağı səbəbiylə zərərə məruz qalmasın" sözünə görə bu fikirdən daşınılır. İsmayıl və İbrahimi gizlədənlər bunun çox da təhlükəsiz olmadığı qərarına gəlirlər və Aləmşah Bəyimlə məsləhətləşdikdən sonra oğlanlarını Lələ Hüseyn bəy Şamlı Gilana aparmaq tapşırığını alır.

İsmayıl Mirzə 1499-cu ildə Lahicandan çıxaraq Ağqoyunlu dövləti üzərinə yürüşə başladığı zaman Aləmşah Bəyim ona Ərdəbildəki vəziyyət barədə məlumat göndərmiş, Ərdəbilin Ağqoyunlu hakimi Əlixan Soltan Cəgirlinin ona Qaradərə deyilən yerdə pusqu qurduğunu bildirmiş və oğlunu bəlkə də ölümdən xilas etmişdir. Bundan başqa, oğluna Ərdəbilə gəlmək üçün 6 ay sonra yola çıxmağı məsləhət görmüş və İsmayıl anasının bu məsləhətinə əməl etmişdir.

Həyatı barədə mübahisələr Səfəvi mənbələrinin çoxu İsmayılın özünü şah elan etməsindən sonra Aləmşah Bəyim barədə elə bir məlumat verməməkdədir. Bu onun həyatı barədə mübahisələrə səbəb olmuşdur. Tarixçi Namiq Musalı bunu dövrün adətləri ilə əlaqələndirir və bildirir ki, əgər XV əsrin axırlarında Səfəvi ailəsinin başına gəlmiş faciəli hadisələrlə bağlı istər-istəməz mənbələr ondan bəhs etməyə məcbur olsalar da, İsmayılın şah olmasından sonra buna ehtiyac qalmamışdır. Çünki dövrün adətlərinə görə, əgər vacib ehtiyac yoxdursa, şahın hərəmi, qızları, arvadları və anası barədə məlumat verilmirdi.

Səfəvilər ilə Osmanlı imperiyası düşmən olduğu üçün o dövrün mənbələrində Aləmşah Bəyim üçün ağılagəlməz ifadələr yazılmış və olmayan hadisələr baş vermiş kimi göstərilmişdir. Belə iddialardan biri Sofyalı Şeyx Bali tərəfindən Osmanlı baş vəziri Rüstəm paşaya yazılmış məktubda səsləndirilmişdir. Məktubda verilən məlumatlar tarixi hadisələrlə uyuşmamaqla birlikdə, onu üzə çıxaran tarixçi Tufan Gündüz tərəfindən də məlumatların yanlış olduğu bildirilmişdir. Nezmi-zâde Murteza adlı müəllif tərəfindən 1717-ci ildə yazılmış “Gülşen-i Hulefâ” və III Mustafanın hakimiyyəti dövründə yazılmış “Zuhûr-i Devlet-i Safeviyân” əsərində də başqa motivli iddialar səsləndirilsə də, bu iddiaların hamısı Musalı tərəfindən əsassız olduğu bildirilmişdir. O, bu iddiaları daha çox Səfəvi ilə Osmanlı arasında olan düşmənlik ilə əlaqələndirmişdir.

Bir digər iddia isə Aləmşah Bəyimin xristian olması iddiasıdır. Bilindiyi kimi onun anası xristian olmuş və bəzi müəlliflər bunu əsas gətirərək onun da xristian olduğunu irəli sürmüşdürlər. Halbuki Aləmşah Bəyimin Ərdəbildəki məzar daşı başdan-başa islami yazılar və Qurandan ayələrlə doldurulmuşdur. Həmçinin dövrün mənbələrinin yazdığına görə, onun əri Şeyx Heydər xristianlara nifrət etmişdir. və belə olduğu halda, onun xristian olması ehtimalı olduqca zəifdir.

Aləmşah Bəyimin ölümü barədə dəqiq məlumat yoxdur. Erməni mənbələri onun əri Şeyx Heydər ilə birlikdə qardaşı Sultan Yaqub tərəfindən zəhərlənib öldürüldüyünü yazırlar. Erməni din adamı Təbrizli Arakel 1662-ci ildə yazdığı "Tarixlər Kitabı" adlı əsərində bu hadisəni belə təsvir edir: Şeyx Heydər ilə Sultan Yaqubun bacısından bir oğlan dünyaya gəldi və ona İsmayıl adı verildi. Bu Heydər və arvadı hakimiyyəti ələ keçirmək üçün Sultan Yaqubu zəhərləməyə çalışdılar. Onlar bunun üçün hökmdarı nəzakətlə yeməyə dəvət etdilər və ona zəhərli yemək verdilər. Yaqub yeməyi yedikdən sonra onun zəhərli olduğunu hiss etdi və onları da yeməkdən yeməyə məcbur etdi. Onların üçü də - həm Sultan Yaqub, həm Şeyx Heydər, həm də Aləmşah Bəyim - birlikdə öldülər.

