Məhəmməd Xudabəndə (; ) — Səfəvilər dövlətinin 4-cü şahı və I Təhmasibin oğlu. Ləqəbi Xudabəndə farscadan tərcümədə "Tanrının Bəndəsi" deməkdir. Fəhmi ləqəbi ilə şeirlər də yazmışdır. 1535–1571-ci illərdə Xorasan, 1571–1578-ci illərdə Fars valisi olmuşdur.

Doğumu 1531/2-ci ildə doğulmuşdur. II İsmayılın ana-bir, ata-bir qardaşıdır. Atasının sıraca ikinci, həyatda qalan birinci oğlu idi (ən böyük qardaşı Əliqulu Mirzə hələ 1529-cu ildə vəfat etmişdi).

Hakimiyyətinin əvvəli Məhəmmədin hakimiyyəti 1535-ci ildən Şirazdan başlayır və elə orada təzə təyin olunmuş II İsmayılın ali divanının vəzir, nazir, sədirlik, qazilik və sair mənsəblərə dair verdiyi fərmanı alır. Təzə təyin olunmuş şahın kimsədən intiqam almaq fikri yox idi və onun yeganə məqsədi atası və qardaşının hakimiyyət dövrlərində həbsə alınmış və haqsızlıqlara məruz qalmış şəxsləri azadlığa buraxmaq və onların haqlarını özlərinə qaytarmaq idi.

Lakin elə hakimiyyətinin ilk illərindən onun bütün çətinliklərin öhdəsindən gələ bilmədiyi göz qabağında idi. Çünki, istər dövlət adamları olsun, istərsə də nüfuza malik olan digər şəxslər onun qəbul etdiyi qərarlara təsir göstərə bilirdi. Məlum idi ki, bu kimi məsələlər bir çox ixtilaf və nifaqların meydana gəlməsinə səbəb ola bilərdi və bu belə də olur. Bu kimi ixtilaflar ilk dəfə olaraq Təhmasib şahın qızı Pərixan Xanımla Məhəmməd şahın həyat yoldaşı Məhdi Ülya arasında baş verir.

Həmin dövrlərdə Pərixan Xanım Qəzvində böyük nüfuza malik olduğundan onunla hesablaşır, əmrinə tabe olurdular. O, xalası Şamxal Sultanxanımın vasitəsilə dövlət işlərinin idarə olunmasına birbaşa müdaxilə edirdi.

Təzə təyin olunmuş şahın həyat yoldaşı Məhdi Ülya xanım da Şirazda qüdrəti ələ alıb İsgəndər bəyin dediyi kimi "Bütün işlərə nəzarət edir və heç bir iş onun nəzarəti olmadan həyata keçmirdi". Gah da ona xüsusi diqqət yetirir və dediklərini icra edirdi. Məhdi Ülya xanımın hətta Mir Qivamuddin Hüseyn Şirazi adlı xüsusi vəziri də var idi. Onun şahdan istədiyi şeylərdən biri də neçə ilə əvvəl İstəxr qalasında həbs olunan Əhməd xan Gilaninin azad olunması idi. Şah isə onu nəinki azad edir, hətta sonralar onu öz kürəkəni belə edir. Qəzvində toy mərasimi başa çatdıqdan sonra Gilana qaytarılır və əvvəlki qüdrətini əldə edir. Onunla birgə Ələmut qalasında həbsdə olan İsa xan da azadlığa buraxılıb Şəki əyalətinə hakim təyin olunur. Təsis olunmuş yeni dövlətdə İsmayılın vəziri Mirzə Salman kimi şəxslər öz mövqelərini qoruyub saxlaya bilirlər. Sonralar onlara "Ruknussəltənə"və "Etimadud-dövlə"ləqəbi verilir. Belə nəzərə çarpır ki, bu kimi ləqəblər ilk dəfə olaraq həmən dövrdə verilmiş və Səfəvilərin hakimiyyətinin sonunadək ondan istifadə olunmuşdur.

Qəzvində baş verən hadisələr Şiraza çatdıqda, xüsusilə də Mirzə Salmanın Qəzvindən Şiraza gətirdiyi xəbərlərdən sonra Məhdi Ülya xanım və şah, Pərixan Xanımı öldürmək qərarına gəlirlər. Yaranmış ixtilaflar ciddi qarşıdurmalara gətirib çıxarmazdan əvvəl Qəzvinin tanınmış alimlərindən olan Seyid Hüseyn Kərəkinin müdaxiləsi ilə yenidən sabitlik bərqərar olunur.

