Rusiyada 1917-ci il Fevral inqilabının başlıca siyasi nəticələri Fevral inqilabı Rusiyada yeni hökumətin təşkili ilə nəticələndi. Rusiyanın bütün demokratik siyasi qüvvələrinin fikrincə, ölkənin gələcək müqəddəratı seçkilər vasitəsilə təşkil ediləcək. Müəssislər Məclisində həll olunacağından bu məclisin cağrılmasına qədər bütün səlahiyyətlər həmin yeni hökumətə verilirdi. Öz növbəsində bu hökumətin səlahiyyətləri yalnız Müəssislər Məclisinin cağrılmasına qədər davam edəcəyindən o, Müvəqqəti hökumət adlanırdı. Lakin əslində Müvəqqəti hökumət heç də bu dövrdə tam səlahiyyətlərə malik deyildi. Onunla paralel olaraq seçkili orqan kimi fəhlə, əsgər və kəndli deputatları sovetləri fəaliyyət göstərirdilər. Əksər siyasi partiyaların təmsil olunduğu həmin sovetlər böyük şəhərlərdə xeyli nüfuza malik olduqlarına görə Müvəqqəti hökumətin real rəqibinə çevrilmişdilər.

Sovetlərlə Müvəqqəti hökumət arasında hakimiyyət səlahiyyətlərinin paylaşdırılmaması cəmiyyətdə qeyri-müəyyənlik yaradırdı. Nəticədə onlardan hansının daha çox legitim olması da son dərəcə mübahisəli bir məsələyə çevrilirdi. Bu da Rusiya imperiyasının mərkəzində ikihakimiyyətliliyin meydana çıxmasına gətirib çıxarırdı.

Fevral inqilabından sonra türk xalqları yaşayan bölgələrdə yaranmış ictimai-siyasi vəziyyətin ümumi xüsusiyyətləri Mərkəzdə yaranmış bu vəziyyət həmçinin türk regionlarındakı siyasi duruma da öz təsirini göstərirdi. Bununla yanaşı inqilabdan sonra həmin bölgələrdə yaranmış şəraitlə mərkəzdəki vəziyyət arasında bir sıra prinsipial əhəmiyyətli fərqlər də mövcud idi. Milli məsələ ucqarlardakı siyasi qütbləşmənin təməlində dayanan əsas amillərdən birinə çevrilmişdi.

Türk bölgələrinin müsəlman əhalisi istər Müvəqqəti hökumətin yerlərdəki orqanlarında, istərsə də burada formalaşmış sovetlərdə çox az təmsil olunmuşdular. Digər tərəfdən, inqilabdan dərhal sonra türk xalqlarının özlərinin təşkilatlanması prosesi geniş vüsət almışdı. Bir müddət sonra isə yeni yaranmış müsəlman ictimai təşkilatlarının mərkəzləşdirilməsi prosesi başlanmışdı. Nəticədə həmin mərkəzləşdirilmiş təşkilatlar tezliklə bu bölgələrin mühüm siyasi amilinə çevrilmişdilər. Yerli türk xalqlarının böyük əksəriyyətlə məhz bu ictimai təşkilatları dəstəkləməsi ona gətirib çıxarmışdı ki, yerlərdə mərkəzdəki ikihakimiyyətlilikdən fərqli olaraq üçhakimiyyətlilik mövcud idi. Bu təşkilatlar heç bir rəsmi səlahiyyətlərə malik olmasalar da, bir çox hallarda ictimai-siyasi hadisələrdə daha mühüm rol oynayırdılar. Təsadüfi deyildir ki, inqilabın ilk dövrlərində istər sovetlər, istərsə də Müvəqqəti hökumətin yerli orqanları arasındakı hakimiyyət mübarizəsində hər biri müsəlman ictimai təşkilatlarını öz tərəflərinə çəkmək istəyirdilər. Lakin müəyyən müddətdən sonra, xüsusən də yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə müsəlman ictimai təşkilatlarının demək olar ki, bütün türk-müsəlman bölgələrində qələbə qazanması mərkəzdə bir-birinə qarşı az qala müharibə elan edən sovetlərlə Müvəqqəti hökumət orqanlarının müsəlman ictimai təşkilatlarına qarşı əlbir fəaliyyət göstərməsinə gətirib çıxarmışdı. Bunun səbəbi isə rus siyasi qüvvələri tərəfindən imperiyanın mənafeyinin bütün digər siyasi məqsədlərdən üstün tutulması idi. İmperiya mənafeləri Rusiyanın hətta bir-birinə düşmən münasibət bəsləyən qüvvələrin ümumi imperiya mənafeyi ətrafında birləşməsinə səbəb olurdu.

