2008-ci il Mumbaya terror hücumları — Hindistanın Mumbay şəhərində 26–29 noyabr 2008-ci il tarixlərində Ləşkəri-Tayyibə (LeT) təşkilatının on silahlı üzvü tərəfindən həyata keçirilmiş silsilə terror aktları.

Hücumlar nəticəsində 166 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmış, doqquz terrorçu isə öldürülmüşdür. Hadisələr Hindistanda 26/11 adı ilə də tanınır.

Hadisələrin gedişi Terrorçular Pakistanın Kəraçi şəhərindən dəniz yolu ilə yola çıxmış, səfər zamanı Hindistana məxsus balıqçı gəmisini ələ keçirmiş və onun heyət üzvlərini öldürmüşdülər. Daha sonra rezin qayıqlarla Mumbayın cənub sahillərinə çataraq kiçik qruplara bölünmüşdülər.

Hücumlar əsasən şəhərin cənub hissəsində yerləşən obyektləri hədəf almışdı. Silahlı basqınlar Çhatrapati Şivaci dəmiryol stansiyası, Leopold kafesi, Taj Mahal Palace Hotel, Oberoy Trident hoteli, Nariman House yəhudi biznes mərkəzi və Cama xəstəxanasında baş vermişdi. Bundan əlavə, taksilərdə yerləşdirilmiş partlayıcı qurğular Mumbayın müxtəlif yerlərində partladılmışdı.

Hindistanın təhlükəsizlik qüvvələri hücumçulara qarşı əməliyyata başlatdı. Əksər obyektlər noyabrın 28-dək nəzarətə götürülsə də, Tac Mahal hotelindəki qarşıdurma davam edirdi. Noyabrın 29-da Milli Təhlükəsizlik Qvardiyasının keçirdiyi Black Tornado əməliyyatı nəticəsində sonuncu hücumçular da öldürülmüş və terror hücumuna son qoyulmuşdu.

İstintaq Hücumçulardan yalnız Acmal Kasab sağ ələ keçirilmişdi. Dindirilmə zamanı o, hücumçuların Ləşkəri-Tayyibə təşkilatının üzvləri olduğunu və əməliyyatın Pakistandan idarə edildiyini bildirmişdi. Sonrakı istintaq zamanı təşkilatın digər üzvlərinin və onlara yardım edən şəxslərin də iştirakı müəyyən edilmişdi.

Hindistan hakimiyyəti hücumların hazırlanmasında Devid Hedli (əsl adı: Davud Sayed Gilani) və Təhəvvür Rananın da rolunu araşdırmışdı. Hedli hücumlarla əlaqəli ittihamları qəbul edərək 2013-cü ildə ABŞ-də 35 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Kasab 2010-cu ildə ölüm cəzasına məhkum edilmiş, hökm Hindistanın yuxarı instansiya məhkəmələri tərəfindən təsdiqlənmişdir. O, 21 noyabr 2012-ci ildə Pune şəhərindəki Yeravda həbsxanasında edam edilmişdir.

Nəticələri Hücumlar Hindistanın təhlükəsizlik sistemində ciddi dəyişikliklərə səbəb olmuşdur. Ölkədə terrorizmlə mübarizə qanunvericiliyi gücləndirilmiş, Milli Təhqiqat Agentliyi yaradılmış, Mumbayda sahil təhlükəsizliyinin və polis qüvvələrinin imkanlarının artırılması istiqamətində tədbirlər görülmüşdür.

Hadisələr Hindistan və Pakistan arasında münasibətlərin daha da gərginləşməsinə, iki ölkə arasında sülh danışıqlarının dayandırılmasına səbəb olmuşdur.

İstinadlar

Kateqoriya:2008-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:26 noyabrdakı hadisələr Kateqoriya:Hindistan–Pakistan münasibətləri Kateqoriya:Hindistandakı hadisələr Kateqoriya:Mumbay