Siyasi qətllər Nəhayət, h.q. 985-ci ildə şah Qəzvinə daxil olur və orada özünün ilk və sonra ikinci və üçüncü edam hökmünü verir. Qətlə yetirilən ilk şəxs Pərixan xanımın verdiyi göstərişlərin icraçısı dayısı Şamxsal sultan olur. Belə ki, o, hiylə ilə şəhərdən qırağa çıxarıldıqdan sonra qətlə yetirilir. Onun ardınca Pərixan Xanım da gecə ikən Xəlil xanın evinə aparılır və orada boğularaq qətlə yetirilir və var-dövləti Xəlil xana verilir. Şah II İsmayılın bir yaşlı oğlu Şücanı da qətlə yetirir.

Beləliklə, böyük nüfuz əldə etmiş Məhdi Ülya xanım siyasi hakimiyyəti bütünlüklə ələ keçirir və heç bir iş onun göstəriş və nəzarəti olmdan həyata keçmir. Bir vaxtlar Şirazda kiçik vəzifələrdən birini tutmuş Molla Əfzəl Münəccimbaşının onun göstərişi ilə Qəzvinin Müamilə divanının baş kələntəri təyin olunmasını buna misal çəkmək olar. Belə ki, onlardan bir çoxu əvvəllər Sultan Məhəmmədə, həyat yoldaşına və övladlarına xidmət etdikləri üçün, indi demək olar ki, artıq öz mükafatlarını alırdılar. Onlarla yanaşı, II İsmayılın qəzəbinə düçar olmuş şəxslər yenidən vəzifələrə təyin olunur və dövlət işlərində fəaliyyət göstərməyə başlayırdılar.

İdarəetmə Azərbaycan bütünlüklə müxtəlif türk və türkmən qəbilələri arasında bölünmüş və onlar tərəfindən idarə olunurdu. Böyük əyalətlərin ayrı-ayrı şəhərlərə bölünməsi isə qızılbaşlar arasındakı ixtilafların daha da artmasına səbəb olur. Bütün bunlarla yanaşı, onların gəlirləri azaldığı üçün məxariclərinin mərkəzdən ayrılmasına ehtiyac duyulurdu. Bu isə dövlətin iqtisadiyyatına zərbə demək idi. Sədirlik vəzifəsinə də Sultan Məhəmməd Heratdan Şiraza getdiyi zaman öz qəsəbəsində daha gözəl xidmət göstərmiş Kirman seyidlərindən olan Mir Şəmsəddin Məhəmməd təyin olunur. Pərixan Xanımın evi də Darul-sədarə elan olunur və Mir Şəmsəddin orada tutduğu vəzifəni icra etməyə başlayır.

Həmən dövrlərdə hələ də taciklər (farslar nəzərdə tutulur) idarə işlərinə, qızılbaşlar isə yüksək vəzifələrə, daha dəqiq desək, "Əmirul-uməra"(əmirlər əmiri) vəzifələrinə təyin olunurdular. Belə ki, İsgəndər bəyin öz kitabında ("Tarixi-aləm arayi-Abbas") adını çəkdiyi bütün şəhərlərə yalnız qızılbaş tayfalarından olan hakimlər rəhbərlik edirdi.Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 102–103

Daxili ixtilaflar Şah Məhəmmədin hakimiyyəti ikinci İsmayılın hakimiyyət dövründən başlanmış bir sıra çətinliklərlə davam edir və bütün bunlara müxtəlif amillər səbəb olur. Səltənət sülaləsinin demək olar ki, kökünün kəsilməsi və bir çox qızılbaş rəhbərlərinin qətlə yetirilməsi dövlətin bünövrəsinə ağır zərbə vurur. Məhdi Ülya xanımın nüfuzu, qızılbaşların istəklərinə qarşı çıxması və qızılbaşları şahın tabeliyindən çəkindirməsi yaranmış böhranı daha da gərginləşdirir və Səfəvi dövlətinin zəifləməsinə birbaşa təsir göstərirdi.