1917-ci ilin fevralından sonra Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının milli hüquqları uğrunda mübarizəsi hələ XIX əsrin sonlarından etibarən formalaşmağa başlamış milli hərəkatın leqal davamı idi. Nəzəri cəhətdən ittihadi-islam, ittihadi-türk ideyalarının təsiri altında formalaşmış milli hərəkat və onun nəzəri cəhətdən yetkinləşmiş siyasi liderləri üçün yaranmış şəraitdə minimum siyasi tələblər proqramını hazırlamaq çox da çətin məsələ deyildi. Bu tələblər ətrafında hələ XIX əsrin sonlarından müzakirələr keçirilirdi. 1905-1907-ci illər ilk rus inqilabı dövründə Rusiya müsəlmanlarının bir neçə qurultayı keçirilmiş və bu tələblər siyasi platforma kimi aparıcı müsəlman ictimai xadimlərinin fəaliyyət proqramına çevrilmişdi.

Cüzi sapmalar nəzərə alınmazsa ümumrusiya məkanında bütün türk-müsəl man xalqlarının əsas siyasi tələbləri üst-üstə düşürdü. Onlar Rusiyanın gələcək üsul-idarəsinin federativ-demokratik respublika olmasını və bu federasiyada müsəlmanların muxtariyyət hüququnun tanınmasını tələb edirdilər. Lakin eyni zamanda muxtariyyət məsələsinə münasəbətdə müəyyən fikir ayrılığı da mövcud idi ki, bu da öz həllini 1917-ci ilin may ayında Moskvada keciriləcək Umumrusiya müsəlmanları qurultayında tapmalı idi. Lakin bu qurultaya qədər türklərin yerlərdə regional qurultayları keçirilmiş və orada atilacaq ilkin addımlar müzakirə edilib qərarlaşdırılmışdı. Həmin məclislərdə qəbul olunmuş qərarlarda bir sıra ümumi cəhətlər var idi. Bütün regionlarda ilkin vəzifə olaraq türklərin yerli özünüidarə orqanlarında iştirakının təmin edilməsi və Müəssislər Məclisinə keçiriləcək seçkilərə hazırlıq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu dövrdə Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının ictimai-siyasi həyatında digər bir ümumi cəhət ondan ibarət idi ki, bütün bölgələrdə ictimai hərəkat üç əsas istiqamətə şaxələnmişdi. Bunlar: islamçılıq, liberal-demokrat (bir sıra hallarda milliyyətçi) və sosial-demokrat cərəyanları idi. İctimai hərəkatda ümumən liberal-demokrat və islamçılıq cərəyanları arasında, xüsusən də öz müqəddəratını təyin etmə məsələsinə münasibətdə antoqonist ziddiyyətlər olmamışdır. (Bununla belə bir sıra hallarda Azərbaycanda və Dağıstanda məhz bu iki cərəyan arasında rəqabətin ictimai-siyasi həyatın aparıcı amilinə çevrildiyi dövrlər də olmuşdu). Sosialist cərəyanı isə, demək olar ki, bütün türk bölgələrində təmsil olunsa da, sovet tarixşünaslığının bütün iddialarına baxmayaraq, yerli əhali arasında ona meyl zəif idi. Sosialist təşkılatları öz fəaliyyətlərində əsasən bu bölgələr də yaşayan qeyri-müsəlman əhaliyə arxalanırdı. Məhz buna görə də, sosialistlər, xüsusən də bolşeviklər bu bölgələrdə hakimiyyət uğrunda mübarəzədə milli ədavətin qızışdırılmasından bir vasitə kimi istifadə etmişlər. Lakin yerli əhalini təmsil edən ziyalıların az bir qismi sosialist hərəkatına rəğbət bəsləyərək bu hərəkatda iştirak etmişdir.

