Olqa Petrovna Kosaç (; ) — ukraynalı naşir, yazıçı, etnoqraf, tərcüməçi və ictimai xadim. O, Mixaylo Drahomanovun bacısı; Lesya Ukrainka, Olqa Kosaç-Krivinyuk, Mixaylo Kosaç, Oksana Kosaç-Şımanovska, Mikola Kosaç, İsidora Kosaç-Borısova və Yuriy Kosaçın anasıdır.

Həyat və fəaliyyəti Pçilka Qadyaçda, yerli mülkədar Petro Drahomanovun ailəsində anadan olub. Ailə üzvlərindən müxalifətçi olanlar da var idi: əmilərindən biri Dekabristlər hərəkatında iştirak etdiyinə görə Sibirə sürgün edilmiş, atası Kazak starşinası aillərinə kömək etdiyi üçün işindən qovulmuş, qardaşı Mixaylo isə oxuduğu gimnaziyanın direktoruna qarşı yazdığı satirik əsərin həmmüəllifi olduğundan mühacirət etmişdi.

Pçilka ibtidai təhsilini evdə almış, 1866-cı ildə isə təhsilini Kiyevdəki Nümunəvi Zadəgan Qızlar Pansionatında başa vurmuşdur. Məktəbdə oxuduğu illərdə Pçilka alman dilində yazdığı ilk hekayəsini nəşr etdirmişdir. 1868-ci ildə Petro Kosaç ilə ailə quran Olena, qısa zamanda həyat yoldaşının çalışdığı Novoqrad-Volınski şəhərinə köçmüşdür. Qızı, Lesya Ukrainka da burada dünyaya göz açmışdır.

Ukraynalı uşaqlar üçün mütaliə üçün kitab azlığı səbəbindən Olena Pçilka, karyerasına uşaq hekayələri, eləcə də Puşkin və Lermontovun poeziyasını ukrain dilinə tərcümə etməklə başlamışdır. O, həmçinin xalq mahnıları, adət-ənənələri və rituallarını, həmçinin Volıniyada ənənəvi tikmə nümunələrini toplayaraq, sonra bu araşdırmalarını 1886-cı ildə Kiyevdə "Ukrayna Xalq Ornamenti" adlı kitab kimi nəşr etdirmişdir. O, Ukraynada xalq sənətinin ilk eksperti kimi tanınmışdır. 1880-ci ildə Pçilka öz vəsaiti hesabına Stepan Rudanskinin "Mahnılar"ını, bir il sonra isə Qoqol, Puşkin və Lermontovun əsərlərindən ukrain dilinə etdiyi tərcümələrindən ibarət "Ukraynalı uşaqlara" (1881) toplusunu nəşr etdirmişdir. Pçilka, eyni zamanda, Adam Mitskeviçin də əsərlərini tərcümə etmişdir. 1883-cü ildən o, Lvovda çıxan "Zorya" jurnalında şeir və hekayələrini dərc etdirməyə başladı. Onun ilk işi "Bir torun düşüncələri" (1886) adlı şeirlər toplusu olub. Eyni zamanda, Pçilka Ukrayna qadın hərəkatının fəal iştirakçısı olmuş, 1887-ci ildə Nataliya Kobrinska ilə birlikdə Lvovda "İlk çələng" almanaxını nəşr etdirmişdi. Onun həmin il işıq üzü görən, iki ukraynalı tələbə gənc qızın həyatından bəhs edən "Rəfiqələr" hekayəsi, qardaşı Mixaylo Drahomanov tərəfindən qeyri-real hesab edilərək tənqid olunub. Qısa müddət sonra hekayə qəhrəmanlarının həyatı real həyatda: Kobrinska və rəfiqəsi Sofiya Okunevska tərəfindən təkrarlandı, onlar Sürix Universitetində təhsil almağa başladılar.

Pçilkanın yazıları Zvyagel, Lutsk və Koveldəki həyatından götürülmüş real hadisə və təcrübələrə əsaslanırdı. O, naşirlər arasında xüsusilə populyar olan bir sıra Milad bayramı və Yeni ilə aid hekayələrin müəllifidir. Pçilka Mixail Staritski ilə birgə ukrain dilinə bir çox neologizmlər gətirmişdir. Lutskda qaldığı müddətdə yerli kitabxanalar üçün ukrain dilində kitabların alınması təşəbbüsü ilə çıxış etmiş, 1890-cı illərdə isə Kiyevdə Mixail Staritski və Nikolay Lısenkonun da olduğu ədəbi-bədii cəmiyyətin üzvü olmuşdur. Qalisiya səfərlərindən birində Pçilka, Vladimir Şuxeviçlə tanış olmuşdur. Poltavada İvan Kotlyarevskinin abidəsinin açılışı zamanı hakimiyyətin qadağasına baxmayaraq, çıxışını ukrain dilində etmişdir. 1900-cü ilin sonlarında dramaturq kimi fəaliyyətə başlamış Pçilka, 1918-ci ildən sonra isə Sofiya Rusovanın xahişi ilə bir sıra uşaq pyesləri yazmışdır. Pçilka 1906-cı ildən 1914-cü ilə qədər Poltavada nəşr olunan "Rodnoy Kray" ("Doğma diyar") qəzetinin redaktoru olmuşdur. 1908-ci ildə həmçinin, aylıq dərc olunan "Moloda Ukraina" ("Gənc Ukrayna") adlı uşaq jurnalını da dərc etdirməyə başlamışdır.

Həyat yoldaşı Petro, övladları Mixail və Lesyanın vəfatından sonra Pçilka Qadyaça qayıdır. 1920-ci ildə o, əks-inqilabi fəaliyyətlərdə ittiham olunaraq həbs edilsə də, borotbiçi olan tanışlarından birinin müdaxiləsi ilə azadlığa buraxılır. 1929-cu ildə Pçilkanın kürəkəni "Ukraynanın Azadlığı İttifaqı" məhkəməsi çərçivəsində məhkum edilir, lakin həmin vaxt ağır xəstə olduğundan məhkəmə prosesində iştirak etmir. Ukraynanın ən məşhur qadın şairlərindən biri kimi tanınan Olena Pçilka 81 yaşında Kiyevdə vəfat edib.

Əsərləri Ən tanınmış əsərləri aşağıdakılardır: "Tovaryshky" (Yoldaşlar, 1887), "Svitlo dobra i lyubovi" (Yaxşılıq və sevgi işığı, 1888), "Soloviovyi spiv" (Bülbül oxuyur, 1889), "Za pravdoyu" (Həqiqət üçün, 1889), "Artyshok" (Artişok, 1907), "Pivtora oseledsya" (Bütöv və yarım siyənək balığı, 1908), "Suzhena ne ohuzhena" (1881), "Svitova rich" (Dünya əşyası, 1908) and others. İstinadlar

Xarici keçidlər Olena Pchilka Ukrayna Ensiklopediyasında

Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:Ukrayna etnoqrafları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Ukrayna publisistləri Kateqoriya:Ukraynalı yazıçılar