Əmir Seyid Alim xan və ya Seyid Mir Məhəmməd Alim xan (; ) — Buxara əmirliyinin sonuncu 12-ci əmiri. Özbək Manqıt soyunun və sülaləsinin nümayəndəsi. Atası Seyid Mir Əbdül Əhəd xanın ölümündən sonra taxta çıxmış, 10 yanvar 1911-ci ildən 30 avqust 1920-ci ilə qədər hakimiyyətdə olmuşdur.
1785-ci ildə qurulan Buxara əmirliyi 1868-ci ildən etibarən protektorat hüququ ilə Rusiya imperiyasının vassal dövləti statusuna malik idi. Seyid Alim xan Buxarada və Sankt-Peterburqda təhsil alıb. O, Rusiya imperiyasının ali hərbi rütbəli şəxslərinin övladlarının təhsil aldığı Sankt-Peterburq Nikolayev Kadet Korpusuna qəbul edilmişdir. 1896-cı ilin aprelində Terek kazak ordusuna qeyd edilməklə xorunji (kazak zabit rütbəsi) rütbəsi almış və fligel-adyutant təyin edilmişdir. Seyid Alim xanın tam titulu "Buxara Əmirinin Əlahəzrət Vəliəhdi" idi. Sankt-Peterburqdakı üçillik təhsili müddətində imperiyanın ali rütbəli şəxslərinin övladları arasında çoxlu dost və tanış qazanmış, həmçinin rus dilini mükəmməl öyrənmişdir. Gəncliyindən poeziyaya maraq göstərmiş, elə o dövrdə, əsasən fars dilində şeirlər yazmağa başlamışdır. 7 yanvar 1911-ci ildə Buxara əmiri Seyid Əbdül Əhəd xan vəfat etmiş və vəliəhd elə həmin gün rəsmən vəzifəsinin icrasına başlamışdı. II Nikolay Seyid Alim xana "Əlahəzrət" titulunu bəxş etmiş və taxta çıxması münasibətilə onu təbrik etmişdir. Əmir Seyid Alim xan bundan sonra nə özünün, nə də yaxınlarının heç bir hədiyyə və bəxşiş qəbul etməyəcəyini bəyan etmiş, məmurlara və vəzifəli şəxslərə xalqdan rüşvət almağı, vergiləri şəxsi məqsədlər üçün istifadə etməyi qəti şəkildə qadağan etmişdir. Seyid Alim xan Rusiya imperiyası, Britaniya imperiyası, Əfqanıstan Əmirliyi, Qacar dövləti, Osmanlı imperiyası və qonşu Xivə xanlığı ilə yaxşı münasibətlər saxlamışdır. Əmir Seyid Alim xanın şəxsi vəsaiti hesabına Sankt-Peterburqda Sankt-Peterburq Cümə Məscidi və Buxara Əmirinin Evi tikilmişdi. 13 may 1911-ci ildə Buxara Əmiri Əlahəzrət Seyid Alim Terek kazak ordusunda saxlanılmaqla və Əlahəzrət İmperatorun Məiyyətinə (Svitasına) qəbul edilməklə general-mayor rütbəsinə layiq görüldü.
Buxaradakı inqilab və əmirlik ərazisində Buxara Xalq Sovet Respublikasını quran Qızıl Ordunun müdaxiləsi səbəbindən qonşu Əfqanıstan Əmirliyinə getmək məcburiyyətində qalıb. Hakimiyyətini geri qaytarmaq və əmirliyi yenidən dirçəltmək ümidi ilə Britaniya imperiyası ilə əməkdaşlıq etmişdir.
Həyatı Seyid Mir Məhəmməd ibn Əbdül Əhəd xan Alim Xan 3 yanvar 1880-ci ildə Buxara əmirliyinin paytaxtı Buxara şəhərində anadan olub. Atası o vaxtkı Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan babası isə Seyid Müzəffərəddin Bahadur xan olub.