Bir digər erməni mənbəyi Zəkəri Kanakertsi də hadisəni belə təsvir etməkdədir. Erməni salnaməçilərin verdiyi bu məlumatların tamamilə yanlış olduğu ortadadır. Sultan Yaqubun saray tarixçisi olan Fəzlullah ibn Ruzbihan Xunçinin verdiyi məlumatdan aydındır ki, Şeyx Heydər 9 iyul 1488-ci ildə Şirvanda, Yaqub isə 24 dekabr 1490-cı ildə Qarabağda ölmüşdür. Aləmşah Bəyim isə qardaşı və ərinin ölümündən sonra da uzun müddət həyatda olmuşdur. Elə bu səbəblərə görə də, həm Namiq Musalı, həm də məşhur tarixçi Vladimir Minorski erməni müəlliflərin bu iddialarını absurd adlandırır.

XXI əsrdə, xüsusən Türkiyə gündəmində Reha Çamuroğlunun "İsmayıl" və İsgəndər Palanın "Şah və Sultan" adlı əsərlərində, başqalarının akademiklik ərz etdirməyən köşə yazılarında İsmayılın 1501-ci ildə Təbrizi ələ keçirdikdən sonra həm Ağqoyunlu sülaləsinə aid olduğu, həm də sünniləri müdafiə etdiyinə görə anasını öldürdüyü yazılmışdır. Bu iddiaların mənbəyi olaraq isə Şah İsmayıl dövrünə aid Venesiya səyahətnamələrinə istinad edilməkdədir. Namiq Musalı bu dövrə aid üç əsas venesiyalı müəllif olan Katerino Zeno, Ciovan Maria Angiolello və adının Françesko Romano olduğu düşünülən bir tacir olduğunu yazır. O, bu üç şəxsdən ən əsasının Venesiyanın Ağqoyunlu sarayındakı nümayəndəsi olan Katerino Zenonun xatirələrinin ölümündən sonra qardaşı oğlu tərəfindən Venesiyada, 1873-cü ildə İngiltərədə, 1970-ci ildə İranda və 2006-cı ildə İstanbulda nəşr edildiyini yazır və əlavə edir ki, hər 4 dildəki əsərin qarşılaşdırılması zamanı türkcə tərcümədə böyük yanlışlığa yol verildiyi bəlli olur. Bu yanlışlıq nəticəsində İsmayılın anası Aləmşah Bəyimi öldürdüyü iddia edilmişdir:

Bununla da qalmayaraq, anasının yanına gətirilməsi əmrini verdi. Bu qadın Heydərin ölümündən sonra Dərbənd savaşında şahın tərəfdarları arasında olan qabaqcıl şəxslərdən biri ilə evlənmişdi. Ona təhqiramiz sözlər dedi, xəyanət etdiyi üçün onu qınadı, nəhayət belə bir alçaqlıq və uyğunsuz bir qadının atasının haqqına bir az da olsa hörmətsizliyindən dolayı başını kəsməyi əmr etdi.

Bunu qeyd etdikdən sonra Namiq Musalı digər dillərdəki orijinal qeydləri də göstərərək sübut edir ki, burada sözügedən qadın İsmayılın anası yox, bir zamanlar atasının cariyəsi olmuş hansısa başqa qadındır.

Bir digər məşhur türk tarixçisi Faruq Sümər bir italyan mənbəyində - Angiolellonun səyahətnaməsində - İsmayılın anasını öldürdüyü yazıldığını bildirməkdədir. Sümer bunu yazarkən Greyin yayımladığı ingiliscə tərcümənin 105 və 191-ci səhifələrinə istinad etməkdədir. Həqiqətən də həm Angiolelloda, həm də bir digər tacirin yazdığı əsərdə belə bir məlumat verilməkdədir. Lakin Sümerin diqqətindən yayınmışdır ki, Grey Sümerin də istinad etdiyi səhifələrdə bu məlumatın yanlış olduğunu, digər mənbələrlə müqayisəli tədqiqat nəticəsində İsmayılın öz anasını deyil də, atasının hansısa cariyəsini öldürdüyünün bəlli olduğunu qeyd etmişdir. Həmçinin iranlı tarixçi Yusif-Camali Şah İsmayıl ilə bağlı Edinburq Universitetində yazdığı doktorantura tezisində Venesiya mənbələrini incələyərək İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu yazmışdır.

Həm Şah İsmayıl dövründə, həm də ondan sonrakı Səfəvi şahlarının hakimiyyəti dövründə yazılmış əsərlərdə Aləmşah Bəyimdən böyük hörmət hissi ilə bəhs edilməkdədir. Məsələn, Şah İsmayıl yazmış olduğu şeirlərdən birində atasını İmam Əliyə, anasını Həzrəti Fatiməyə, özünü isə 12 imamlardan birinə bənzətməkdədir: Adim Şah İsmayıl, Haaqun sirriyəm, Bu cümlə qazilərin sərvəriyəm, Anamdur Fatimə, atam Əlidür, On İki İmamun mən də piriyəm (biriyəm)

Bəzi mənbələrdə Aləmşah Bəyimin 1501-ci ildən sonra yaşaması barədə açıq məlumatlar vardır. Məsələn, mənbələrə görə, İsmayıl 1503-cü ildə İsfahanı ələ keçirərkən orada xalası Məryəm Bəyimlə qarşılaşmış, o, İsmayıldan bacısını soruşmuş və onun yaxşı olduğu cavabını almışdır.