2024 Avropa Parlamenti seçkiləri Avropa İttifaqında (Aİ) 6–9 iyun 2024-cü il tarixləri arasında keçirildi. Bu, 1979-cu ildə keçirilmiş ilk birbaşa seçkilərdən sonra keçirilən onuncu parlament seçkiləri və Brexitdən sonra baş tutan ilk Avropa Parlamenti seçkiləri idi. Ümumilikdə 27 üzv dövlətdən 450 milyondan çox insanı təmsil etmək üçün 720 Avropa Parlamenti üzvü (AP üzvü) seçildi. Bu seçkilər eyni zamanda bəzi Avropa İttifaqı ölkələrində keçirilən digər seçkilərlə də üst-üstə düşdü.
Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Xalq Partiyası Avropa Parlamentində ən çox yer qazandı. Aİ tərəfdarı olan mərkəzçi, liberal, sosial-demokrat və ekoloji partiyalar itkilərlə üzləşdilər, anti-Aİ mövqeli sağçı populist partiyalar isə mövqelərini gücləndirdilər. Sağ yönümlü Avropa Mühafizəkarları və İslahatçıları (ECR) qrupu mərkəzçi Renew Europe qrupunu geridə qoyaraq dördüncü ən böyük fraksiya oldu, Kimlik və Demokratiyanın davamçısı olan digər sağçı qrup — Avropa üçün Patriotlar isə üçüncü ən böyük qrup oldu. Bundan əlavə, ifrat sağçı Suveren Millətlər Avropası qrupu yaradıldı və parlamentdə ən kiçik fraksiyaya çevrildi. Ümumilikdə 187 AP üzvü (Parlamentin 26%-i) sərt sağ düşərgəyə aid idi ki, bu da tarixdə ən yüksək göstərici hesab olunur.
18 iyul 2024-cü ildə Ursula fon der Lyayen Avropa Parlamentində keçirilən gizli səsvermə nəticəsində yenidən Avropa Komissiyasının prezidenti seçildi.
Arxa plan
23–26 may 2019-cu ildə keçirilmiş əvvəlki seçkilərdə Parlamentdəki siyasi qruplar baxımından EPP və S&D ciddi itkilər verdi, liberal/mərkəzçi (Renew), Greens/EFA və Kimlik və Demokratiya (ID) isə mühüm uğurlar qazandı. ECR və Sol qruplarının təmsilçiliyi isə cüzi azaldı. Manfred Veberin rəhbərlik etdiyi Avropa Xalq Partiyası Avropa Parlamentində ən çox yer qazansa da, Veberin Komissiya prezidenti namizədliyi üçün digər partiyaların dəstəyini əldə edə bilmədi. İlkin siyasi çıxılmazlıqdan sonra Avropa Şurası kompromis namizəd kimi Ursula fon der Lyayeni Komissiya prezidenti vəzifəsinə irəli sürdü və Avropa Parlamenti onu 383 səslə (tələb olunan minimum 374 səs idi) seçdi. Daha sonra Komissiya bütövlükdə 27 noyabr 2019-cu ildə Avropa Parlamenti tərəfindən 461 səslə təsdiqləndi.
2019-cu il seçkilərində seçici fəallığı artdı və seçicilərin 50,7%-i səs verdi. Bu göstərici 2014-cü ildəki 42,5%-lik iştirakla müqayisədə daha yüksək idi. Bu, 1979-cu ildən bəri ilk dəfə idi ki, seçici fəallığında artım müşahidə olunurdu. 2024-cü ildə isə Eurobarometer məlumatları göstərirdi ki, avropalıların 71%-i iyun ayında səs vermək niyyətindədir ki, bu da 2019-cu illə müqayisədə 10% çox idi.
Son ümumavropa seçkilərindən sonra sağçı qüvvələr Avropada yüksəlişini davam etdirdi, lakin əsasən Rusiyanın Ukraynaya müdaxiləsi və Rusiya ilə münasibətlər məsələsinə görə parçalanmış vəziyyətdə qaldı. 2024-cü ildə Avropa seçkiləri öncəsində sağçı populist partiyalar Macarıstanda (Fidesz), İtaliyada (İtaliya Qardaşları), İsveçdə (İsveç Demokratları), Finlandiyada (Finlər Partiyası), Slovakiyada (Slovakiya Milli Partiyası) və Xorvatiyada (Vətən Hərəkatı) hakimiyyətdə iştirak edir və ya hökumətə dəstək verirdilər. Mərkəz-sağ yönümlü EPPnin, geniş mühafizəkar blok yaratmaq məqsədilə ECR partiyalarına yaxınlaşmaq cəhdləri bəzi şərhçilərin diqqətini çəkdi. Bu isə EPP-nin uzun illərdir hakimiyyəti mərkəz-sol S&D və mərkəzçi Renew Europe qrupu ilə paylaşdığı siyasi status-kvonu poza bilərdi.
