Osmanlı imperiyası Birinci Dünya müharibəsində — Osmanlı imperiyası, İttifaq dövlətlərindən biri kimi Birinci Dünya müharibəsində iştirak etmişdir.

Müharibə ərəfəsində Balkan müharibələri beynəlxalq vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Bu müharibələr Balkan yarımadasında Türkiyənin ağalığına son qoymaqla yanaşı, Balkan dövlətləri arasında ziddiyyətləri kəskinləşdirdi. Balkan dövlətlərinin arxasında böyük dövlətlər dururdular və bir-biriləri ilə Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparırdılar. Balkan dövlətlərini öz təsirləri altına salmaq uğrunda mövcud qruplaşmalar arasında güclü mübarizə gedirdi.

1913-cü ilin dekabrında general Liman fon Sanders başda olmaqla Türkiyəyə yeni alman hərbi nümayəndəliyi gəldi. Bu nümayəndəliyə Balkan müharibələri dövründə dağıdılmış türk ordusunu yenidən təşkil etmək tapşırılmışdı. Nümayəndəliyin başçısı İstanbulda yerləşən birinci türk korpusunun komandanı təyin edilirdi. Paytaxtda olan türk qoşunlarının alman generalına tabe edilməsi, əslində Almaniyanı boğazların ağasına çevirirdi. Buna görə də general Limanın nümayəndəliyi təbii olaraq Rusiyanın hakim dairələrində güclü həyəcana səbəb oldu. Müttəfiqlər maliyyə boykotu, Bosforda dəniz qüvvələrinin nümayiş etdirilməsi və ya Türkiyənin bəzi limanlarının tutulması yolu ilə Türkiyəyə qarşı müxtəlif təzyiq tədbirləri haqqında Rusiya hökumətinin təklifini də rədd etdilər. Müttəfiqlərdən yardım ala bilməyən çar hökuməti belə bir formal güzəştlə kifayətlənməli oldu ki, general Liman korpus komandanı əvəzinə türk ordusunun baş müfəttişi vəzifəsinin tutsun. Aydındır ki, general Limanın yeni vəzifəsi Türkiyənin hərbi işlərinə onun həlledici təsirini zəiflətmirdi. Çünki alman generalı İstanbul korpusuna daxil olan Skutar diviziyasının rəisi olaraq qalırdı.

Müharibənin ilk günlərindən hər iki tərəf Türkiyəni öz tərəfinə çəkməyə cəhd edirdi. Gənc türklər hökuməti Almaniyaya meyl edirdi. Lakin Türkiyənin Antanta dövlətlərindən maliyyə-iqtisadi asılılığı çox böyük idi. 1914-cü il avqustun 2- də alman-türk ittifaq müqaviləsi imzalandı. Müqaviləyə görə, əgər Rusiya Avstriya-Macarıstan münaqişəsinə qarışarsa, Almaniya Avstriya-Macarıstan tərəfindən müharibəyə qoşularsa, Türkiyə də Rusiyaya müharibə elan etməlidir. Türkiyə ordusunu bütünlüklə Almaniyanın ixtiyarına verirdi. Bununla yanaşı, ittifaq müqaviləsi imzalanandan bir gün sonra Türkiyə özünün bitərəfliyini elan etdi. Bu onunla izah edilirdi ki, Türkiyə hələ müharibəyə hazır deyil.

Osmanlı dövlətinin 1914-cü ilin ortalarındakı xarici siyasətinin qeyri-müəyyənliyi hökumət daxilindəki fikir ayrılığı idi. Belə ki, Ənvər Paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı oduğu halda, maliyyə naziri Cavid bəy başda olmaqla digər bir qrup isə Antanta dövlətləri ilə ittifaq tərəfdarı idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə İngiltərə birlikdə irəli sürdükləri təklifdə Türkiyənin bitərəf qalması müqabilində Osmanlı dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə qarşı çıxacaqlarını bildirdilər. Rusiya və İngiltərənin müştərək təklifinə qarşı Türkiyə aşağıdakı təklifləri irəli sürdü:

1.Kapitulyasiyaların tam ləğv edilməsi;

2.Müharibənin başlanğıcında İngiltərə hökumətinin müsadirə etdiyi iki zirehli gəminin geri verilməsi;

3. Qərbi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi;

4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Türkiyəyə qaytarılması;

5. Misir məsələsinin həll edilməsi;

6. Rusiyanın Türkiyənin daxili işlərinə qarışmamasına təminat verilməsi;

7. Rusiyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə İngiltərə və Fransanın həqiqətən Osmanlı dövlətini müdafiə edəcəklərinə vəd verməsi.

