Bağışlanma — günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama.Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Şərq-Qərb, Bakı 2006. "Əfv", səh. 66 Dünya dinlərində bağışlanma fəlsəfəsi mühüm yer tutur. Monoteist dinlərdə insanların bir-birini bağışlaması və Allah tərəfindən bağışlanması haqqında müxtəlif fikirlər mövcuddur.

İudaizmdə bağışlanma Tövratda insanın günaha batması qarşısında Allah Özünü bağışlayan Allah olaraq tanıdır. Musa Peyğəmbər dönə-dönə sədaqətsiz olub günah edən İsrail xalqına mərhəmət göstərməsi üçün Allaha yalvarırdı. Allah ona belə cavab verdi: "Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm".Çıxış Kitabı 34:6–7 Bu səbəbdən Musa cəsarətlə Allaha bu cür dua edə bilirdi: "Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol".Çıxış Kitabı 34:9

Günah edəndən sonra Natan peyğəmbər tərəfindən məzəmmətlənən Davud Peyğəmbər günahını boynuna alıb özünü mühakimə etdikdə, günahı bağışlandı: Davud Natana dedi: "Mən Rəbbə qarşı günah etdim". Natan Davuda dedi: "Rəbb sənin günahını sildi, ölməyəcəksən".2 Şamuel 12:13 Zəburda həmçinin Allahın rəhmli, səbrli, bağışlayan olduğu təsdiqlənir: "Allah isə rəhmlidir, günahı bağışlayır, günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, hiddətini tamamilə oyanmağa qoymayır".Zəbur 78:38 Peyğəmbərlərin Yazılarında Allahın günahkarın məhv olmasını istəmədiyi, bütün günahlarını bağışlamağa hazır olduğu elan olunur: "Onlara de: "Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram" Xudavənd Rəbb bəyan edir. "Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?"".Yezekel Peyğəmbərin Kitabı 33:10 Əhdi-Ətiqdə Allah övladlarını sevən və bağışlayan ataya bənzədilir: "Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir… Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir".Zəbur 103:3, 8–13 Allah bağışlamağı sevəndir: "Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin".Nehemya Kitabı 9:17 Allah günahkarın özünü alçaldıb tövbə etməyini istəyər, tövbə edənə rəhm edər: "Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi".Yunus Peyğəmbərin Kitabı 3:10

Mişnada təyin olunmuş bir adətə görə yəhudilər Kəffarə günündən (Yom-Küpür) əvvəl bir-birindən üzr istəyib bir-birini bağışlayırlar.Mişna. Yoma 8:9 İncidən tərəf inciyən tərəfdən üzr istəyəndən sonra dərhal bağışlanmırsa, üç dəfə onun yanına getməlidir. Bu iş bir neçə şahid qarşısında edilməlidir – on nəfər olsa yaxşıdır.Mişna. Yoma 85b, 87а İnciyən tərəf incidəni bağışlamırsa, günah etmiş olur; onu "qəddar" (axzari) adlandırırlar və hətta İbrahimin nəslindən olmadığını deyirlər.Betsa 32b İnsanın İbrahim kimi bağışlaması və onu incidənlər üçün dua etməsi tələb olunur.Bax: Yaradılış Kitabı 20:17 Bağışlayan insan Allaha bənzəyir.

Yəhudilərdə hətta vəfat etmiş insanlardan belə üzr istəmək adəti vardır (dəfn mərasimində və Yom-Küpürdə qəbir üstünə gedəndə).

