İsveçli Marta Sofiya Luiza Daqmar Tira (; ) — İsveç kralı II Oskarın nəvəsi, Norveç vəliəhd-şahzadəsi. Ərinin taxta çıxmasından öncə vəfat etdiyi üçün kraliça ünvanı ala bilmədi.
Həyatı 28 mart 1901-ci ildə Stokholmda dünyaya gəldi. Atası İsveç kralı II Oskarın oğlu şahzadə Karl Bernadot, anası isə Danimarka kralı VIII Frederikin qızı İngeborqdur. Doğulduğu əsnada babası II Oskar hələ taxtda idi. Ancaq 6 yaşında ikən babası vəfat etdi və əmisi V Qustav taxta çıxdı. Atasının taxt sıralamasında geridə olması onlara daha sadə və sərbəst həyat yaşamağa imkan verdi. Bacıları Astrid və Marqarita ilə birlikdə mükəmməl saray təlim-tərbiyəsi aldı.
1928 Amsterdam Yay Olimpiya oyunları əsnasında Norveç kralı VII Haakonun oğlu vəliəhd-şahzadə Olafla tanış oldu. Cütlük oyunlar əsnasında eşq yaşadılar və qısa zaman sonra nişanlandılar. Üstəlik seçilən bəy namizədi onun dayısı oğlu və və özü kimi Danimarka kralı VIII Frederikin nəvəsi idi. Cütlüyün toy mərasimi 21 mart 1929-cu ildə Osloda baş tutdu. Bu, siyasi parçalanmadan sonra İsveç və Norveç monarx ailələri arasında baş tutan ilk evlilik oldu. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi.
Qısa zamanda Norveç monarx ailəsində populyarlaşdı və xalq tərəfindən sevildi. Belçika kraliçası olan bacısı Kraliça Astridin avtomobil qəzası nəticəsindəki ölümü onu dərindən sarsıtdı. Geridə qalan 3 körpə övladına ömürboyu dəstək oldu. 1938-ci ildə qaynanası Kraliça Maudun vəfatının ardından Norveç Kral sarayının ən güclü qadın siması oldu.
İkinci Dünya müharibəsi başlamazdan öncə cütlük ABŞ-a rəsmi səfərə yollandı. Səfər əsnasında prezident Franklin Ruzvelt və xanımı Elyanora Ruzvelt tərəfindən mehriban qarşılanan cütlük müxtəlif ABŞ əyalətlərini gəzdilər.
İkinci Dünya müharibəsinin başlanğıcında Norveç bitərəfliyini davam etdirsə də, daxili səfərbərlik hərəkatı başlamışdı. Vəliəhd-şahzadə Martanın 26 yanvar 1940 tarixli rəsmi bəyanatında Norveçli xanımları səfərbərliyə dəstək çağırışı sonrakı mərhələdə ölkənin özünü müdafiə ruhuna böyük təkan oldu. 9 aprel 1940-cı ildə Norveçin Nasist Almaniyası tərəfindən işğalının ardından qaynatası VII Haakon və əri vəliəhd-şahzadə Olaf ölkənin şimal regionuna qaçırıldı. Vəliəhd-şahzadə Marta və övladları isə təhlükəsizlik baxımından dərhal ölkədən çıxmalı idi və seçilən yer Martanın doğma vətəni İsveç oldu. Sərhəddə yaranan pasport probleminə baxmayaraq, Stokholma gələn vəliəhd-şahzadə Martanın burdakı varlığı bir çox siyasi fiqurları tərəfindən isveçin bitərəfliyinə zərər verməsi kimi qiymətləndirildi. Belə ki, doğma əmisi olan İsveç kralı V Qustav da onun ölkəni tərk etməsi tərəfdarı idi. Nəhayət, ABŞ prezidenti Franklin Ruzveltin şəxsi dəvətiylə Finlandiya sahillərinə göndərilən ABŞ-a məxsus döyüş gəmisiylə Avropadan ayrılan vəliəhd-şahzadə Marta və övladları bir müddət Ağ evdə qonaq edildilər. O əsnada əri vəliəhd-şahzadə Olaf atası VII Haakonla birlikdə Britaniyaya qaçaraq burada yeni bir hökumət qurmuş və müharibənin gedişatını burdan izləməkdə idi. Bu səbəblə, bir çox cütlük kimi onlar da müharibə illərini ayrı keçirməli oldular.
Müharibə illərində prezident Franklin Ruzvelt və xanımı Elyanora Ruzveltlə yaratdğıı yaxın münasibət sayəsində ABŞ Norveç ordusuna xeyli hərbi dəstək verdi. Amerikan Qızıl Xaç cəmiyyətinə etdiyi maliyyə dəstəyi amerikalıların sevgisini qazandırdı. Hətta dövrün bəzi yazarları, hətta prezidentin oğlu Ceyms Ruzveltin sonrakı açıqlamalarına görə, bu dövrdə şahzadə Martanın prezidentlə eşq yaşamışdı. Ancaq bu iddialar heç vaxt öz təsdiqini tapmadı.
Müharibənin ardından övladlarıyla birgə Norveçə dönən vəliəhd-şahzadə Marta burada coşquyla qarşılandı və "Xalq anası" olaraq adlandırıldı. Qaynatası VII Haakonun yaşlılığı səbəbilə əri vəliəhd-şahzadə Olafla birgə daha çox rəsmi vəzifələr yerinə yetirməyə başladılar.
Ancaq müharibədən sonra səhhəti pisləşmişdi. Uzun müddət əziyyət çəkdiyi xəstəliyin ardından, 5 aprel 1954-cü ildə Osloda vəfat etdi. Ölüm səbəbi mübahisəli olsa da, hepatit və ya xərçəng xəstəliyi olaraq göstərildi.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriŞahzadə Raqnild9 iyun 193016 sentyabr 2012 (82 yaşında)Erlinq Lorensen (15 may 1953)Haakon Lorensenİngeborq LorensenRaqnild LorensenŞahzadə Astrid12 fevral 193211 sentyabr 2026 (94 yaşında)İohan Ferner (12 yanvar 1961)Yekaterina FernerBenedikt FernerAleksandr FernerYelizaveta FernerKarl-Kristian FernerV Harald21 fevral 193728 avqust 2026 (89 yaşında)Sonya Haraldsen (29 avqust 1968)Marta LuizaVIII Haakon
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Bernadotlar Kateqoriya:İsveç şahzadələri Kateqoriya:İsveç şəxsləri Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Stokholm şəxsləri