Seyid Alim xan ibtidai təhsilini Buxaradakı Mir Ərəb mədrəsəsində almışdır. 1893-cü ildə, on üç yaşında olarkən, Seyid Mir Əbdül Əhəd xan tərəfindən dövlət idarəçiliyi və hərb işini öyrənmək üçün Sankt-Peterburqa göndərilmişdir. Rusiya imperiyasının ali hərbi rütbəli şəxslərinin övladlarının təhsil aldığı Sankt-Peterburq Nikolayev Kadet Korpusuna qəbul edilmişdir. 1896-cı ilin aprelində Terek kazak ordusuna qeyd edilməklə xorunji (kazak zabit rütbəsi) rütbəsi almış və fligel-adyutant təyin edilmişdir. Elə həmin il təhsilini başa vurub Buxaraya qayıtmış və imperiyanın paytaxtında Buxara taxt-tacının varisi statusunu təsdiqlətmişdir. Seyid Alim xanın tam titulu "Buxara Əmirinin Əlahəzrət Vəliəhdi" idi. Sankt-Peterburqdakı üçillik təhsili müddətində imperiyanın ali rütbəli şəxslərinin övladları arasında çoxlu dost və tanış qazanmış, həmçinin rus dilini mükəmməl öyrənmişdir. Doğma özbək dili ilə yanaşı, fars dilini də bilirdi, çünki bu dil Buxara əmirliyində rəsmi dil idi. Gəncliyindən poeziyaya maraq göstərmiş, elə o dövrdə, əsasən fars dilində şeirlər yazmağa başlamışdır.
Karyerası
Hakimiyyətə gəlişi 250px|thumb|left|Seyid Alim xan 1910-cu ildə
Buxaraya qayıtdıqdan iki il sonra Buxaranın cənub-şərqində yerləşən Nəsəf vilayətinin (indiki Qarşi şəhəri və ətrafı) bəyi (hakimi) təyin edilmişdir. Sonrakı illərdə əmirliyin ən böyük və ən mühüm vilayətlərindən biri olan Kərmənə vilayətinin (indiki Kərmənə, Nəvai şəhərləri və ətrafları) hakimi vəzifəsini tutmuşdur. 1909-cu ilin dekabrında Terek kazak ordusunda xidmət edən, fligel-adyutant rütbəsi və podpolkovnik (voyskovoy starşina) çini daşıyan Seyid Alim xan polkovnik rütbəsinə layiq görülmüşdür.
7 yanvar 1911-ci ildə Seyid Alim xanın atası, Buxara əmiri Seyid Əbdül Əhəd xan vəfat etmişdir. Vəliəhd elə həmin gün rəsmən vəzifəsinin icrasına başlamış, lakin əmirlikdə əmirin vəfatı ilə əlaqədar yas saxlanıldığı və dəfn mərasimləri icra edildiyi üçün təntənəli tacqoyma mərasimi bir ay sonra baş tutmuşdur. II Nikolay Seyid Alim xana "Əlahəzrət" titulunu bəxş etmiş və taxta çıxması münasibətilə onu təbrik etmişdir. Əmir Seyid Alim xan bundan sonra nə özünün, nə də yaxınlarının heç bir hədiyyə və bəxşiş qəbul etməyəcəyini bəyan etmiş, məmurlara və vəzifəli şəxslərə xalqdan rüşvət almağı, vergiləri şəxsi məqsədlər üçün istifadə etməyi qəti şəkildə qadağan etmişdir. Buna baxmayaraq, məmurların özbaşınalığı davam etmiş və bu hal Sədrəddin Ayni ilə Dmitri Loqofet tərəfindən ətraflı şəkildə təsvir olunmuşdur. Seyid Alim xan Rusiya imperiyası, Britaniya imperiyası, Əfqanıstan Əmirliyi, Qacar dövləti, Osmanlı imperiyası və qonşu Xivə xanlığı ilə yaxşı münasibətlər saxlamışdır.