Xristianlıqda bağışlanma Günahların bağışlanması İsa Məsihin Müjdəsinin ən mühüm hissələrindən biridir. Bibliyada günahkar insan Allah qarşısında borclu kimi, bağışlanma da borcunun silinməsi kimi təsvir olunur. Allah günahları aradan götürür.Yeşaya 38:17: "Bütün günahlarımı aradan götürdün" İsa Məsih məsəllərində günahkarın öz "borcunu" ödəməyə imkanı olmadığını öyrədirdi: "Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı".Luka Müjdəsi 7:41–42 "Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin…"Matta Müjdəsi 18:23–25 Məsih "bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla" deyə dua etməyi öyrədirdi.Bax: Matta Müjdəsi 6:9–13; http://az.wikipedia.org/wiki/Atamız Həvarilər və ilk xristianlar tövbəni və günahların bağışlanmasını vəz edirdilər: "Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir".Luka Müjdəsi 24:47 "Peter onlara cavab verdi: "Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız "".Həvarilərin İşləri 2:38 Әhdi-Cәdidə görә, İsa Mәsih günahkarların bağışlanmaları üçün dua edirdi: "İsa deyirdi: "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər""Luka Müjdәsi 23:34; qanını tökürdü: "bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır""Matta Müjdәsi 26:28. Allahın qulu olaraq O, bir çoxlarının günahlarını Öz üzәrinә götürәrәk onlara bәraәt qazandırır: "O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı".Yeşaya Peyğәmbәrin Kitabı 53:11–12 "O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız".1 Peter 2:24 "Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin".Mark Müjdәsi 10:45 İsa Mәsih dünyanı xilas etmәk üçün günahı aradan götürәn Allahın qurbanlıq Quzusu vәzifәsini yerinә yetirmişdir: "Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: "Dünyanın günahını aradan götürən Allah Quzusu budur!"Yәhya Müjdәsi 1:29 Onun qanı möminlәri günahlarından yuyub tәmizlәyir: "Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir".1Yәhya 1:7 "Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin".Vәhy Kitabı 1:5 Göydə və yer üzündə bütün səlahiyyətә malik olanBax:Matta Müjdәsi 28:18 Mәsih Öz hәvarilәrinə günahları bağışlamaq sәlahiyyәtini verir: "Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır".Yәhya Müjdәsi 20:23 Hәvarilәr günahların bağışlanmasını vәz edirlәr.Bax, mәsәlәn, Hәvarilәrin İşlәri 2:38; 5:31; 10:43; 13:38; 26:18 Bununla belә, bağışlanmaq üçün günahları bir-birinә etiraf etmәyin әhәmiyyәti dә qeyd edilir: "Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir".Yaqubun Mәktubu 5:14–16 İsa Məsihin təliminə görə, Allahın insanı bağışlaması üçün insan da onu incidənləri bağışlamalıdır. İnsafsız qul məsəli (Matta Müjdəsi 18:21–35) bu həqiqəti nümayiş etdirir. Məsihin öyrətdiyi duada (Ey göylərdə olan Atamız) "bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla"Matta Müjdəsi 6:12 sözləri də bu zərurəti təsdiq edir.

İsa mərhəmətli Allahdan nümunə alaraq bütün insanlara qarşı mərhəmətli və xeyirxah olmağı öyrədir: "Çünki O (Allah), nankörlara və pis adamlara da xeyirxahdır".Bax: Luka Müjdəsi 6:35 İsa Özü çarmıxa çəkiləndə "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər""Luka Müjdәsi 23:34 deyə Onu öldürənlərə görə dua edirdi; ilk xristian şəhidi Stefan da daşqalaq edilərkən onu öldürən yəhudilərə görə "Ya Rəbb, bunu onlara günah sayma" deyə yalvarırdı.Həvarilərin İşləri 7:60 İncil möminlərə Məsihdən nümunə alaraq hər kəsi bağışlamağı və bu yolla pisliyə yaxşılıqla qalib gəlməyi əmr edir: "Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın".Kolosselilərə Məktub 3:13 "Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın".Efeslilərə Məktub 4:32 "Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl".Romalılara Məktub 12:21

İslamda bağışlanma İslamda bağışlamaq Allahın sifətlərindən biridir. Allah-Taala qiyamət günündə insanlara Ona şərik qoşma günahından başqa hər günahı bağışlaya bilər: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur".Nisa surəsi, ayə 48 Tövbə edənin bağışlanma ehtimalı daha böyükdür: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsinş".Təhrim surəsi, ayə 8

Allahın ən gözəl adlarından (Əsmayi-hüsna) biri Əl-Qaffardır. Bu adın mənası "Daim əfv edən, bütün günahları örtən"dir. Buna bənzər başqa bir adı Əl-Əfuvdur. Bu adın mənası "çox bağışlayan, əfv edən"dir. Əl-Əfuv adı Əl-Qaffar adına nisbətən daha geniş məna verir, çünki Əl-Qaffar günahı örtər, Əl-Əfuv isə silər, aradan qaldırar. "Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir (Əl-Əfuv), Bağışlayandır (Əl-Qaffar)".Nisa surəsi, ayə 99

Əfv etmək səlahiyyəti Rəbbin əlindədir. O, istədiyinə əzab verər, istədiyini də bağışlayar.Bax: Maidə surəsi, ayə 40 "Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür".Fatir surəsi, ayə 45

Qurani Kərimdə insanın onu incidənləri bağışlaması məsləhət görülür.Bax: Maidə surəsi, ayə 13 Məhəmməd Peyğəmbər demişdir: "Allah-Taala bağışlayan bir qulun izzətini və şərəfini artırar".İmam Ahmed b. Hanbel, el-Müsned, c. II, sh. 386

Ancaq günah edənlərin pis işlərinin bağışlandığı təqdirdə xalqa pis nümunə olacağı sübut olunsa, müsəlman rəhbərləri bu cür işləri bağışlamamalıdırlar. Qisas alma olayları isə adətən incidən ilə inciyənin şəxsi işi sayılır. İnciyən istəsə, bağışlayar. Belə halda Allah haqsızlığa məruz qalan tərəfi onu incidəni bağışladığına görə mükafatlandırar: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir".Şura surəsi, ayə 40 Haqsızlığa məruz qalan tərəfin ona haqsızlıq edəni bağışlaması təqvaya yaxındır: "Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür".Bəqərə surəsi, ayə 237

Quran Məhəmməd Peyğəmbərə də bağışlayan olmasını məsləhət görür: