Taisiya Lvovna Bekbulatova (; ) — Rusiyalı jurnalist, mediamenecer və feminist. 2019-cu ildə özünün müstəqil onlayn jurnalı olan və müxtəlif mükafatlar qazanmış "Xolod" (Holod Media) nəşrini təsis edib. Qadınlar üçün "Kosa" onlayn nəşrinin təsisçisidir. 2020-ci ildə İvan Safronovla eyni gündə həbs edilib. Rusiyada "xarici agent" elan olunub və ölkədə "saxta xəbərlər" haqqında qanun qüvvəyə mindikdən sonra həm özü, həm də jurnalist həmkarları Rusiyanı tərk edərək fəaliyyətlərini xaricdən davam etdirib. 2022-ci ildə BBC-nin "İlin 100 Qadını" siyahısına daxil edilib. Həyatı Taisiya Bekbulatova Moskva Dövlət Universitetində jurnalistika təhsili alıb. Dördüncü kursda oxuyarkən Rusiyanın "Kommersant" qəzetində təcrübə keçib. Jurnalistika professoru Lyudmila Resnyanskaya onu siyasi jurnalist olmağa həvəsləndirib.
2012-ci ildə "Kommersant"ın siyasət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. 2017-ci ildə "Meduza" onlayn nəşrinin xüsusi müxbiri olub və 2019-cu ilə qədər orada həm siyasi, həm də qeyri-siyasi mövzularda yazılar yazıb, redaktə işləri ilə məşğul olub.
2019-cu ildə özünün "Xolod Media" onlayn jurnalını təsis edib. Nəşrin ilk böyük materialı onun üç ay davam edən araşdırması — ələ keçməkdən yayına bilən bir seriyalı qatil və zorakı haqqında olub. Xakasiyanın uzaq regionu olan Abakandan olan taksi sürücüsü Dmitri Lebed bir neçə dəfə həbs edilsə də, sonradan cinayətlərini davam etdirmək üçün sərbəst buraxılıb. Onun hücumlarından sağ çıxan qadınlar isə polis tərəfindən geri qaytarılıb və ədalət axtarışında maneələrlə qarşılaşıblar. 2019-cu ilin avqustunda dərc olunan "Askizə gedən yol" hekayəsi "Xolod"un "Redkollegiya"dan ilk mükafatını qazanmasına səbəb olub. Tezliklə o, ətrafına digər jurnalistlərdən ibarət komanda toplayıb.
2020-ci ilin iyul ayında İvan Safronovun işini araşdıran Rusiya rəsmiləri Bekbulatovanın evində axtarış aparıb. Safronov vətənə xəyanətdə şübhəli bilinərək elə həmin gün həbs edilib. Bekbulatova dindirilməyə aparılarkən vəkili Nikolay Vasilyevin orada iştirakına icazə verilməyib. 2021-ci ilin sonunda Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" siyahısına salınıb və Tbilisiyə köçüb.
Onun jurnalı Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi haqqında xəbərlər dərc edib. 2022-ci ildə Rusiya dövləti "saxta" xəbərlərin yayılmasını qadağan edən yeni qanunlar qəbul etdikdən sonra onun jurnalistləri 15 ilə qədər həbs təhlükəsi ilə üzləşib. Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, jurnalistlər senzuradan qaçmaq üçün kütləvi şəkildə ölkəni tərk edirlər. Bekbulatova təxminən 150 jurnalistin, o cümlədən öz komandasının 12 üzvünün artıq ölkədən getdiyini qeyd edib. O, Rusiyada qalan jurnalistlərin təhlükəsizliyini qorumaq üçün onlarla əlaqəni kəsdiklərini bildirib.
2022-ci ildə BBC onu digər iki rusiyalı qadınla birlikdə "100 Qadın" siyahısına daxil edib. BBC buna səbəb kimi onun qadın hüquqlarını və Ukraynaya müdaxiləni işıqlandırmasını göstərib. O, məşhur çıxışında belə deyib: "...Və adətən ilk yoxa çıxan məhz qadın hüquqları olur."
2023-cü ildə qadınların diskriminasiyası və qadın hüquqları ilə bağlı vəziyyətə xüsusi diqqət yetirən "Kosa" adlı qadın internet nəşrini yaradıb. 2023-cü ilin noyabrında isə "Redkollegiya" mükafatının münsiflər heyətinə daxil olub.
Baxışları Taisiya Bekbulatova feminizmi dəstəkləyir, lakin aktivist deyil. O, belə hesab edir ki, bir jurnalist kimi özünə aktivist olmağı rəva görə bilməz.
Mükafatları 2019-cu ilin avqust ayında "Askizə gedən yol" məqaləsinə görə hər ay təqdim olunan "Redkollegiya" jurnalistika mükafatının laureatı olub.
2022-ci ildə BBC-nin versiyasına görə dünyanın 100 ilhamverici və ən nüfuzlu qadını reytinqinə daxil edilib. O, Alla Puqaçova və Aleksandra Skoçilenko ilə birlikdə bu siyahıda yer alan üç rusiyalı qadından biri olub. İstinadlar
Xarici keçidlər Таисия Бекбулатова на сайте газеты «:ru:Коммерсантъ» Таисия Бекбулатова на сайте издания «Холод»
Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər