Biznes simulyasiyası — daxili şəraitinə görə müvafiq real iqtisadi vahidə (müəssisə bölməsi, müəssisə, sahə, dövlət) maksimum dərəcədə yaxınlaşdırılmış iqtisadi sistemin interaktiv modelidir.

Biznes simulyasiyası təhsil məqsədi daşıyır: iştirakçının müvafiq vərdiş və kompetensiyalar əldə etməsi. Bu xüsusiyyət onu digər proqram təminatı məhsullarından, xüsusilə böyük əksəriyyəti əyləncə sahəsinə aid olan iqtisadi oyunlardan keyfiyyətcə fərqləndirir.

Qeyd etmək lazımdır ki, biznes simulyasiyası konsepsiyasında mövcud olan yanaşmaların kompleksliliyi və sistemliliyi tədris prosesində oyun prosesinin elementlərini tətbiq etməyə imkan verir ki, bu da təlim tapşırıqları ilə düzgün balanslaşdırıldıqda təhsil nəticələrinin effektivliyini artırır. Məhz bu, biznes simulyasiyasını ayrı bir kateqoriyaya ayırmağa imkan verir.

Biznes simulyasiyalarının interaktiv xarakteri iştirakçılara şirkətin idarə olunması üzrə ilkin vərdiş və kompetensiyalarını əldə etmək və inkişaf etdirmək üçün geniş imkanlar yaradır: strategiyaların yaradılması, taktik və əməliyyat tapşırıqlarının həlli — yəni yalnız praktiki fəaliyyətdə mənimsənilməsi mümkün olan hər şeyi öyrənmək imkanı verir.

Biznes simulyasiyası Qərb tipli təhsil sistemində, xüsusən universitetlərdə və biznes məktəblərində yalnız tələbələrin təlimi üçün deyil, həm də rəhbər şəxslərin hazırlanması üçün təlim metodu kimi geniş istifadə olunur.

Biznes simulyasiyaları kompyuter, masaüstü və işgüzar oyunlara bölünür. Masaüstü biznes simulyasiyalarında əsas proseslər, qəbul edilən qərarlar və prosedurlar xüsusi hazırlanmış oyun sahələrində, digər blank və kartoçkalarda əks olunur. Kompyuter biznes simulyasiyası — qəbul edilmiş qərarların təhlilini biznes reallıqlarını modelləşdirən kompyuter proqramının həyata keçirdiyi interaktiv oyundur. İşgüzar oyunlar çox vaxt şəhər və ya yol prinsipi üzrə formalaşdırılır; bu yol boyunca hərəkət edərək qoyulmuş tapşırıqlara çatmaq və müvafiq vərdişləri nümayiş etdirmək tələb olunur.

Tarixi

Tədris məqsədləri üçün hər hansı simulyasiyaların tətbiqinin ilk forması oyun prosesi olmuşdur. Tarixdən məlumdur ki, Çində təxminən b.e.ə. 3000-ci ildə hərbi təlimlər üçün xüsusi simulyator-oyun tətbiq edilirdi. Bu simulyator şahmat oyununa bənzəyirdi.

Qərb dünyasında hərbi tədris oyunları XIX əsrin ortalarında Almaniyada xəritə üzərində keçirilən hərbi-taktiki təlimlərdən başlanğıc götürür (Fariya və Dikinson). Bundan əlavə, Fariya və Dikinson qeyd edirlər ki, müxtəlif hərbi oyunlar Yaponiyada hələ İkinci Dünya müharibəsindən əvvəl tətbiq olunurdu, ingilislər və amerikalılar isə onlardan döyüş strategiyasını yoxlamaq üçün istifadə edirdilər.

