Dörd Millət Kolleci və ya Mazarini Kolleci () — Fransanın paytaxtı Parisin mərkəzində, Konti sahilində yerləşən qədim fransız kolleci. Tarixi Paris Universitetinin tərkib hissələrindən biri olmuş bu binada XIX əsrin əvvəllərindən etibarən Fransa İnstitutu yerləşir.
Tarixi
thumb|130px|Mazarini Kollecinin binasının baş planı.
thumb|130px|Mərkəzi hissəsinin (keçmiş Kral kapellasının) baş fasadı. F. D'Orbenin cizgisi, 1673-cü ildən sonra.
Kardinal və nazir Kardinal Mazarin, 6 mart 1661-ci il tarixli vəsiyyətnaməsində, Vestfaliya (1648) və Pireney (1659) sülh sazişləri nəticəsində kral hakimiyyəti altında birləşdirilmiş əyalətlərin əsilzadə nəsillərindən olan altmış nümayəndəsi üçün bir kollecin inşası məqsədilə gənc kral XIV Lüdovikə külli miqdarda vəsait (iki milyon livr) vəsiyyət etmişdir. "Dörd Millət Kolleci" adı da məhz buradan — kral torpaqlarına yeni qatılan dörd əyalətin (Artua, Elzas, Pyemont və Rusilyon) adından götürülmüşdür. Mazarini, onun sələfi kardinal Arman Jan dü Plessi Rişelyenin Sorbonnada dəfn olunduğu kimi, bu kollecin kapellasında dəfn olunmasını arzulamış və öz şəxsi kitabxanasını da gələcək kollecə bağışlamışdır.
Fransanın birinci naziri Jan-Batist Kolber kral memarı Lui Levoya binanın layihəsini hazırlamağı tapşırmış və onu Sena çayının qarşı sahilində, Luvrun tam qarşısında yerləşdirməyi təklif etmişdir. Binanın inşası 1661–1668-ci illərdə həyata keçirilmişdir. Mazarini kitabxanası isə 1691-ci ildə kollec binasının şərq qanadında ictimaiyyətin istifadəsinə verilmişdir.
Böyük Fransa inqilabı dövründə, 1791-ci ildə Kral Kolleci bağlanmışdır. 1796-cı ildən etibarən binada ardıcıl olaraq Parisin üç ali məktəbindən biri olan "İttifaq Kolleci" (), daha sonra həbsxana, İctimai Xilasetmə Komitəsinin iqamətgahı, ardınca isə Ali Mərkəzi Məktəb () və nəhayət, Zərif Sənətlər Məktəbi () yerləşmişdir.
Bu məktəb 1802-ci ildə bağlanmışdır. 1805-ci ildə imperator I Napoleon beş akademiyanın (Elmlər, Ədəbiyyat, Zərif Sənətlər, Humanitar və Siyasi Elmlər akademiyaları) birləşməsindən yaranan Fransa İnstitutunu bu kollecin binasında yerləşdirmişdir. Napoleon Bonapartın qərarı ilə Fransa İnstitutu o vaxta qədər yerləşdiyi Luvr sarayını tərk edərək keçmiş Dörd Millət Kollecinin binasına köçmüşdür.Klopp G. Le lycée Henri-IV. — Paris: Thionville, 1996. — Р. 96 Bina 1862-ci ildən etibarən rəsmi olaraq Fransa tarixinin memarlıq abidəsi elan edilmişdir.Искусство и история Парижа. — Parigi: Casa Editrice Bonechi, 1996. — P. 143
Binanın memarlığı və kardinal Mazarininin məqbərəsi
1661–1668-ci illərdə Lui Levonun layihəsi əsasında inşa edilmiş bina, nisbətən gec tikilməsinə baxmayaraq, Fransa qızıl dövrünün — Günəş kral XIV Lüdovik erasının "böyük üslub"undan () əvvəl gələn və XVII əsrin birinci yarısı üçün xarakterik olan "XIII Lüdovik üslubu"nun tipik nümunəsidir. Binanın fasadı Arden dağlarından gətirilmiş bozumtul-sarı rəngli əhəngdaşı ilə üzlənmişdir. Bina İtaliya order sisteminə müvafiq olaraq Korinf orderi kapielləri olan pilyastrlar, üçbucaqlı frontona malik sütunlu portik və dairəvi baraban üzərində ucalan böyük günbəz ilə bəzədilmişdir. Bu detallar incə şüşəli, tipik "Fransa pəncərələri", balustradalar və günbəzin bozumtul şifer örtüyü ilə harmoniyaya malikdir. İkimərtəbəli fasad Sena çayının sahilinə doğru baxan yarımdairəvi formadadır. Hazırda binaya Sena çayı üzərindən keçən və Napoleonun əmri ilə 1801–1804-cü illərdə inşa edilmiş Sənətlər körpüsü () vasitəsilə piyada keçmək mümkündür.Paris. — Paris: Michelin et Cie, 1996. — Р. 294
Portikin friz hissəsinə həkk olunmuş latındilli yazı bu abidənin yaranma tarixini xatırladır: IVL.(IVS) MAZARIN.(VS) S.(ANCTÆ) R.(OMANÆ) E.(CCLESIÆ) CARD.(INALIS) BASILICAM. ET. GYMNAS.(IVM) F.(ACIENDVM) C.(VRAVIT) A.(NNO) M.D.C.L.X.I [MILLESIMO SEXCENTESIMO SEXAGESIMO PRIMO] (Müqəddəs Roma Kilsəsinin kardinalı Jül Mazarini bu kral kilsəsinin və bu kollecin 1661-ci ildə tikilməsini əmr etdi).
Günbəzin barabanında Mazarininin relyef formatlı gerbi yerləşdirilib: liktor fassiyası və üç ulduz. Vestibül vasitəsilə böyük oval həyətə keçmək olar; burada sol tərəfdə Mazarini kitabxanası, sağ tərəfdə isə memar Antuan Voduaye tərəfindən köhnə kral kapellasından yenidən qurulmuş Akademiklərin İclas Zalı yerləşir.Paris, 1996. — Р. 295
Vestibüldə memar Jül Arduen-Mansarın layihəsi əsasında 1689–1693-cü illərdə heykəltəraş Antuan Kuazevo tərəfindən Etyen Le Onqr və Jan-Batist Tübinin iştirakı ilə hazırlanmış kardinal Mazarininin monumental məqbərəsi ucalır. Lakin abidənin yeri bir neçə dəfə dəyişdirilmişdir. İnqilab dövründə söküntüyə və təhqirə məruz qaldıqdan sonra o, Fransa Abidələri Muzeyi üçün bərpa edilmiş, daha sonra Versala və nəhayət Luvra verilmişdir. Abidə 1964-cü ilə qədər Luvrda saxlanılmış, restavrasiya olunduqdan sonra isə öz ilkin yerinə qaytarılmışdır. Mazarininin nəşi itirildiyi üçün bu məqbərə hazırda bir kenotaf (boş məzar) hesab olunur.Henri Veyrier. Le Faubourg Saint-Germain. — Paris 1987
İstinadlar
Həmçinin bax
Paris Universiteti Fransa İnstitutu Paris Mazarini kitabxanası Sənətlər körpüsü Kardinal Mazarin
Biblioqrafiya
Babelon, Jean-Pierre (2001). originally at the website of the Institut de France (PDF)
Xarici keçidlər
Kateqoriya:Kardinal Mazarin Kateqoriya:Paris Universitetinin kollecləri Kateqoriya:Paris məktəbləri