Hacızadə Elşən Mahmud oğlu () — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının üzvü, Beynəlxalq Menecment Akademiyasının üzvü, Beynəlxalq Nəqliyyat Akademiyasının üzvü, Asiya Elmlər Akademiyasının üzvü,http://www.aa-sc.com/members https://www.aa-sc.com/members/ Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü. Beynəlxalq İnformasiya Nobel Mərkəzinin assosiativ üzvü.

Həyatı 1961-ci il avqustun 9-da Siyəzən şəhərində anadan olmuşdur.

1982-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.

1982–1997-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksində (ARDNŞ-nin H. Z. Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

1997–2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini) tutmuşdur.

2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.

2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.

II dərəcəli dövlət müşaviridir.

Elmi və pedaqoji fəaliyyət

Elmi dərəcə və adları 1. İqtisad elmləri namizədi — 1998-ci il.

Mövzu: "Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri."

İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye).

2. İqtisad elmləri doktoru — 2005-ci il.

Mövzu: "Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri."

İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).

3. Dosent — 2010-cu il.

İxtisas nomenklaturası: Xalq təsərrüfatının iqtisadiyyəti və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).

Diplom: DS№ 03505. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 17-K 20.04.2010).

4. Professor — 2013-cü il.

İxtisas sahəsi: Beynəlxalq İqtisadi münasibətlər kafedrası üzrə.

Diplom PR№ 01291. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 15.11.2013).

Elmi yaradıcılığı və pedaqoji fəaliyyəti 239 elmi əsər (381,0 ç.v.), o cümlədən, 10 monoqrafiya, 1 dərslik, 3 tədris proqramı, 5 metodik göstəriş, 1 metodik tövsiyə, 1 biblioqrafik məcmüə, 8 braşur, 30-dək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir. Xarici dövlətlərdə keçirilən beynəlxalq konfrans, simpozium və konqreslərdə elmi məruzələrlə çıxış etmiş, 30-dan çox əsəri bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur. 1997–2010-cu illərdə "Təfəkkür" Universitetində müəllim, 2010–2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Beynəlxalq iqtisadi münasibətlər" və "Beynəlxalq iqtisadiyyat" kafedralarında professor vəzifəsində işləmişdir. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.

Elmi fəaliyyətinin istiqaməti Energetika; Sənaye və nəqliyyat; Yüksək texnologiyalar; Dünya iqtisadiyyatı; Təhsilin inkişafı problemləri; Ensiklopediya və iqtisadiyyat terminləri lüğətləri. Sosial-iqtisadi inkişaf, Əhalinin həyat səviyyəsi, Regionların inkişafı, Rəqəmsal iqtisadiyyat

Milli yanacaq-enerji kompleksinin modernizasiyası problemləri ilə bağlı konseptual tədqiqatların müəllifidir. "Sosiallaşan iqtisadiyyat", "Nobel iqtisadiyyatı" kimi yeni iqtisadi anlayışları elmi dövriyyəyə gətirmişdir.

Yeni konseptual əsaslandırmalar Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat — yeni iqtisadi anlayış), "Nobel iqtisadiyyatı" (yeni iqtisadi anlayış), dünya iqtisadiyyatı, sənaye siyasəti və infrastruktur problemləri, milli regional inkişaf strategiyası (avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, regional klasterlər, biznes inkubatorları), enerji təhlükəsizliyi və milli enerji strategiyası, Yanacaq Enerji Kompleksinin modernizasiyası problemləri, Azərbaycan neft sənayesində oliqopoliya modeli, karbohidrogen resurslarının nüvə potensialına çevrilməsi alternativliyi, yüksək texnologiyalar, informasiya iqtisadiyyatı, nanotexnologiyalar, şəhər ictimai nəqliyyatının inkişafı problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, TRACECA, Bakı-Tbilisi-Qars dəmiryol xətti, Xəzər-Fars dəhlizi — geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə nəqliyyat su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası, Türkdilli ərazilərdə, Cənubi Qafqaz və Xəzər hövzəsi regionlarında iqtisadi potensialın qiymətləndirilməsi.