1930 və 1940-cı illərdə modelləşdirmənin hərbi təcrübəsindən mülki müəssisələrin idarə olunmasında istifadə edilməyə başlanmışdı. Biznes simulyasiyalarının (işgüzar oyunlar) təkamülünün bəzi aspektlərini 1955-ci ilə aid etmək mümkündür; həmin dövrdə məşhur Rand Corporation korporasiyası mövcud təchizat sistemi çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatlarının idarə olunmasını modelləşdirən işgüzar oyun hazırlamışdı. Qrinlou təsdiq edir ki, biznes simulyasiyalarını üç sahədəki ilk işləmələrin nəticəsi hesab etmək olar: hərbi oyunlar, əməliyyatların tədqiqi və tədris rol oyunları.

thumb|right|200px|Yeni Zelandiya Mərkəzi Bankında yaradılmış olan MONIAC

1949-cu ildə Yeni Zelandiyada London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin tələbə-iqtisadçısı Uilyam Fillips Böyük Britaniyanın milli iqtisadi proseslərini modelləşdirmək üçün MONIAC-ı (Feliks hidravlik kompyuteri) yaratmışdır. MONIAC iqtisadiyyat proseslərini modelləşdirmək üçün flüidikadan (şırnaq loqikası) istifadə edən analoq kompyuter idi. MONIAC tədris vəsaiti kimi istifadə üçün nəzərdə tutulmuşdu, lakin iqtisadi simulyator kimi də effektiv oldu. Fillips və onun köməkçisi Uolter Nyulin aşkar etdilər ki, MONIAC-ı ± 2% dəqiqliklə kalibrləmək mümkündür. Parametrlərin seçilməsi "dayanıqlı iqtisadiyyata" gətirib çıxardıqda kompyuterin vəziyyəti stabilləşirdi. Nəticələri ibtidai plotterə ötürmək mümkün idi.

Neylorun fikrincə, biznesdə və iqtisadiyyatda oyunların istifadəsi 1956-cı ildən başlanır; həmin il American Management Association ilk "decision-making" oyununu işləyib hazırlamış və bu oyun "Top Management Decision Game" adlandırılmışdır. Fariya və Dikinsonun, eləcə də Qrinlounun əsərlərində bu ilk geniş məlum olan biznes-modelləşdirmənin qiymətləndirilməsini tapmaq mümkündür, baxmayaraq ki, Qrinlou oyunun tətbiq tarixini 1957-ci il kimi göstərir və bunun rəqabətli işgüzar oyunun ilk qeyri-hərbi analoqu olduğunu qeyd edir. Qrinlou diqqəti ona çəkmişdir ki, Top Management Decision Game onlarca digər biznes simulyasiyasının işlənməsini və tətbiqini stimullaşdırmışdır.

Akademik dairələrdə biznes simulyasiyalarına marağın artması aşağıdakı faktorlarla qidalanırdı: tələbələrin sayının artması; yeni tədris kurslarının sayının çoxalması; təlimin müxtəlif, o cümlədən qeyri-klassik metodlarının populyarlığının artması; yeni texnologiyaların əlçatanlığı.

Larsen və Lomi biznes simulyasiyalarının mahiyyətində baş verən dəyişiklikləri təsvir edirlər. Onlar bildirirlər ki, 1980-ci illərin əvvəllərinə qədər modelləşdirmədən şirkətlərin pul və maliyyə göstəricilərindən tutmuş ölkədəki inflyasiya və işsizliyə qədər müxtəlif səviyyəli dəyişən alt sistemlərin davranışını proqnozlaşdırmaq üçün istifadə olunurdu. Onlar iddia edirlər ki, sonrakı 15 il ərzində modelləşdirməyə olan münasibət dəyişmişdir.

Uzun müddət ərzində modelləşdirmənin əsas vəzifəsi iqtisadi göstəricilərin proqnozlaşdırılması idi. Lakin son zamanlar modelləşdirmə ayrı-ayrı təsərrüfat subyektlərinin və ya hətta bütöv bir iqtisadiyyat sektorunun problemlərini və perspektivlərini başa düşməyə imkan verən bir alətə çevrilmişdir. Başa düşmə aləti kimi modelləşdirmə biznes simulyasiyalarında geniş istifadə olunmağa başlamışdır. Larsen və Lomi qeyd etmişdilər ki, kompyuter simulyasiya modellərində vurğu dəyişmişdir: Gələcəyin qabaqcadan görünməsindən gələcəkdə hadisələrin inkişafının bir neçə ssenarisinin bu gün qəbul edilməli olan qərarlar və hərəkətlərlə necə bağlı ola biləcəyinin başa düşülməsinə doğru; Ən yaxşı strategiyanın layihələndirilməsindən gələcəkdə hadisələrin inkişafının müxtəlif ssenariləri mövcud olduqda strategiyanın necə inkişaf edəcəyinin və/və ya keçmiş hadisələrin indiki zamanın qavranılmasına necə təsir etdiyinin təhlilinə doğru.

