Abbasəli bəy Ağabababəyov () — azərbaycanlı hüquqşünas, Cənub-Qərbi-Qafqaz Cümhuriyyətinin ədliyyə naziri, Gəncə Dairə Məhkəməsinin sədri.
Moskva İmperator Universitetinin Hüquq fakültəsində təhsil alıb. Çar Rusiyasının Ədliyyə Nazirliyinin tabeliyində müxtəlif bölgələrdə və müxtlif vəzifələrdə xidmət edib. 1901-ci ildə titulyar müşavir, 1904-cü ildə kollej assesoru,1909-cu ildə saray müşaviri, 1913-cü ildə isə kollej müşaviri rütbələri alıb. Fəaliyyəti dövründə III dərəcəli "Müqəddəs Anna" ordeni və II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.
1918–1919-cu illərdə Cənub-Qərbi-Qafqaz Cümhuriyyətinin ədliyyə naziri, 1919–1920-ci illərdə isə Azərbaycan Cümhuriyyətində Gəncə Dairə Məhkəməsinin sədri olub.
Cümhuriyyət tələbələri Adil bəy Ağabababəyov-Muğanlinskinin və Əsildar bəy Muğanlının atasıdır. Oğlu Əsildar bəy Muğanlı və qızı Zərifə xanım Muğanlinskaya Azərbaycanda Stalin reprresiyaları dövründə sürgün olunublar.
Həyatı Abbasəli bəy Ağababa bəy oğlu Ağabababəyov 1869-cu il yanvarın 2-də İrəvanda anadan olub. 1879–1881-ci illərdə İrəvan kişi progimnaziyasında, 1881–1889-cu illərdə İrəvan kişi gimnaziyasında, 1890–1894-cü illərdə Moskva İmperator Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1894-cü il iyulun 6-da İrəvan dairə məhkəməsində dəftərxana qulluqçusu kimi həqiqi mülki xidmətə başlayıb. Noyabr ayında katib köməkçisi təyin edilib. 1895-ci il iyulun 24-də məhkəmənin mülki bölməsinə keçirilib və bölmənin 3-cü masasının müdirliyi də ona tapşırılıb. 1898-ci ilin 15 mart-10 may tarixləri arasında İrəvan qəzası 3-cü istintaq sahəsinin müdiri olub. 1896-cı ildə Yeni Bəyazid qəzasında, 1897-ci ildə Eçmiədzin və Şərur-Dərələyəz qəzasında işləyib. 1898-ci il iyunun 16-da Ədliyyə Nazirliyi İdarəsinin əmri ilə İrəvan qəzası sülh hakiminin köməkçisi vəzifəsinə təyin olunub. 1898-ci il avqustun 1-də öz ərizəsinə əsasən tutduğu vəzifədən istefa verib.
1899-cu il avqustun 19-da kollej katibi çini alıb. 1900-cü il sentyabrın 28-də Tiflis Dairə Məhkəməsində böyük namizəd vəzifəsinə təyin edilib. Həmin ilin sentyabr ayında Zaqatala Sülh Bölməsi müstəntiqinə yardım üçün göndərilib. 1901-ci ildən etibarən Zaqatala Sülh Bölməsində istintaq sahəsinə müdirlik edib. 1901-ci il dekabrın 15-də titulyar müşavir çini alıb. Sonrakı illərdə Duşetidə, Zaqatalada, Kutaisidə və Tiflisdə müxtəlif vəzifələr tutub. 1904-cü il avqustun 27-də kollej assesoru çini alıb.
1909-cu il mayın 26-da saray müşaviri çini alıb. 1910-cu ildə Şərur-Dərələyəz Bölməsinin sülh hakimi vəzifəsinə təyin olunub. 1911-ci il yanvarın 1-də III dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunub. 1912-ci ildə Şərur istintaq sahəsinə müdirlik edib. 1913-cü il fevralın 18-də kollej müşaviri çini alıb. 1914-cü il yanvarın 1-də II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. 1917-ci ildə İrəvan Dairə Məhkəməsinin inzibati şöbəsinə üzv təyin edilib. 1918-ci ildə Zaqafqaziya hökuməti tərəfindən İrəvan Dairə Məhkəməsininin məhkəmə hissəsi üzrə üzvü təyin edilib.