Qatargeyt
2022-ci ilin dekabrında başlayan Qatargeyt korrupsiya qalmaqalı bir neçə AP üzvünün, o cümlədən Mark Tarabella, Andrea Kotzsolino və vitse-prezident vəzifəsindən uzaqlaşdırılan Eva Kaylinin həbsindən sonra Avropa Parlamentini sarsıtdı. İş üzrə digər şübhəlilər arasında AP üzvü Andrea Kotzsolinonun parlament köməkçisi Françesko Corci, Fight Impunity QHT-sinin təsisçisi Antonio Panzeri, No Peace Without Justice təşkilatının rəhbəri Nikolo Fiqa-Talamanka və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Vizentini də var idi. Qalmaqaldan sonra Avropa Parlamenti 2023-cü ilin sentyabrında öz prosedur qaydalarını və davranış kodeksini yenidən nəzərdən keçirdi.
Macarıstan
Avropa Parlamenti 2022-ci ildən etibarən Macarıstanı “hibrid rejimli seçkili avtoritarizm” kimi qiymətləndirir və Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə əsasən ölkənin Aİ dəyərlərini ciddi şəkildə pozmaq riski ilə üzləşdiyini hesab edir.
2024-cü ilin yanvarında Avropa Parlamenti üzvlərinin əksəriyyəti Avropa İttifaqı Şurasından Macarıstanın Müqavilənin 7-ci maddəsinə əsasən Aİ-də səsvermə hüququndan məhrum edilməsini nəzərdən keçirməyi tələb edən qətnamənin lehinə səs verdi.
Seçkilərin tarixi
Seçkilər üçün müəyyən edilən tarixlər Portuqaliyada 10 iyunda qeyd olunan milli bayram — Portuqaliya günü ilə üst-üstə düşən uzun istirahət günlərinə təsadüf edirdi ki, bunun seçici fəallığını azaldacağı gözlənilirdi. Portuqaliya rəhbərliyinin kompromis tapmaq cəhdlərinə baxmayaraq, tarixlərin dəyişdirilməsi üçün yekdillik tələb olunduğundan, standart 6–9 iyun tarixləri dəyişdirilmədi.
Seçki sistemi
Avropa Parlamentinə seçkilər Avropa İttifaqı haqqında Müqavilə, Avropa İttifaqının fəaliyyətinə dair Müqavilə və Avropa Parlamenti üzvlərinin ümumi birbaşa səsvermə yolu ilə seçilməsi haqqında Akt (Seçki Aktı) ilə tənzimlənir. Seçki Aktına əsasən seçki prosedurları aktın müddəaları çərçivəsində hər bir üzv dövlətin milli qanunvericiliyi ilə müəyyən edilir. Seçkilər proporsional təmsilçilik sistemi əsasında, ya partiya siyahısı sistemi, ya da vahid ötürülə bilən səs üsulu ilə keçirilir. Milli seçki baryeri verilmiş səslərin 5%-indən artıq ola bilməz.
Seçki islahatı cəhdləri
2018-ci ilin iyununda Şura Aİ seçki qanunvericiliyinin dəyişdirilməsi və 1976-cı il Seçki Aktının modernləşdirilməsi barədə razılığa gəldi. Yeni müddəalar 35-dən çox mandata sahib ölkələr üçün məcburi 2%-lik baryeri və seçicilərin bir neçə ölkədə səs verməsinin qarşısını alan qaydaları nəzərdə tuturdu. Avropa Parlamentinin razılığı ilə Akt 2018-ci ilin iyulunda qəbul olunsa da, bütün üzv dövlətlər onu 2019 seçkilərindən əvvəl ratifikasiya etmədilər və seçkilər köhnə qaydalarla keçirildi. 2025-ci ilə qədər islahat hələ də İspaniya tərəfindən ratifikasiya edilməmişdir; Kipr və Almaniya isə yalnız 2023/2024-cü illərdə ratifikasiya etmişdilər.
3 may 2022-ci ildə Avropa Parlamenti 28 yerin transmilli siyahılar üzrə seçilməsini nəzərdə tutan yeni seçki qanunu layihəsinin lehinə səs verdi. 2024-cü ilə qədər bu islahat Şura tərəfindən təsdiqlənməmişdir, çünki bunun üçün yekdil razılıq tələb olunur. Bu səbəbdən seçkilər 2002-ci ildə dəyişiklik edilmiş 1976-cı il Seçki Aktı əsasında keçirildi.
Qeydlər
İstinadlar
Əlavə ədəbiyyat Kaeding, M., Müller, M., & Hoppe, A. (Eds.). (2025). The 2024 European Parliament Elections: A Turn to the Right in the Shadow of War. Springer Cham. The 2024 European Parliament Elections Manuel Müller, Two years to go: What to expect from the 2024 European Parliament elections, Jacques Delors Centre, 30 May 2022. Special issue of the Journal of European Public Policy: "European Democracy in Action? The 2024 European Parliament Elections"
Xarici keçidlər
Official campaign programs by European political parties Alliance of Liberals and Democrats for Europe Party: "Your Europe, Your Freedom" European Christian Political Movement: "elevate. empower. engage." European Conservatives and Reformists Party: "Party Manifesto" European Democratic Party: "Reinventing Europe" European Free Alliance: "A Europe for All" European Green Party: "Courage to Change" European People's Party: "Our Europe" European Pirate Party: "Common European Election Program" Party of European Socialists: "The Europe We Want" Party of the European Left: "Our Moment" Volt Europa: "Electoral Moonshot Programme"