Vilhelm Eytel Fridrix Kristian Karl (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, Hohensollern şahzadəsi.
Həyatı 7 iyul 1883-cü ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası şahzadə Vilhelm Prussiya kralı və Alman imperatoru I Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrixin oğlu, anası Avqusta Viktoriya isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı idi. Doğulduğu əsnada atasının babası hələ taxtda idi və babası, atası və böyük qardaşından sonra taxt sıralamasında dördüncü yerdə idi.
5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. Həm ulu babası I Vilhelmin, həm də babası III Fridrixin vəfat etdiyi 1888-ci ildə atası II Vilhelm adıyla taxta çıxdı. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı. 1902-ci ildə qızılca xəstəliyi keçirdi və sağlamlığına çətinliklə qovuşdu. 1904-cü ildə Bonn Universitetindən məzun oldu.
27 fevral 1906-cı ildə Berlində Böyük Oldenburq hersoqu II Fridrix Avqustun qızı Sofiya Şarlotta ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı 1926-cı ildə boşandılar.
Əslində hərbi təcrübəsi çox deyildi, buna baxmayaraq Birinci Dünya müharibəsinin başlamasının ardından cəbhəyə yollandı. İlk başda yaralansa da, dərhal cəbhəyə geri döndü və bu dəfə şərq cəbhəsində vuruşdu.
1918 Alman inqilabının ardından atası II Vilhelmlə birgə böyük qardaşı vəliəhd-şahzadə Vilhelm taxtdan əl çəkmələriylə bağlı sənədə imzalamağa məcbur oldu və sürgünə getdilər. Eytel Fridrix isə Potsdamda qalmağa davam etdi. Veymar Respublikası dövründə müxtəlif veteran təşkilatlarına üzv oldu.
Böyük qardaşı sabiq vəliəhd-şahzadə Vilhemin əksinə Adolf Hitlerin ən gcülü müxaliflərindən biri idi. İkinci Dünya müharibəsinin başlamasının ardından təcrübəli hərbçi olmasına baxmayaraq, müharibəyə çağırılmadı. 1942-ci ildə Potsdamda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Louis Ferdinand Freiherr von Massenbach: Die Hohenzollern einst und jetzt. 25. Auflage. Verlag Tradition und Leben, Bonn 2013, ISBN 978-3-9800373-0-3, S. 119–120. Wolfgang Stribrny: Der Johanniterorden zwischen den zwei Weltkriegen. In: Ders: Der Johanniter-Orden und das Haus Hohenzollern (= Schriftenreihe der hessischen Genossenschaft des Johanniterordens. Bd. 24). Johanniter-Ordenshaus, Nieder-Weisel 2004. Hans Friedrich von Ehrenkrook, Jürgen von Flotow: Genealogisches Handbuch der Fürstlichen Häuser, Band I, Band 1 der Gesamtreihe GHdA, I. Abt. C. A. Starke, Glücksburg/Ostsee 1951, S. 117–119. Gothaisches Genealogisches Taschenbuch der Fürstlichen Häuser. (Hofkalender) 1942. Jg. 179, Justus Perthes, Gotha 1941, S. 80. (google.de, Digitalisat)
İstinadlar
Kateqoriya:Almaniya monarxistləri Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:Malta cəngavərləri Kateqoriya:II Vilhelm