Aleksandr Starkov (; ) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. SSRİ idman ustası. IV dərəcəli "Üç Ulduz" ordeni zabiti.

Klub karyerası Latviya futbolunun yetirməsidir. İlk məşqçisi Bronislav Lipşans olub.

Peşəkar futbolçu karyerasına 1973-cü ildə, doğma şəhəri Madonanı təmsil edən "RPİ" komandasında başlayıb. 3 mövsüm burda çıxış etdikdən sonra, respublikanın əsas komandası olan Riqanın "Dauqava" komandasına cəlb edilir.

1977-ci ildə Moskvanın "Dinamo" klubunun nümayəndələri Starkovun oyununu bəyənərək komandalarına dəvət ediblər. Lakin futbolçu orada əsas heyətə düşə bilməyib və yalnız klubun əvəzedici heyətində oyunlar keçirib.

1978-ci ildə yenidən "Dauqava"ya qayıdan Starkov, 1989-cu ildə futbolçu karyerasına son qoyub.

Məşqçi karyerası 1991-ci ildə Ali Məşqçilər Məktəbini bitirib (bunadək Riqa Politexnik İnstitutunun inşaat fakültəsindən məzun olub). 1992-ci ildə "Kompar/Dauqava" klubunda baş məşqçi Yanis Skredelisin yanında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

1993–2004-cü illər aralığında "Skonto" klubunda baş məşqçi işləyib. Riqa təmsilçisi bu müddət ərzində 12 dəfə Latviya çempionatının, 6 dəfə isə Latviya Kubokunun qalibi olub. 1995-ci ildən eyni zamanda Latviya milli futbol komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2001-ci ildə yığmaya baş məşqçi təyin olunub. Latviya yığması 2004-cü ildə məhz onun rəhbərliyi altında seçmə mərhələni uğurla adlayaraq, Avro-2004-ün final mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatından sonra, 2004-cü ilin payızında Rusiyanın "Spartak Moskva" komandasına baş məşqçi təyin olunub. 2005-ci ildə "qırmızı-ağlar"la Rusiya çempionatının gümüş medallarına sahib olub. 2006-cı ilin aprelində, Kubok uğrunda yarımfinal oyunları ərəfəsində, komandanın kapitanı — Dmitri Aleniçevlə münaqişə nəticəsində istefa vermək məcburiyyətində qalıb.

2006-cı ildə Pro kateqoriyalı məşqçi lisenziyası alıb. 2007-ci ildə yenidən Latviya millisinin "sükanı arxasına" keçib. O, yığma ilə 2012-ci ilə qədər uzadılması mümkün olan 1 illik müqavilə imzalayıb. Latviya yığması ilə paralel, 2009–2011-ci illərdə "Skonto", 2011–2012-ci illərdə isə "Bakı" klubunda baş məşqçi kimi çalışıb. 11 iyul 2013-cü ildə Latviya millisinin baş məşqçisi postundan istefa verib.

2017-ci ilin aprel ayında üçüncü dəfə Latviya millisində baş məşqçi postuna təyin olunub. 2018-ci il aprelin 3-də, Latviya Futbol Federasiyasının idarə heyətinin qərarı ilə, millinin baş məşqçisi vəzifəsindən azad edilib.

2019-cu il mayın 1-dən sentyabrın 28-dək "Liepaya"klubunun baş məşqçisi olub.

Şəxsi həyatı Tatyana adlı xanımla evlidir. Sergey adında oğulları, Nadejda adında isə qızları var.

Nailiyyətləri

Futbolçu kimi Dauqava SSRİ birinci liqası: 1985

Məşqçi kimi Skonto Latviya çempionatı: 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2010 Latviya Kuboku: 1995, 1997, 1998, 2000, 2001, 2002

Şəxsi Latviyada 50 ilin ən yaxşı futbolçusu (1954–2003)

Dövlət mükafatları SSRİ idman ustası IV dərəcəli "Üç Ulduz" ordeni zabiti (Latviya): 24.03.2010

İstinadlar

Xarici keçidlər Aleksandr Starkov 2004-cü ildə

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Bakı FK məşqçiləri Kateqoriya:Riqa Texniki Universitetinin məzunları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:Futbol hücumçuları