Bildiyimiz kimi, Səfəvilər dövlətinin əsasını qızılbaşların mürşidlərinə olan xalis itaətkarlıqları təşkil edirdi. Bu münasibətlər zəiflədikdə isə dövlət öz tərəfdarlarını itirir və bunun üçün də təbii olaraq azsaylı tacik və iranlılarla sabitliyi özbək və osmanlıların təhlükəsindən qoruyub saxlaya bilmirdi. Dövləti himayə edən var idisə, o da dövlətə son dərəcə sadiq qalan türk və türkmən tayfalarından olan sufi qızılbaşları idi. Səriştəsiz insanların üzərində heç bir nəzarət olmadan müxtəlif vəzifələrə təyin olunması qızılbaş dövlət məmurlarının işlərinə mütləq nəzarətsizlik təsis olunduğu ilk gündən Səfəvi dövlətini ciddi çətinliklərlə qarşı-qarşıya qoyurdu. İskəndər bəy bu çətinliklərə işarə edərək yazır :

" Yaranmış hərc-mərcliyə səbəb olan ən başlıca amil rüşvətxorluğun dövlət məmurları arasında geniş yayılması olmuşdur ".

Yaranmış çətinliklərə səbəb olan başqa bir amil ölkənin bütünlüklə türk və türkmən tayfaları tərəfindən idarə olunması və dövlət büdcəsindən onların tələblərinə uyğun məbləğin ayrılması olmuşdur. Bu səbəbdən də dövlət büdcəsinin az bir müddətdə tamamilə boşalması yaranmış şəraiti daha da gərginləşdirmişdi. Bütün bunlarla yanaşı, qızılbaş rəhbərləri ölkə ərazisində heç bir nəzarət və nizam-intizamın hökm sürmədiyini görüb çətinliklərini rüşvət ilə həll edir və yeni-yeni çətinliklərin meydana gəlməsinə səbəb olurdular.

Yaranmış belə bir şəraitdə daim düşmən mövqeyində duran qonşu dövlətlər fürsətdən istifadə edib ölkə ərazisinə qoşun yürütmək fikrinə düşürlər. Bundan tək xarici dövlətlər deyil, ayrı-ayrı şəhərlərdəki daxili müxalif dəstələr də istifadə edirdi. İsgəndər bəy bu haqda yazır :

"Fürsətdən istifadə edən zəmanənin padşah və müxalifləri şərq və qərbdən əcəm ölkəsinə üz tutdu. Sultan Murad (h.q. 983–1003) Azərbaycan və Şirvana qoşun yürüdüb illər boyu müstəqillik iddiasında olan və əllərini ətraf məntəqələrə uzadan düşmənlərinə tərəf gəldi".

Özbək və osmanlıların hücumları ilə yanaşı vaxtaşırı müxtəlif əyalətlərdə də üsyanlar baş qaldırır və böyük sülalələrə mənsub olan dəstələr öz ərazilərinə sahib olmaq üçün dövlətə qarşı çıxırdılar.Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 104–105

Məhdi Ülyanın süqutu Pərixanımın acınaqlı əhvalatından sonra artıq növbə Məhdi Ülya xanımın özünə çatmışdı. Bir qədər əvvəl Mirzə Məhəmmədin son dərəcə inadkar bu qadını haqqında söhbət açmışdıq. O, şahın bütün qüdrətini əlindən almış, qızılbaş əmir, vəzir və sədirləri tam mənada özünə tabe etmişdi. Nəyin bahasına olursa olsun, istədiyini onlara qəbul etdirdi. Məhz bu qadının yersiz müdaxiləsi ölkənin nüfuz və idarəçiliyinə ağır zərbə vurur. Mazandaranın Mər’əşi sülaləsindən olan Məhdi Ülya xanımın atası Mir Abdullah xan həmən məntəqənin hakimi olmuşdur. O, hakimiyyəti ələ aldıqdan sonra Mirzə xanın (əmisi oğlu Sultan Muradın) hakim təyin olunduğunu eşitcək dərhal öz irs və mülkü hesab etdiyi Mazandarana qoşun göndərir. Onun təkidi ilə qızılbaş ordusu Mazandarana yola düşür. Qızılbaşların sərkərdəsi öldürülməyəcəyinə and içib söz verdikdən sonra Mirzə xanı təslim olmağa vadar edir. Lakin paytaxtda bütün işlərə nəzarət edən Məhdi Ülya xanım ordu Qəzvinə daxil olmazdan əvvəl öz adamlarını Mirzə xanın üzərinə göndərir və onu elə oradaca qətlə yetirir. Baş verənlər dövlət işlərində heç bir təcrübə və səriştəsi olmayan bir qadının birbaşa müdaxiləsindən baş verirdi. O, hakimiyyət və dövlətçilik işlərinə layiq olmadığı kimi, Şah Məhəmməd də bir o qədər bu kimi işlərə layiq deyildi. Baş verən hadisələr hamının Məhdi Ülya xanımdan cana doymasına və ona qarşı kin-küdurətin daha da artmasına səbəb olur. Bütün bunlardan narazı qalan İskəndər bəy Münşi yazır :

