Erkeç-Tam (Erkeş-Tam, İrkeştam qırğızca, Эркеч-Там) — Qırğızıstanın Oş vilayətində, Alay vadisinin şərqində, Çin ilə dövlət sərhədində yerləşən eyniadlı aşırımdakı yüksəkdağlıq kəndidir. Yaşayış məntəqəsi Kaşqar çayının (Qızılsu, Tarim hövzəsi) sağ sahilində, Multabar qolunun töküldüyü yerdə salınıb. Kənd Sarı-Daşdan 50 kilometr şərqdə, Kaşqardan təxminən 250 kilometr qərbdə və Oş şəhərindən 238 kilometr məsafədə yerləşir.
Tarixi 1878-ci ildə Türküstan general-qubernatoru Konstantin Petroviç fon Kaufman general-mayor Abramovun komandanlığı altında kiçik bir rus hərbi dəstəsini İrkeştam aşırımına göndərdi ki, bu da Rusiya-Çin münasibətlərinin pisləşməsinə (mürəkkəbləşməsinə) səbəb oldu. Dəstə Rusiya-Çin sərhədinin keçməsi planlaşdırılan İrkeştam yaxınlığındakı aşırımlarda kəşfiyyat (rekonsiqnovka) və tədqiqat işləri aparmalı idi. Abramov sərhədin müəyyənləşdirilməsində iştirak etmək üçün çinli məmurları da dəvət etmişdi. 29 iyun tarixində İrkeştam aşırımına qoşunla birlikdə gələn amban (general-qubernator) Darın, İrkeştamın Tsin imperiyasına məxsus olduğunu bəyan etdi. Kaufmanın əmri ilə İrkeştamın Rusiya imperiyasına məxsus olduğunu bildirmək üçün orada kiçik bir istehkam tikildi. Abramov İrkeştamda hərbi post qoyaraq Fərqanə vilayətinə geri döndü.
İrkeştam istehkamı 1885-ci ildə inşa edilmişdir. Təkərli (araba) yolu İrkeştamı Gülçə istehkamı ilə birləşdirirdi. 1917-ci il Rusiyadakı inqilaba qədər İrkeştam sərhəd postu vasitəsilə Xotan ilə aktiv ticarət aparılırdı. Buraya əsasən dəri, zəy, yun, xalça və digər mallar idxal edilir, əvəzində isə pambıq parçalar, boyalar, dəmir və digər məhsullar ixrac olunurdu.
22 oktyabr 1919-cu ildə Erkeş-Tam kəndində qurbaşıların (yerli basmaçı hərəkatı liderlərinin) qurultayı keçirildi və həmin toplantıda Müvəqqəti Fərqanə hökuməti yaradıldı.
İstinadlar