Qəhrəman Qəhrəmanzadə() — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974).
Həyatı
İlk illəri Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə 1913-cü ildə martın 22-də Qaradağ mahalında, Vərdin kəndində anadan olub. 1920-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Gəncədə 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirdikdən sonra 1928-1931-cü illərdə Bakı Pedaqoji Texnikumunda təhsil alıb. İki il Samux rayonunun Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi kimi dərs deyib. 1933-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsilini davam etdirib. Bədii yaradıcılığa 1935-ci ildə "Qızıl Gəncə" qəzetində dərc etdirdiyi ilk hekayəsi ilə başlayıb. 1935-ci ildə Təbrizə köçüb.
1941-1942-ci illərdə Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetinin və Urmiyada nəşr olunan "Qızıl əsgər" qəzetinin əməkdaşı olub. 1943-1944-cü illərdə "İran-Sovtrans" şirkətində yanğınsöndürən vəzifəsində fəaliyyət göstərib. Əvvəlcə Tudə partiyasının daha sonra isə Azərbaycan Demokrat Firqəsinin üzvü olub. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Qəhrəman Qəhrəmanzadə də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetində fəaliyyət göstərib. "Mühacirlər dastanı" adlı hekayələr məcmuəsi 1945-ci ildə Təbrizdə nəşr olunub.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin, şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Sonrakı illəri Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qəhrəman Qəhrəmanzadə həbs olunaraq 2 il müddətinə Dezful şəhərinə sürgün olunub. Evi talanıb, evində olan kitabları və yazıları yandırılıb. 1956-cı ildə siyasi fəaliyyətinə görə ailəsi ilə birlikdə həbs olunub. 1958-ci ildə həbsdən azad olunduqdan sonra 7 ay Tehranda yaşayıb. 1958-ci ilin oktyabr ayında Bakıya mühacirət edib. 1959-1963-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə fəaliyyət göstərən "Azərbaycan şair və ədiblər cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Qəhrəman Qəhrəmanzadə də bu cəmiyyətin üzvü olub. 1974-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Müxtəlif illərdə Bakıda "Mühacirlər dastanı" (1944), "İftira" (1963) , "Tozlu palto" (1965), "Ayrılıq" (1971), "Qırmızı başmaq" (1974), "Bayraqsız adam" (1981) kitabları nəşr olunub. 1963-1990-cı illərdə Azərittifaqda işləyib.
1990-cı il yanvarın 22-də Bakıda vəfat edib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kitabları Qəhrəman Qəhrəmanzadə - İftira, Azərnəşr, Bakı, 1963-cü il. Qəhrəman Qəhrəmanzadə - Tozlu palto, Azərnəşr, Bakı, 1965-ci il. Qəhrəman Qəhrəmanzadə - Tanınmayan qonaq, Yazıçı, Bakı, 1989-cu il.