"Günahsız seyid övladı olan Mirzə xanın qətlə yetirilməsinə cahil və nadan əmirlərin şeytani vəsvəsəsi səbəb oldu. Hadisə h.q. 978-ci ildə baş verdi və on yeddi gündən sonra Məhdi Ülya xanımın özü də qətlə yetirildi".

İskəndər bəyin verdiyi məlumata görə, bunlardan sonra yenə də Mazandaranda əmin-amanlıq bərqərar olunmadı və mövcud gərginlik hələ də qalmaqda və Məhdi Ülya xanıma qarşı kin-küdurət isə daha da güclənməkdə idi.

Məhdi Ülya xanımın yersiz müdaxiləsi Heratın idarə olunmasında da özünü göstərir və təbii ki, bütün bunlar qızılbaşların narazılığına səbəb olurdu. Məlum olduğu kimi Herat, Xorasan əyalətinin mərkəzi olmuş və oranın qorunub saxlanılması Səfəvilər üçün heç də asan olmamış və bütün dövrlərdə hətta az yaşlı şahzadənin rəhbərliyi altında belə oranı qoruyub saxlamağa çalışmışlar. Təhmasib şahın hakimiyyətinin son illərində Şah Məhəmməd Mirzənin oğlu Abbas Mirzə Həratda Əliqulu xan Şamlının himayəsi altında yaşamışdır. Oğlu Abbas Mirzəni görməyə israrlı olan Məhdi Ülya h.q. 987-ci ildə Əliqulu xandan oğlunu Qəzvinə gətirməsini istəyir. Lakin o, Xorasanı Orta Asiyaya yaxın olduğunu və daim oranı təhlükə gözlədiyindən şahzadəsiz qalmalı olduğunu bəhanə gətirərək bu işi görməkdən imtina edir. O, Məhdi Ülyaya göndərdiyi məktubda yazır:

"Yüksək məqama malik olan şahzadəsiz ərazini qoruyub saxlamaq bizim üçün mümkün deyildir".

Yaranmış narazılıqlar yavaş-yavaş daha da ciddiləşməyə başlayır. Bir tərəfdən Məhdi Ülya xanım Mirzə Abbasın gətirilməsinə israr edir, digər tərəfdən də Heratın hakimi daha da müxalif mövqe tuturaq Abbasın Qəzvinə getməsini özbəklərin ürəklənmələrinə səbəb olacağını bildirirdi. Hətta Qəzvində mühüm mənsəblərdən birini tutan Əliqulu xanın atası Hüseyn xanın Hərata gəlməsi buranın hakiminin gəldiyi qərar heç bir təsir göstərmir. Əlbəttə, bu məsələdə o tək deyildi, belə ki, digər tayfalar da Abbasın Heratda qalmasına təkid edir və onun Qəzvinə getməsinə heç cür razı olmurdular.

Belə bir müxalifəti görən Məhdi Ülya Hərat hakimi ilə arası yaxşı olmayan Məşhəd hakimi Murtəza Qulu xanı qarşı-qarşıya qoymaq qərarına gəlir. Hələ məsələ həll olmamışdı ki, paytaxt əmirləri, daha dəqiq desək, qəlbləri kin-küdurətlə dolu qızılbaş əmirləri onu qətlə yetirirlər. Beləliklə, Abbasın Həratda qalması dəqiqləşdirilir.