1918–1919-cu illərdə Cənub-Qərbi-Qafqaz Cümhuriyyətinin ədliyyə naziri olub.
1919-cu ildə ailəsi ilə birlikdə İrəvandan Gəncə şəhərinə köçüb. Elə həmin il Azərbaycan Cümhuriyyəti hökumətinin sərəncamı ilə Gəncə Dairə Məhkəməsinin sədri təyin olunub.
Sovet işğalından sonra bir müddət Gəncədə daha sonra isə Bakıda yaşayıb. 1931-ci ilədək məhkəmə orqanlarında çalışıb. Daha sonra isə təqaüdə çıxıb. 1961-ci ildə Bakıda vəfat edib.
Ailəsi 160px|thumb|right|Abbasəli bəy Ağabababəyov övladları ilə birlikdə Abbasəli bəy 1897-ci il oktyabrın 27-də Leyli xanım İsgəndər bəy qızı Sultanova ailə qurub. Bu evlilikdən Adil, Əsildar, Fuadpaşa, Nurəddin, Zərifə, Nurəddinpaşa və Nəzirə adlı övladları dünyaya gəlib.
Abbasəli bəyin oğlu Adil bəy Ağabababəyov-Muğanlinski 1898-ci il dekabrın 13-də anadan olub. 1917-ci ildə İrəvan Kişi Gimnaziyasını bitirib. 1919-cu ilin oktyabr ayından 1920-ci ilin yanvar ayına qədər Gəncə Dairə Məhkəməsində işləyib. Təhsil almaq üçün xaricə göndərilən cümhuriyyət tələbələrindən biri olub. Berlində Tibb Universitetində oxuyub. Daha sonra təhsilini dayandırıb və 1923-cü ildə Parisə gedib və orada təhsil almağa davam edib. 1935-ci ildə müstəntiq tərəfindən dindirilən Əsildar bəy qardaşından 3 ay qabaq xəbər aldığını və onun Parisdə yaşadığını qeyd edib. Sonrakı həyatı haqda məlumat yoxdur.
Abbasəli bəyin oğlu Əsildar bəy Muğanlı 1900-cü il sentyabrın 14-də İrəvanda anadan olub. 1909-cu il sentyabrın 15-dən 1918-ci il aprelin 7-dən İrəvan Kişi Gimnaziyasında təhsil alıb. Təhsil almaq üçün xaricə göndərilən cümhuriyyət tələbələrindən biri olub. 1920–1925-ci illərdə əvvəlcə Berlin Universitetinin hüquq fakültəsində daha sonra isə Leypsiq Universitetinin hüquq fakültəsində təhsil alıb. Almaniyada təhsil aldığı dövrdə Azərbaycanlı Tələbələr İttifaqının üzvü, bir müddət isə rəhbəri olub. 1928-ci ildə Azərbaycan SSR-yə qayıdıb. SSRİ Dövlət Bankının Azərbaycan kontorunda müxtəlif vəzifələrdə işləyib. Bakıda fəaliyyət göstərən bir neçə ali məktəbdə alman dili müəllimi kimi fəaliyyət göstərib. Azərbaycanda Stalin reprresiyaları dövründə ilk dəfə 1933-cü ildə daha sonra isə 1935-ci ildə həbs olunub. Məhkəmənin qərarı ilə əvvəlcə Daşkəndə daha sonra isə Karaqanda vilayətinə sürgün edilib.. 1957-ci il sentyabrın 3-də bəraət alıb. 1961-ci ildə Bakıda vəfat edib.
Abbasəli bəyin qızı Zərifə xanım Muğanlinskaya 1903-cü il dekabrın 4-də İrəvanda anadan olub. Azərbaycanda fiziologiya üzrə ilk mütəxəssislərdən biri olub. Azərbaycanda Stalin respressiyaları dövründə 1937-ci ildə həbs olunub və Türküstana sürgün edilib. 34 yaşında sürgündə ikən dünyasını dəyişib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Muğanlinskilər Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:İrəvan kişi gimnaziyasının məzunları