Atasının hakimiyyəti dövründən başlayaraq əmirlikdə pulsuz təhsil, demokratik islahatlar, maarifçiliyin, ədəbiyyatın (xüsusilə poeziyanın) və jurnalistikanın inkişafını müdafiə edən Cədidizm hərəkatı yarandı. Rusiya imperiyasının Orta Asiya mülklərinin ərazisini Krım tatar maarifçisi İsmayıl Qaspıralı ziyarət etmişdi. O, 1893 və 1907-ci illərdə Buxara əmiri Seyid Əbdül Əhəd xan və yerli ziyalıların nümayəndələri ilə görüşmüşdü. Əmirlikdə cədidçilərin səyi ilə bir neçə dünyəvi məktəb açıldı və burada müxtəlif sosial təbəqələrdən olan uşaqlar dünyəvi elmləri və fənləri pulsuz öyrənirdilər. İctimai-siyasi qəzet və jurnallar nəşr olunmağa başladı, bəzi cədidçilər öz traktat və kitablarını buraxdılar. Bu dövri mətbuatda onlar əmiri və onun ətrafındakıları lağa qoyan məqalələr, satirik şeirlər və karikaturalar dərc edirdilər. 250px|thumb|right|alt=y6|Əmir Seyid Alim xanın inşa etdirdiyi Sankt-Peterburq Cümə Məscidi
1917-ci ildən sonra bütün bunlar Seyid Alim xanın ətrafı tərəfindən əmirliyin siyasətinə qarşı açıq çıxış kimi qəbul edildi. Bəzi cədidçilər həbs olunaraq Buxara zindanına salındı, onların bir hissəsi şəriətə uyğun olaraq müxtəlif cəzalara, o cümlədən qırmancla döyülməyə məhkum edildi. Sədrəddin Ayni də belə bir cəzaya məhkum olunmuşdu. Cədidçilərin kütləvi təqiblərindən sonra onların əksəriyyəti əmirliyi tərk etmək qərarına gəldi və əsasən Səmərqənd və Daşkənddə məskunlaşdı. Bu iki şəhər Rusiya imperiyasının Türküstan vilayətinin tərkibinə daxil idi və əmirliyin qanunları orada keçərli deyildi. Orada cədidçilər öz qəzetlərini, jurnallarını və digər ədəbiyyatlarını nəşr etməyə başladılar və bunları gizli yollarla Buxaraya ötürürdülər. Buna baxmayaraq, əmirin ətrafındakıların bir hissəsi yenə də cədidçiləri dəstəkləyirdi. Seyid Alim xana ən böyük təsiri isə radikal İslama etiqad edən İslami (dini) yaxınları və müşavirləri göstərirdilər, buna görə də Buxara müsəlman dünyasında "İslamın güclü qalası" kimi tanınırdı.
1917-ci ilin baharına qədər əmirin ətrafında olan tanınmış şəxslər sırasına Çar Rusiyası ordusunun ilk özbək generallarından biri, Mir Heydər Mirbədəlov da daxil idi. Buxara əmirinin pulu hesabına Sankt-Peterburqda Sankt-Peterburq Cümə Məscidi və Buxara Əmirinin Evi tikilmişdi. 13 may 1911-ci ildə Buxara Əmiri Əlahəzrət Seyid Alim Terek kazak ordusunda saxlanılmaqla və Əlahəzrət İmperatorun Məiyyətinə (Svitasına) qəbul edilməklə general-mayor rütbəsinə layiq görüldü. 22 fevral 1913-cü ildə Səid Alim xan Xivə xanı İsfəndiyar xanla birlikdə Sankt-Peterburqda ilk cümə məscidinin açılışında iştirak etdi.Saint Petersburg mosque in "Russian Mosques" (English translation), accessed October 2011 30 dekabr 1915-ci ildə Terek kazak ordusunda qeydiyyatda olan, İmperator Məiyyətinin general-mayoru Əlahəzrət Buxara Əmiri Seyid Alim xidmətdə fərqləndiyinə görə general-leytenant rütbəsinə yüksəldildi, Rusiya İmperatorunun general-adyutantı təyin edildi və Terek kazak ordusundakı xidməti saxlanıldı.