1990-cı illərin sonlarında Qərb şirkətləri arasında özlərinin korporativ liderliyin inkişafı proqramlarını genişləndirmək üçün biznes simulyasiyalarının layihələndirilməsi və adaptasiyası geniş yayılmışdır. İşgüzar oyunlar tez-tez strategiyanın işlənməsinə və işgüzar fəhmin inkişafına yönəldilir. Bu cür biznes simulyasiyaları iştirakçılara qərar qəbul etmədə öz vərdiş və kompetensiyalarını yoxlamağa, səhvlər etməyə, onları düzəltməyə və müvafiq nəticələr çıxarmağa imkan verir.

Dikinson və Fariya təsdiq edirlər ki, hazırda ABŞ-da 250-dən çox işgüzar oyun istifadə olunur və bu oyunlara biznes üzrə təlim proqramları təklif edən 1 900-dən çox kollecdə təxminən 9 000 müəllim cəlb edilmişdir.

Biznes simulyasiyalarının tipləri

Biznes simulyasiyaları bir çox əlamətlərə görə təsnif edilə bilər. Biqqsin taksonomiyasına əsasən, onları aşağıdakı tiplərə bölmək olar:

Tiplər Alternativlərin təsviri Funksional və kompleks (bütöv) Məhdud funksional sahədə (məsələn: marketinq, istehsalat, maliyyə və s.) qərar qəbul edilməsinə diqqəti cəmləmək üçün və ya ali idarəetmə səviyyəsinin vərdişlərini inkişaf etdirmək məqsədilə bütöv müəssisənin fəaliyyətini simulyasiya etmək üçün işlənilənlər. Rəqabətli və qeyri-rəqabətli Bir iştirakçının qərarları ilə digərlərinin nəticələri arasında qarşılıqlı əlaqənin olması və ya olmaması. İnteraktiv və qeyri-interaktiv Simulyasiyada administrator (moderator) rolunun olması və ya olmaması. Sahəvi və ümumi Ayrı-ayrı sahələrin iqtisadi proseslərinin simulyasiyasına və ya ümumi iqtisadi proseslərə yönəldilmiş simulyasiyalar. Komandalı və fərdi Simulyasiyada qərarların müştərək (qrup şəklində) və ya fərdi olaraq qəbul edilməsi. Deterministik və stoxastik Qərarın qəbul edilməsi və onun nəticəsinin ehtimal olunma (stoxastik) və ya müəyyən edilmiş (deterministik) xarakter daşıması. Mürəkkəblik dərəcəsi Mürəkkəbliyin iki ölçüsü: 1) iqtisadi modelin mürəkkəbliyi; 2) simulyasiyada mürəkkəblik dərəcəsinin seçilməsi imkanının olması. Modelləşdirmənin zaman dövrü Modelləşdirmə üçün seçilmiş dövrün həcmi. Məsələn: rüb, gün, il və s.

Simulyasiya ssenarisi

Biznes simulyasiyasında ssenari süni şəraitdə yaradılmış mühitdə inkişaf edir və iştirakçıya konkret vəziyyətdə necə hərəkət edəcəyi ilə əlaqədar fərdi və ya komanda formasında əsaslandırılmış qərar qəbul etmək təklif olunur. Çox vaxt bir neçə alternativ mövcud olur, bu zaman seçim əsasında qərarların qəbul edildiyi "qərar ağacının" tərkib hissəsi kimi cıxış edir. Tədris prosesi ərzində müəyyən vaxt intervallarında əks-əlaqə təmin edilir.