Türk xalqları yaşayan bölgələrdə yaranmış ictimai-siyasi vəziyyətin fərqli xüsusiyyətləri Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının milli-azadlıq hərəkatın da ümumi cəhətlərlə yanaşı hər bir konkret bölgədə baş verən hadisələrin özünə məxsus xüsusiyyətləri də olmuşdur.

Krım. 1917-ci ilin Fevral inqilabından dərhal sonra Krımda hakimiyyət general-qubernator Ebelov tərəfindən Müvəqqəti hökumətin təyin etdiyi səlahiyyətli nümayəndəliyə verildi. Burada tatarların inqilabdan sonra yaratdıqları ilk milli təşkilat olan Müsəlman Komitəsi 1917-ci il martın 15-də Ağməsciddə (Simferepol) Krım müsəlmanlarının I qurultayını keçirdi. Qurultay yaranmış şəraitdə Krımın müsəlman əhalisinin qarşısında duran vəzifələri müzakirə edərək 50 nəfərdən ibarət “Krım Müsəlmanlarının Mərkəzi İcraiyyə Komitəsi” adlanan qurumu yaratdı. İcraiyyə Komitəsinin ilk iclasında S.D.Xəttatov onun sədri seçildi. Bu quruma ilk növbədə müsəlmanların yerli özünüidarə orqanlarına və Rusiya Müəssislər Məclisinə seçkilərə hazırlığının təmin edilməsi həvalə olundu. Qurultay Krımın milli-ərazi muxtariyyətinin əldə olunmasını Krım tatarlarının əsas siyasi məqsədi elan etdi. Krımın müsəlman əhalisindən fərqli olaraq gəlmələr qəti şəkildə muxtariyyət tələbinin əleyhinə idilər. Nəticədə, tatarlarla qeyri-müsəlman əhali arasinda ciddi fikir ayrılığı yarandı.

Krım müftisi Qıpçaqski vəzifəsindən uzaqlaşdırıldı. Dini idarəyə rəhbərlik Numan Çələbi Cihana həvalə olundu. May ayında o, Krım müsəlmanlarının müftisi seçildi. Cəfər Seyidəhməd Vəqf komissiyasına sədr seçildi. Müsəlman İcraiyyə Komitəsinin ilk qərarı milli təhsilin, ikincisi isə müsəlman hərbi hissələrinin təşkili haqqında oldu. Təhsil haqqında qərara əsasən türk dili yerli məktəblərdə tədris dili kimi təsdiq olundu.

Bundan başqa, vaxtilə müsəlman əhalidən müsadirə olunmuş vəqf torpaqlarının geri qaytarılması tələbi Krım müsəlmanlarının I qurultayında xüsusi müzakirə olundu və Vəqf torpaqları tatar xalqının mülkiyyəti elan olundu. Müsəlman İctimai Komitəsi vəqf torpaqlarının ya geri qaytarılmasını, yaxud da onlardan yığılan gəlirlərin tatar əhali ilə bölüşdürülməsini tələb edirdi.

Qurultayın qərarlarının təsiri altında Krımın ayrı-ayrı yerlərində müsəlmanların təşkilatlanması prosesi geniş vüsət aldı. Simferopol, Yevpatoriya, Baxçasaray, Perekop və Kozlovsk şəhərlərində tatarların milli komitələri təşkil olundu. Həmçinin siyasi partiyaların yaranması prosesi də gedirdi ki, bunların ən nüfuzlusu 1917-ci ilin iyulunda təşkil olunmuş “Milli firqə” idi.