Devrilməsi 1917-ci ildə Rusiya imperiyasında inqilabın başlamasından və Buxaradakı nümayişlərdən sonra əmir, demokratik islahatların tərəfdarlarına (gənc buxaralılar) qarşı repressiyalara başladı. Qırmızı Ordu Buxaranı hücumla ələ keçirdikdə, o, ölkənin baş naziri (quşbəyi) Nizaməddin Urgənci də daxil olmaqla bir qrup məmurla birlikdə Buxara əmirliyinin şərqinə, daha sonra isə sığınacaq tapdığı Əfqanıstana qaçdı. Yalnız əmir qovulduqdan sonra Buxarada quldarlıq tamamilə ləğv edildi. Rəsmi olaraq qul ticarəti hələ 1873-cü ildə onun babası Müzəffər xan tərəfindən qadağan edilmiş, quldarlıq isə 1885-cü ildə atası Seyid Əbdül Əhəd xan tərəfindən ləğv olunmuşdu. Buna baxmayaraq, bütün bu onilliklər ərzində əmirlər hərəmxanalarında qeyri-qanuni olaraq kənizlər, sarayda isə nökərlər saxlamağa davam edirdilər və ölkədəki qanunsuz quldarlığa göz yumurdular. Çünki bu mütərəqqi qanunvericilik onlara Rusiya imperiyası tərəfindən məcburi qəbul etdirilmişdi.
Mühacirətdə Qaragül qoyunu dərisi ticarəti ilə məşğul olaraq dolanışığını təmin edirdi. Bəzi məlumatlara görə, Basmaçı hərəkatını dəstəkləyirdi. Qocalıqda demək olar ki, tamamilə kor olmuşdu, Rusiya Dövlət Bankındakı bank hesabları isə SSRİ hakimiyyətinin tələbi ilə dondurulmuşdu. Bəzi mənbələrə görə, əmirin bu bankda təxminən 27 milyon qızıl rublu, Rusiyanın özəl kommersiya banklarında isə daha 7 milyona yaxın vəsaiti saxlanılırdı. O da məlumdur ki, 1917-ci ilin yayında Buxaradakı rus rezidenti Aleksandr Miller və sənayeçi İvan Staxeyevin vasitəçiliyi ilə əmir Seyid Alim xan Fransa və İngiltərə banklarına 150 milyon rubl yerləşdirmişdi. Daha sonra isə eyni yolla daha 32 milyon rubl köçürülmüşdü. Məzarı üstündə bu sözlərin yazılmasını vəsiyyət etmişdi: "Vətənsiz əmir acınacaqlı və rəzildir. Vətənində ölən dilənçi isə həqiqi əmirdir".
Əmir Seyid Alim xan 5 may 1944-cü ildə Kabildə vəfat etmişdir.
Seyid Alim xanın övladlarının danışdıqlarına görə, onun ən sevdiyi təamlar qoyun əti ilə bişirilmiş plov, həmçinin səməni halvası və nişallo (şirniyyat növü) idi.
Varisləri
Seyid Alim xanın hazırda sayı təxminən 500 nəfərə çatan kifayət qədər çoxsaylı nəsli var. Əmirin həyatının son illərində, bir neçə nəfər istisna olmaqla, demək olar ki, bütün nəsli onunla birlikdə idi. 1920-ci ilin avqust ayının sonlarında Qırmızı Ordu Buxaranı sürətlə mühasirəyə alaraq bombalamağa və hücum etməyə başladığı üçün Seyid Alim xan tələsik özünü, ailəsini və yaxınlarının bir hissəsini təxliyə etməyə başladı. Qəfil baş verən məcburi təxliyə zamanı, naməlum səbəblərdən onun təxminən 8-10 (digər məlumatlara görə 4-6) yaşlarında olan üç azyaşlı oğlu — Sultanmurad, Şahmurad və Rəhimxan Buxarada qaldı. Buxaranı ələ keçirdikdən sonra bolşeviklər onları tapdılar və ilkin olaraq (II Nikolayın ailəsi və yaxınları ilə birlikdə güllələnməsinə bənzər şəkildə) əmirin geridə qalan bir neçə ailə üzvü və yaxınları ilə birlikdə güllələmək istədilər. Lakin sonradan öz xeyirlərinə təbliğat aparmaq məqsədilə onları sağ buraxdılar və hər üçünü Moskvaya — həlak olmuş bolşeviklərin və Qırmızı Ordu əsgərlərinin yetim qalmış uşaqları üçün nəzərdə tutulmuş uşaq evinə tərbiyə olunmağa göndərdilər.