Monoqrafiyalar Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri. Bakı: Elm, 1998, 144 s., 9,0 ç.v., sayı 300., Elmi redaktor: akademik Z. Səmədzadə. Monoqrafiyada quruda neftqazçıxarma istehsalının dinamikası, inkişaf mərhələləri və meyilləri yeni baxışlar baxımından təhlil edilmiş, neftqazçıxarma kompleksinin idarə edilməsini təkmilləşdirmək məqsədilə yeni struktur dəyişikliklərinin zəruriliyi elmi cəhətdən əsaslandırılmış, sahənin tələblərinə cavab verən strukturun formalaşdırılması və reallaşdırılmasının iqtisadi mexanizmi təklif olunmuşdur. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s., 22,0 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d., prof. A. A. Ağayeva, T. Ə. Paşayev. Monoqrafiya dünya energetikasının qloballaşma kontekstində təhlili və qiymətləndirilməsinə, bəşəri enerji resurslarının konsolidasiyası problemlərinə və bazar münasibətləri şəraitində Azərbaycanın Yanacaq Enerji Kompleksində dayanıqlı iqtisadi inkişafı şərtləndirən islahatlar prosesinin sürətləndirilməsi, təkmilləşdirilməsi və dərinləşdirilməsinə həsr edilmişdir. Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırılması istiqamətləri. (T. Ə. Paşayevlə müştərək) Bakı: Elm, 2000, 200 s., 12,5 ç.v., sayı 300. Elmi redaktorlar: i.e.d. Ə. X. Nuriyev, i.e.d., prof. A. A. Ağayeva. Monoqrafiyada yeni reallıqlar kontekstində neft-qaz sənayesinin müasir vəziyyəti, inkişaf meyilləri, dayanıqlı inkişafın təmin edilməsinin iqtisadi aspektləri, vergiqoymanın təkmilləşdirilməsi, neft-qaz sənayesində fiskal mexanizmlər və digər bazar təsisatlarının tətbiqi məsələləri tədqiq olunmuşdur. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm, 2001, 186 s., 12,5 ç.v., sayı 350. Elmi redaktor: i.e.d., prof. A. Ş. Şəkərəliyev. Monoqrafiya mövcud reallıqlar və virtual görüntü diapazonunda Azərbaycanın artan təbii qaz potensialının qiymətləndirilməsi, qaz sənayesinin müasir vəziyyəti, inteqrasiya və inkişaf meyilləri, bazar iqtisadiyyatı kontekstində yeni çevik infrastrukturun formalaşdırılması, böyük texniki-iqtisadi dövriyyədə təbii qazın qlobal və lokal perspektiv imkanlarının təhlil və tədqiqinə həsr edilmişdir. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm, 2002, 472 s., 29,5 ç.v., sayı 500. Elmi redaktor: akademik Ə. M. Abbasov. Monoqrafiyanın leytmotivini dərinləşən bazar münasibətləri sferasında Azərbaycanın quru ərazilərində təşəkkül tapan neftqazçıxarma sənayesinin ümumi iqtisadi problemlərinin tədqiqi, istehsal artımının təmin edilməsində sahəvi kompleksin yeni iqtisadi modelinin işlənməsi, aparılan islahatların təkmilləşdirilməsi ifadə edir. Tədqiqat işində, həmçinin, genetik təhlil əsasında istehsalın dinamik inkişaf meyillərinin araşdırılması, sistemli yanaşma kontekstində struktur islahatlarının və idarəetmənin yeni strategiyasının işlənməsi, kompleksin iqtisadi modernizasiyası problemlərinin həllində, səmərəli fəaliyyətin təşkilində mütərəqqi bazar mexanizmlərindən, iqtisadi texnologiyalardan istifadə də əksini tapmışdır. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. (Z. S. Abdullayevlə müştərək) Bakı: Elm, 2003, 511 s., 32 ç.v., sayı 300. Elmi redaktor: AMEA-nın müxbir üzvü A. F. Musayev. Monoqrafiyada dünya və Azərbaycan neft sənayesinin texniki-iqtisadi strukturu və tərəqqi meyilləri kontekstində səmərəli təsərrüfat quruculuğunun dinamik inkişaf amilləri, milli neft strategiyasının sosial-iqtisadi aspektləri, sahəvi sferada islahatların təkmilləşməsi, dövlət tənzimlənməsi, idarəetmə konsepsiyası və istehsalın rasional təşkili problemləri sistemli və situasiyalı yanaşma diapazonunda tədqiq və təhlil edilmiş, verifikasiya prinsiplərinə müvafiq olaraq neft-qaz sektorunun iqtisadi strukturunun modernizasiyasının alternativ bazar mexanizmlərinin prioritetləri təqdim olunmuşdur. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s., 32,0 ç.v., sayı 300. Elmi redaktor: akademik Z. Ə. Səmədzadə. Monoqrafiyada iqtisadiyyatın sosiallaşmasına açılan sivilizasiya vektorunun tarixi-fəlsəfi rakursda interpretasiyası, sosiumun davamlı inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik ifadədə əksini tapmışdır. Sosiallaşan iqtisadiyyatı bərqərar edərək onu tam vahid bütövə çevirən qaynaq elementləri: ictimai-iqtisadi yaranışlar, demoqrafik təbəddülatlar, optimal məsrəflər, sosial təminatlar, lokal təsərrüfatçılıq, regional və qlobal inteqrasiya çevrəsi, iqtisadiyyatın energetik və resurs təchizatı, açıq icma və vətəndaş cəmiyyəti quruculuğu, İslamın perspektiv iqtisadi reallıqları elmi-tədqiqat araşdırmasının ana xəttini təşkil edir. Regionların sosial-iqtisadi inkişaf problemləri (Şəki-Zaqatala regionunun timsalında). (Ə. S. Qasımov, H. A. İsrafilov, E. A. Ağayevlə müştərək) ADİU-nun Elmi Şurasının qərarı ilə çap edilmişdir. Bakı: "İqtisad Universiteti nəşriyyatı", 2006, 304 s., 19,0 ç.v., sayı 500. Elmi məsləhətçi: i.e.d., prof. Ş. H. Hacıyev. Elmi redaktor: akademik A. A. Nadirov. Monoqrafiyanın məzmununu Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunda sosial-iqtisadi inkişaf məsələlərinin kompleks təhlili ehtiva edir. Monoqrafiya Şəki-Zaqatala regionunda fəaliyyət göstərən dövlət icra hakimiyyəti və yerli özünüidarəetmə strukturlarında çalışan işçilərə elmi-metodiki və elmi-praktiki köməklik göstərilməsi məqsədilə yazılmışdır. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. (E. R. Bağırzadə ilə müştərək). Bakı, Elm, 2011, 128 s., 8.0 ç., sayı 500. Elmi redaktor: AMEA akademiki Z. Ə. Səmədzadə. Aparıcı qlobal reytinq təşkilatlarının hesabatları, milli statistik mənbələr və müəlliflərin təhlili şərhləri əsasında hazırlanmış bu kitabda Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi başlıca kəmiyyət və keyfiyyət göstəriciləri üzrə təqdim olunur. Alternativ statistik məzmunu ilə orijinal səciyyə daşıyan bu kitab Azərbaycanda bu strukturda hazırlanmış ilk nəşr olmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.