Raqnild Aleksandra Lorensen (; ) — Norveç kralı V Olafın qızı, Norveç şahzadəsi.

9 iyun 1930-cu ildə Oslo Kral sarayında dünyaya gəldi. Atası Norveç kralı VII Haakonun oğlu vəliəhd-şahzadə Olaf, anası isə İsveç kralı II Oskarın nəvəsi şahzadə Martadır. Norveç torpaqlarında 629 il sonra dünyaya gələn ilk şahzadə oldu. 27 iyunda vəftiz edildi və atasının valideynləri VII Haakon və Kraliça Maud, anasının valideynləri şahzadə Karl və şahzadə İngeborq, anasının əmisi İsveç kralı V Qustav, xalası şahzadə Marqarita, atasının dayısı oğlu Uels şahzadəsi Albert və atasının xalası şahzadə Viktoriya onun vəftiz valideynləri oldu. Vəliəhd-şahzadənin ən böyük övladı olmasına baxmayaraq, Norveçdəki Salik qanunları səbəbilə taxt hüququ yox idi. Buna baxmayaraq qardaşı şahzadə Haraldın doğulduğu 1937-ci ilədək taxt varisi olaraq görülürdü. Hətta 1932-ci ildə bacısı Astridin doğulmasından sonra parlament qanundakı bu dəyişikliklə bağlı fəaliyyətə başladı. Ancaq qardaşı şahzadə Haraldın dünyaya gəlişiylə bu hazırlıqlar yarım qaldı.

İlk uşaqlıq illəri Oslo yaxınlığındakı monarxial iqamətgahda keçsə də, İkinci Dünya müharibəsinin başlaması və Norveçin işğalından sonra ailəsiylə birgə sürgünə getməyə məcbur oldu. Anası və bacı-qardaşlarıyla birgə öncə İsveçə, ardından isə müharibənin sonunadək qaldığı ABŞ-a yollandılar. Müharibənin ardından Norveçə döndülər və burada qızlar məktəbində təhsil aldı. 1948-ci ildə məzun oldu və ardından Lozanna Universitetində 2 illik təhsil aldı.

15 may 1953-cü ildə Norveç əsilli tacir Erlinq Lorensenlə evləndi. Lorensen müharibədən qısa müddət sonra onun mühafizəçisi kimi xidmət etmiş keçmiş ordu zabiti idi. Toy mərasiminin ardından Rio-de-Janeyroda məskunlaşan cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Haakon Lorensen (23 avqust 1954-), 1982-ci ildə Marta Karvalho de Feritasla evləndi və 3 övladı var. İngeborq Lorensen (27 fevral 1957-), 1982-ci ildə Paulo Sezar Ribeiro Filho ilə evləndi və 1 qızı var. Raqnild Aleksandra Lorensen (8 may 1968-), 2003-cü ildə Aaron Matvey Lonqla evləndi və 2 qızı var.

1954-cü ildə anası vəliəhd-şahzadə Marta uzun çəkən xəstəliyin ardından vəfat etdi. Babası VII Haakonun vəfatının ardından 1957-ci ildə atası V Olaf taxta çıxdı. Evləndikdən sonra daha çox ailəsiylə vaxt keçirsə də, bir çox monarxial və dövlət tədbirlərində iştirak etdi. 1952 Oslo Qış Olimpiya Oyunlarının açılışı, babası VII Haakonun 1957-ci ildəki cənazə mərasimi, atası V Olafın 1991-ci ildəki cənazə mərasimi bunlardan sadəcə bir neçəsidir.

Olduqca mühafizəkar təbiətli olan şahzadə Raqnild 2004-cü ildə qardaşı V Haraldın övladları şahzadə Marta Luiza və vəliəhd-şahzadə Haakonun evliliklərindən narazı olduğunu açıq şəkildə bildirdi.

1995-ci ildə "Kralın qızı olaraq həyatım" () adıyla öz xatirələrini yazdı.

16 sentyabr 2012-ci ildə Rio-de-Janeyrodakı evində ağciyər xərçəngi səbəbilə vəfat etdi. Cənazəsi 24 sentyabrda Osloya gətirildi və burada qardaşı V Harald və bacısı şahzadə Astrid tərəfindən qarşılandı. 4 gün sonra keçirilən cənazə mərasiminin ardından cənazəsi yandırıldı və küllləri Asker kilsəsinin məzarlığına dəfn olundu. Mənsub olduğu Bernadot sülaləsindən İsveç vəliəhd-şahzadəsi Viktoriya cənazə mərasiminə qatıldı.

Qalereya

Mənbə

İstinadlar

Kateqoriya:Norveç şahzadələri