Krım tatarlarının getdikcə güclənən milli-azadlıq hərəkatından qorxuya düşən Müvəqqəti hökumətin yerli orqanları milli hərəkata qarşı repressiv tədbirlərə əl atdılar. Birinci Dünya müharibəsi cəbhələrindən qayıdan, bolşevik təbliğatının təsiri altında nizam-intizamını itirmiş rus hərbi hissələrinin Krımın tatar əhalisinə qarşı soyğunçuluq hallarına gətirib çıxaran açıq-aydın qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirirdi. Müvəqqəti hökumət orqanları bu halların qarşısını almaq əvəzinə, əksinə vəziyyətdən öz xeyrinə yararlanmağa çalışırdı. Bu isə Müsəlman İcraiyyə Komətəsini təcili tədbirlər görməyə vadar etdi. 1917-ci ilin iyul ayında ilk milli Krım tatar batalyonu təşkil edildi və Krımın tatar əhalisinin tələbi ilə Müvəqqəti hökumət tərəfindən qanuni hissə kimi tanındı. Lakin Krımda kadetlərin nəzarəti altında olan yerli hakimiyyət orqanları hər yolla buna mane olmağa çalışırdılar.

1917-ci il iyulun 24-25-də Krım tatarlarının ictimai təşkilatlarının böyük yığıncağı keçirildi. Məclis Müvəqqəti hökumət qarşısında Krım quberniya komissarı kadet Boqdanovun vəzifəsindən azad edilməsi barədə məsələ qaldırdı. Eyni zamanda Məclis Quberniya İctimai İcraiyyə Komitəsi tərkibinə Krımın hər qəzasından bir nümayəndə olmaqla altı nəfər tatarın daxil edilməsi tələbini irəli sürdü.

Volqaboyu. 1917-ci il mart ayının əvvəllərində Ufada “Müsəlmanlar arasında vətənpərvərlik ideyalarını yayan komitə” adlı təşkilat yaradıldı. Komitə türk-tatar xalqlarının birliyi ideyası ilə cıxış edirdi. Tezliklə bütün Ufa quberniyası ərazisində bu komitənin şöbələri formalaşdı. Komitə yaranmış ikiakimiyyətlilik şəraitində mədəni-milli muxtariyyət şərti ilə Müvəqqəti hökuməti dəstəkləyəcəyini bəyan etdi.

1917-ci il aprelin 14-17-də Ufada bu komitənin təşəbbüsü ilə quberniya müsəlmanlarının I qurultayı keçirildi. Qurultayda əksəriyyəti təşkil edən tatar ziyalılarının təkidi ilə mədəni-milli muxtariyyətin dəstəklənməsi, tatar dilinin yerli dövlət müəssisələrində rəsmi yazışma dili kimi tanınması, həmçinin ibtidai məktəblərdə təhsilin milli dildə aparılması haqqında qərarlar qəbul edildi. Qurultayda eyni zamanda, bölgənin aktual problemlərindən olan torpaq məsələsi də ciddi müzakirə obyekti oldu. Başqırdlar votçina torpaqlarının başqırd kəndlilərinə paylanması və başqırd icmalarının ehtiyat torpaqlarının satışının dayandırılmasını tələb edirdilər. Bu məsələ ilə əlaqədar qurultayın qəbul etdiyi qərarda göstərilirdi ki, bütün udel, monastır, xəzinə, vəqf və mülkədar torpaqları pulsuz olaraq xalqa verilməlidir. Eyni zamanda qeyd olunurdu ki, aqrar məsələ Müəssislər Məclisində həll olunanadək yerlərdə “torpaqların zorakılıqla ələ keçirilməsi halları yolverilməz” sayılmalıdır. Son olaraq qurultayda Quberniya Müsəlman Milli Şurası yaradıldı. Bununla əlaqədar Müsəlmanlar arasında vətənpərvərlik ideyaları yayan komitənin (mart 1917-də yaradılmışdı) işinə xitam verildi.