Camal paşa bu təklifləri İstanbuldakı ingilis səfiri Malletə təqdim etmiş, o da öz növbəsində bu təklifləri Londona çatdırmışdı. Üç gündən sonra Mallet Türkiyənin irəli sürdüyü təkliflərə ətraflı cavab verdi. İndiki vaxtda İngiltərə öz müttəfiqlərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv edilməsinə razı ola bilər Türkiyənin adalarla bağlı Yunanıstanla olan mübahisənin müəyyən vaxta qədər təxirə salınması lazım bilindi. Misir məsələsi müharibədən sonra həll edilərsə daha yaxşı olar. Mallet həm də bildirdi ki, rusların Türkiyə üzərinə hücum etmək məqsədi yoxdur, həm də İngiltərə və Fransa Türkiyənin ərazi bütövlüyünə təminat verən memorandum imzalamışlar. Kapitulyasiyaların Osmanlı dövləti tərəfindən ləğv edilməsi ərəfəsində ingilis səfiri Mallet İngiltərə və Fransanın adından Türkiyəni inandırmağa çalışmışdı ki, Rusiyanın Türkiyəyə qarşı təcavüzkar niyyəti yoxdur, əgər Türkiyə ordusu təcili tərxis olunarsa, "Heben" və "Breslau" gəmiləri tərksilah edilərsə, alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttəfiqlər Türkiyənin toxunulmazlığına təminat verər, adalar məsələsini Türkiyənin xeyrinə həll edər, iqtisadi kapitulyasiyalar məsələsində güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər Türkiyə hökuməti tərəfindən Antanta dövlətlərinin zəiflik əlaməti kimi qəbul edildi. İngiltərə Türkiyənin bitərəf qalması üçün çox səy göstərirdi. Sentyabrın 27-də ingilis səfiri bildirmişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa İngiltərə hökuməti müharibənin başlanğıcında müsadirə etdiyi hərbi gəmiləri geri qaytara bilər. Lakin müharibəyə qoşulmaqla daha çox fayda əldə edəcəyini düşünən və getdikcə daha çox Almaniyanın təsiri altına düşən Türkiyə hökuməti İngiltərənin bu müraciətini cavabsız qoydu. 1914-cü ilin iyulun sonunda alman hərbi gəmilərinin Aralıq dənizindən keçib Osmanlıya gəlməsi ölkənin hakim dairələrindəki almanpərəst qrupun mövqeyini xeyli möhkəmləndirmişdi. Türkiyənin ordu və donanması tamamilə Almaniyanın nəzarəti altında idi. Osmanlı oktyabra qədər müharibəyə hazırlaşdı. Oktyabrın 16–17-də alman-türk donanması Odessa, Sevastopol, Feodosiya və Novorossiyski atəşə tutdular. Oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi, ertəsi gün isə ingilislər Dardaneli bombardman etdilər. Asiyada bir neçə yeni cəbhə əmələ gəldi ki, bunlardan başlıcası Qafqaz cəbhəsi idi. Qafqaz cəbhəsində aparılan ən mühüm döyüşlərdən biri Sarıqamış döyüşü olmuşdur. Ənvər paşanın rəhbərlik etdiyi bu döyüşün məqsədi 1878-ci ildə ruslara verilmiş Qars, Ərdahan və Batumu geri almaq idi. Almanlar bunun yerinə Osmanlı qüvvələrinin Qalitsiyaya çıxarılıb Avstriya cəbhəsində vuruşmasını məsləhət vermişdilər. Amma Ənvər paşa qəbul etməmişdi. Bunun da səbəbi o idi ki, türklər bilirdilər ki ruslar tez-gec Qafqaz və İrandakı mövqelərindən faydalanaraq Şərqi Anadolunu işğal etməyə çalışacaqlar. Ənvər Paşa bütün qüvvələri ilə birlikdə döyüşə girdi. Dekabrda üçüncü türk ordusu hücuma başlayıb, rus ordusunun arxasına keçdi. Lakin Sarıqamışın müdafiəsi və Türkiyə qoşun qruplarını cinahlardan dövrəyə alan rus qoşunlarının hərbi əməliyyatı dekabrın axırlarında Türkiyənin bir korpusunun mühasirəyə salınması və digərinin darmadağın edilməsi ilə nəticələndi. Türk ordusu ağır qış şəraitində aparılan bu döyüşdə böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. 1916-cı ilin yazında rus qoşunları bütün Qafqaz cəbhəsi boyunca hücuma keçdi. Müharibənin çətin şəraitdə, dağlarda aparılmasına baxmayaraq, rus qoşunları 1916-cı ilin fevralında Ərzurumu, apreldə isə Trabzonu tutdular və bununla ruslar bütün Şərqi Anadolunu işğal etmiş oldular. Bu tarixdən etibarən türk qoşunlarının zəif qüvvələrlə təşkil olunan hücumları nəticəsiz qaldı. Ərzincan barışığının imzalanmasından sonra rus ordusu işğal etdiyi bölgələrdən çəkilməyə başladı. Hələ Birinci Dünya müharibəsi ərəfəsində Rusiya istifadə etmək üçün "erməni məsələsi"ni yenidən irəli sürmüşdü. Ermənilərin "Daşnakstyun" partiyası "öz milli müqəddaratını təyin etmək" şüarı ilə pərdələnərək Antanta dövlətlərinin, ilk növbədə Rusiyanın əlaltısına çevrilmişdi. Bütün ermənilərin katolikosu 1912-ci ilin payızında II Nikolaya müraciət edərək Osmanlıda yaşayan erməniləri "müdafiə etməyi xahiş etmişdi". Rusiya hökuməti Osmanlıda yaşayan ermənilərdən gələcəkdə bir vasitə kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə söz vermişdi.

Müharibə dövründə