Biznes simulyasiyalarında riyazi modelləşdirmə

Riyazi baxımdan biznes simulyasiyası öz daxilolan və çıxan məlumatlarına sahib olan bir modeldir. Simulyasiyanın riyazi modeli üçün daxilolan məlumatlar iştirakçıların rəqəmsal ifadəyə malik qərarlarıdır. Çıxan məlumatlar isə bu qərarların real iqtisadi prosesləri simulyasiya edən xüsusi alqoritmlər vasitəsilə emalının nəticəsidir.

Biznes simulyasiyalarında iqtisadi proseslərin modelləşdirilməsi həm qlobal səviyyəni, həm də müəssisə səviyyəsini və ya hətta onun ayrı-ayrı struktur bölmələrini əhatə edə bilər.

Riyazi model ilə iştirakçı arasında interaktiv əlaqəni sadələşdirmək üçün intuitiv səviyyədə modelin çıxan məlumatlarının, habelə məntiqi proseslərin strukturunun başa düşülməsini təmin edən xüsusi qrafik interfeys yaradılır.

Biznes simulyasiyalarının təlimdə istifadəsi

Biznes simulyasiyaları müasir dövrdə tədris məqsədləri üçün geniş istifadə olunur. Bir çox ali təhsil müəssisələrinin tədris prosesinə daxil edilməsi, miqyaslı təlim konfransları çərçivəsində keçirilməsi və modullu inkişaf proqramlarına inteqrasiya olunması buna sübutdur.

Biznes simulyasiyalarının təlimdə istifadə imkanları Qərb pedaqogikasında "təcrübi təlim" () konsepsiyasının yaranması ilə sıx əlaqədardır; bu, fəaliyyət vasitəsilə təlim və ya praktika vasitəsilə təlim kimi tərcümə olunur.

Biznes simulyasiyası ən effektiv təhsil texnologiyalarından biridir, çünki iştirakçılara təlim prosesində vərdişlər, kompetensiyalar və praktiki təcrübə əldə etməyə imkan verir. Məhz buna görə də onlar dünyanın bir çox universitet və biznes məktəblərinin tədris prosesində geniş tətbiq edilir.

Biznes simulyasiyaları əsasında yaradılan simulyasiya oyunları bir sıra üstünlüklərə malikdir: Risksiz zona — oyundakı səhvlər biznesin iflasına gətirib çıxarmır; Miqyasın dəyişməsi — şirkətin iyerarxiyasında iqtisadçıdan tutmuş top-menecerə qədər müxtəlif mövqeləri tutmaq imkanı; Maliyyə savadlılığının artırılması — innovativ formatda yeni biliklərin əldə edilməsi; Komanda işi — kollektivdə kommunikasiya və qarşılıqlı əlaqə vərdişlərinin təkmilləşdirilməsi.

Bundan əlavə, təlimdə biznes simulyasiyalarının tətbiqi dövrümüzün obyektiv zərurətinə çevrilmişdir. Simkinsin qeyd etdiyi kimi, böyük dərəcədə mühazirə formatından asılı olan təlim metodları tələbələrdə koqnitiv tədris vərdişlərinin inkişaf etdirilməsi və ən yaxşı tələbələr arasında iqtisadiyyatın cazibədarlığının artırılması üçün kifayət qədər effektiv deyildir.

Hazırda biznes simulyasiyaları bazarında təkliflər aşağıdakı kimi təsnif olunur: Hazır ("qutulu") Qərb həlləri. Bu cür biznes simulyasiyalarına olan tələbat, ilk növbədə, nisbətən aşağı qiymətlə əlaqədardır, lakin yerli biznes reallıqlarına aşağı adaptasiya dərəcəsində özünü göstərən müəyyən çətinliklər yaradır. Adaptasiya edilmiş Qərb biznes simulyasiyaları. İkinci dərəcəli oyun elementləri baxımından daha aktualdır. Bu zaman oyunun riyazi modelinə qoyulmuş əsas elementlər dəyişməz olaraq qalır.